Mən də "İlahi Komediya"nı yaşayacaq...
Bu yazıya təcrübələrimdən bəhs etməklə başlamaq istəmirəm. Sadəcə sizdən özünüzə bu sual verməyinizi istəyəcəyəm. Dostlar, siz yaşayırsınızmı? Başqa dillə desək, Bu yaşayışdırmı?
Ətrafımdakı insanlara baxıram, əksəriyyət depressiyadadır. Məncə, bunun səbəbi pessimist olmaqdan çox yaşayış tərzlərinin insan ruhu və anatomiyasına (fizikasına, bədəninə) uyğun olmaması ilə bağlıdır.
İnsan hər günmü ağlayar? Depressiya ilin 12 ayımı mövcud olar?
Bəs xoşbəxt olmaq? Həqiqətən, nə dərəcədə mümkündür?
"Necə edəcəm?" düşüncəsi olmadan keçirdiyiniz bir gün belə varmı, necə etməli olduğunuzu düşünmədiyiniz? Necə edəcəyinizi düşünməyin, demirəm əsla, insanın istədiyi o zirvəyə çata bilməsi üçün bu sualı verməsi önəmlidir. Mənim nəzərdə tutduğum isə başqa mövzudur, daha çox bu ifadənin fərqli anlamıdır. Omonim kimi düşünün. Məsələn, frazeoloji birləşmələrdəki omonimlik kimi.
"Can vermək" frazeoloji birləşməsinə diqqət yetirmənizi istəyirəm. Necə ki Günəş insanlara, bitkilərə can verir, eyni zamanda da canını ala bilir, insan da buna bənzər şəkildə həm nə edəcəyini düşünərək özünə can verir, həm də daim yeniliklər axtarışındadır. Eyni zamanda da bəzən bu düşüncələr içərisində boğulur, problemlər içində qalır. Əgər söhbət həll yolu gec olan problemlərdən gedirsə, bu halda mən, sadəcə inancınız hər nəysə o inanca uyğun sizə səbr diləyə bilərəm. Məsələn, İslamda "Allah sizə səbr versin", yaxud Xristianlıqda "Uca İsa sizi hifz etsin" deyilir.
Niyəmi məhz bu mövzu ətrafında dolanıram?
Təxmin edildiyini düşündüyüm kimi mən də o düşüncələr arasında qalanlardanam. Özümü siqaret çəkən insanlar kimi hiss edirəm. Boğulurmuş kimi, nəfəsim boğazımda düyünlənmiş kimi.. Saatbasaat ölüb dirilirmiş kimi.. Yorğunluq təsir edəndə yıxılırmış kimi..
Axı mən ən ucuzundan siqaretə başlamaq istəmirəm, onda niyə belədir bu yaşam?
Lakin, xeyr, mən bilirəm, Dantenin " İlahi Komediya" əsərində olduğu kimi bir gün mən də əsərdə yolunu tapmağa çalışan adam kimi səbrsiz olsam belə yolumu tapacağam. Həmçinin o illərdə komediyanın şən əsər deyil, bədbin başlayıb xoş sonluqla bitdiyi kimi mən də öz həyat hekayəmin xoş sonluğunu yazacağam. Ən azından bunun üçün çalışacağam.
Nəzərə alsaq ki, inanmaq bacarmağın yarısıdır, indidən demək istəyirəm: "Mən bunu bacarmışam!"
Mən də "İlahi Komediya"nı yaşayacaq və su yolunu tapdığı kimi öz yolumu tapacağam.
Aydan Qasımova
