"Mən səni almışam, oğlumun nökəri olasan"
Ölkələr üzrə qadın, uşaq hüquqlarından söz açılsa da, bunun üçün qanunlar qəbul edilib, tədbirlər görülsə də, təəssüflər olsun ki, qadınları "əşya" kimi görüb, uşaqlarına isə sahib çıxmayanların sayı getdikcə çoxalır. Oğullarına həyat yoldaşları "ana" kimi qulluq etsin deyə evləndirən, uşaqlarına isə sanki onlar dünyaya gətirməyib, onların deyilmiş kimi həm fiziki, həm də psixoloji şiddət göstərən ailələrin sayı az deyil.
Bunun üçün dövlət tərəfindən yaradılmış təşkilatlara istər sosial mediadan, istərsə də canlı olaraq problemlərini bildirən insanların sayı artmaqdadır. Bununla yanaşı maddi çətinlik çəkən, qeyri-rəsmi nikahdan dolayı uşaqlarına tək baxmalı olan qadınlar da bu təşkilatlara müraciət edir. Bəs bu qədər maddi köməyi kimlər qarşılayır? Ümumiyyətlə, bir ayda bu kimi problemlərdən dolayı neçə nəfər kömək istəyir?
Bu suallara Azərbaycan Uşaq Birliyinin sədri Kəmalə Ağazadə aydınlıq gətirib. Kəmalə xanım deyir ki, gender bərabərliyin olmasına baxmayaraq, bu problemlər hər bir ölkədə var. O, müraciətlərin sosial şəbəkələrdən, qaynar xətlərdən edildiyini deyərək, hər ay 70-100 arası uşaq və qadınların müraciət etdiyini bildib: "Müraciətlərin səbəbləri arasında mənəvi zorakılıq, qeyri-rəsmi nikahda olma səbəbindən dolayı sosial problemler, fiziki şiddət, psixoloji basqılar yer alır. Uğursuzluqla nəticələnən evliliklərin səbəbi "mən səni almışam, oğlumun nökəri olasan", "gəlin evin süpürgəsidir, haraya qoysam, orada qalacaq" düşüncəsi ilə qadınlara dəyər verməyib, sırf ev işləri üçün istifadə edən ailələrdir. Əlbəttə, ana, atasının da arasındaki sevgini, hörməti görməyən uşaqlar da mənəvi sarsıntı keçirir. Bu mənəvi "dəyərlərimiz"-in ən çox müzakirə olunduğu yer də sosial platformalardır".
Kəmalə Ağazadə bildirir ki, hətta müraciətlərin arasında, "Sizdə 18 yaşı tamam olmuş qız varsa, əlil oğlum üçün almaq istəyirəm" deyənlər də olub: "Buradan bilinir ki, dünyanı hələ də dərk etməmiş birini "gəlin" olaraq, evə gətirmək, nökər etməkdən başqa bir şey deyil. Bunun özü birbaşa mənəvi basqıdır. Atalıq etməkdən imtina edərək, "o mənim uşağım deyil, mən bilmirəm onu kimdən dünyaya gətirib" deyən "atalar" da var".
Kəmalə xanım qadınlara tövsiyə edir ki, hisslərə qapılmasınlar, məntiqlə düşünsünlər:
Ailələrdə olan xoşagəlməz münaqişələrdən, çətinliklərdən uşaqlar sarsıntı görməsin deyə nə etmək lazımdır?
Qoyduğumuz bu problemin həllini ailə modeli qurmaqda, əsl ailə olmaqda görən müsahibimiz deyir ki, valideynlər övladlarını gələcəkdə bu kimi problemlərlə üz-üzə qoymamaq üçün əvvəlcədən planlaşdırmalıdırlar: "Bunların hamısı ailədən irəli gəlir. Gənclərə uşaqlıqdan sevgi necə göstərilir, həyat yoldaşına necə davranmaq lazımdır və s.bunları aşılayan ailə olmalıdır".
Müsahibimizin sözündən aydın olur ki, şiddət görən də, şiddət göstərəcək. Bunu psixoloqlar da təsdiq edir. Maddi yardıma gəldikdə isə buna köməyi xeyriyyəçi insanların, şirkətlərin, hətta bəzi insanların fərdi qaydada yardım göstərdiyini öyrəndik. Kəmalə xanım həmçinin, onu da diqqətimizə çatdırdı ki, yardım prosesindən sonra ən çox uşaqlarla işlədikləri üçün uşaqlarla yenidən görüş təşkil edirlər.
Çinarə Muradova
