00:00:00
Yazar
Lalə Qafarova
17.08.2026 22:24 16 2 dəq oxuma
Sosial

"Möcüzəvi arıqlama həbləri" nə qədər təhlükəlidir? - AÇIQLAMA

"Möcüzəvi arıqlama həbləri" nə qədər təhlükəlidir? - AÇIQLAMA

İnternetdə və sosial şəbəkələrdə tez bir zamanda, zəhmətsiz çəki itirməyi vəd edən "möcüzəvi arıqlama həbləri" geniş təbliğ olunur. Lakin tərkibi və təsir mexanizmi dəqiq bilinməyən bu vasitələr insan sağlamlığı üçün ciddi risklər yaradır. Belə məhsulların qəbulu ürək-damar sistemi pozuntularına, hormonal disbalansa və digər ağır fəsadlara yol aça bilər.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlama verən tibb üzrə fəlsəfə doktoru, dosent Fərid Museyibov bildirib ki, son 20 ilin statistikasına əsasən, həm dünyada, həm də ölkəmizdə artıq çəkidən əziyyət çəkən insanların sayı sürətlə artır. Mütəxəssis vurğulayıb ki, piylənmə bir sıra təhlükəli xəstəliklərin yaranmasında əsas faktordur. Artıq çəki nəticəsində yaranan problemlər arasında birinci yeri ürək-qan-damar xəstəlikləri, ikinci yeri onkoloji xəstəliklər, üçüncü yeri isə şəkərli diabet tutur. Eyni zamanda, son dövrlər geniş yayılan sonsuzluğun da ana səbəblərindən biri məhz piylənmədir.


F. Museyibovun sözlərinə görə, tədqiqatlar Azərbaycan əhalisinin təxminən 10 faizinin - bir milyona yaxın vətəndaşın artıq çəki problemindən əziyyət çəkdiyini göstərir. Bir çox insan idman etmədən və asan yolla arıqlamaq üçün aldadıcı vasitələrə müraciət edir. Ay ərzində 15-20 kiloqram çəki itirmək immun sistemini kəskin zəiflədir və orqanizmdə xərçəng hüceyrələrinin, eləcə də yatmış virus mənşəli xəstəliklərin oyanmasına şərait yaradır.

Ekspert bu cür preparatlardan istifadə etməməyi və sağlam üsullara üstünlük verməyi tövsiyə edir. O bildirib ki, insanlar bu tür həblərdən uzaq durmalıdırlar. Ən doğru yol fiziki aktivliyi artırmaq və rasiona fikir verməkdir. Tibbi cəhətdən ay ərzində normada çəki itirmə 2-3 kiloqram hesab olunur.

 

Mehriban Yarıyeva

#baki #azərbaycan #həbləri" #"möcüzəvi #gündəm
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər