"Moda deyil, etiraz: Paris qadınlarının geyim azadlığı mübarizəsi"
XIX əsrdə Parisdə qadınların şalvar geyinməsi qadağan edilsə də, bir çox qadın bu məhdudiyyətə qarşı çıxaraq kişi geyimlərinə üstünlük verib.
1800-cü ildə Parisdə qadınların şalvar geyinməsini qadağan edən qərar qəbul olunub. Bu qadağa qadınların hüquq tələb etdiyi və ictimai-siyasi həyatda daha fəal iştirak etməyə çalışdığı dövrdən sonra tətbiq edilib.
Fransa inqilabı zamanı bir sıra qadınlar kişilərlə birlikdə etiraz aksiyalarında iştirak etmək üçün şalvar geyiniblər. Lakin XIX əsrdə fransız qadınlarından əsasən həyat yoldaşı və ana rolunu qəbul etmələri gözlənilirdi. Onların geyim seçimləri də cəmiyyətin müəyyən etdiyi qaydalarla məhdudlaşdırılırdı.
Buna baxmayaraq, bəzi qadınlar kişi geyimlərini seçərək mövcud qaydalara qarşı çıxıblar. Yazıçı və jurnalist Jorj Sand kişi geyimlərini daha rahat hərəkət etmək, kişilərə məxsus məkanlara daxil olmaq və xərclərini azaltmaq üçün geyinib.
Fransa-Prussiya müharibəsi zamanı Mari-Antuanet Liks könüllü hərbi dəstələrə qoşularaq döyüşlərdə iştirak edib. Arxeoloq Ceyn Dielafua isə həyat yoldaşı ilə birlikdə apardığı səfərlərdən sonra kişi kostyumlarını gündəlik geyiminə çevirib.
Qadınların geyim seçiminə qarşı münasibət dövrün mətbuatında da öz əksini tapıb. Kişi geyimlərinə üstünlük verən qadınlar tez-tez karikaturalarda təsvir olunaraq tənqid və istehza hədəfinə çevriliblər.
Həmin dövrdə velosiped sürmək qadınların şalvar geyinməsinə icazə verilən fəaliyyətlərdən biri olub. Velosiped qadınlar üçün yalnız nəqliyyat vasitəsi deyil, həm də sərbəst hərəkət və azadlıq rəmzinə çevrilib.
Tanınmış rəssam Roza Bonör də kişi geyimində görünən qadınlardan biri olub. O, peşə fəaliyyəti və səfərləri ilə əlaqədar şalvar geyinmək üçün xüsusi icazələr alıb.
BBC-nin təqdim etdiyi fotolarda, həmçinin Matild de Morny və Romen Bruks kimi qadınların fərqli geyim üslubları əks olunub. Materialda həmin dövrdə kişi geyimlərini seçən, lakin tarixdə adı geniş tanınmayan qadınların fotolarına da yer verilib.
Mövzu Parisdəki Palais Galliera Moda Muzeyində təşkil olunan “Özünə məxsus qarderob: XIX əsrdə fərqli qadınlıq anlayışları” adlı sərgidə də işıqlandırılır. Sərgi 26 sentyabr 2026-cı ildən 14 fevral 2027-ci ilədək ziyarətçilərin üzünə açıq olacaq.
Təxminən 500 eksponatın nümayiş olunduğu sərgidə qadın geyimləri, tarixi fotoşəkillər və müxtəlif aksesuarlar vasitəsilə XIX əsrdə qadınların cəmiyyətdəki mövqeyi və geyim azadlığı uğrunda mübarizəsi təqdim edilir.
BBC Xəbər
Ayan Məmmədzadə