MOİK çox iddialıdır - Qurban Qurbanov
Hər iki komanda üçün çox vacib oyundur. Cavab matçında hər iki tərəf də qalib gəlmək istəyir. Rəqib komanda çox iddialı və həvəslidir. Bu bir daha bizi məsuliyyətli olmağa vadar edir.
"İnformator.az" xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Bolqarıstanın MOİK (Sofiya) komandası ilə matçdan öncə təşkil olunan mətbuat konfransında deyib.
“Hər iki komandanı eyni səviyyədə adlandırardım. Hər iki tərəfin də qələbə qazanmaq ehtimalı var. Düşünürəm ki, azarkeşlər baxımlı görüşə şahidlik edəcəklər. Biz isə ən yaxşı oyunlarımızdan birini nümayiş etdirmək istəyirik", - Q.Qurbanov söyləyib.
Qeyd edək ki, komandalar arasında Bakıda keçirilən ilk görüşdə hesab açılmayıb. Cavab oyunu sabah Bakı vaxtı ilə saat 22:00-da Sofiyada başlayacaq.