Monakoda Atletika üzrə çempionat keçirilib
Paralimpiya çempionu Lamiyə Vəliyeva Monakoda keçirilən atletika üzrə Avropanın kiçik ölkələrinin çempionatında növbəti uğuruna imza ataraq iki medal qazanıb. İdmançının həm nəticələri, həm də gələcəklə bağlı ambisiyaları Azərbaycan atletikasının perspektivləri baxımından maraq doğurur.
Mövzu ilə bağlı idman jurnalisti, şərhçi Rövşən Binnətli "İnformator.az"a açıqlamasında deyib ki, adından da göründüyü kimi, Monakoda keçirilən çempionat Avropanın kiçik ölkələrini təmsil edən idmançıların yarışıdır:
" Yəni, qitənin aparıcı atletləri bu yarışda iştirak etmirlər. Buna baxmayaraq, idmançımızın uğuru qiymətləndirilməlidir. Lamiyə Vəliyeva ilə yanaşı, 400 metr məsafəyə qaçışda 3-cü nəticə göstərərək Azərbaycan rekordunu yeniləyən İlahə Quliyevanın, eləcə də nüvəatmada bürünc əldə edən Səkinə Hacızadənin də çıxışı qeyd olunmalıdır. Hesab edirəm ki, bu nəticələr idmançılarımızın özünəinamını gücləndirəcək, həmçinin xanım atletlərimizin bu növə marağının artmasına səbəb olacaq".
Zəhra Möhübbətova