Monalizanın sirli təbəssümü: sənətin, elmin və illüziyanın qovuşduğu nöqtə
"Leonardo da Vinçinin portretdə yaratdığı bu qeyri-adi təsir təsadüfi deyildi,o, dövrünün incəsənətində inqilab edən sfumato (italyancadan "tüstü kimi" və ya "buxarlanmış" deməkdir) texnikasının zirvəsi idi. Da Vinçi tablo üzərində işləyərkən sərt xətlərdən qəti şəkildə imtina edib. Xüsusilə, ağız və göz kənarlarında heç bir dəqiq sərhəd yoxdur. Kölgələr o qədər incə şəkildə bir-birinə qarışdırılıb ki, insan gözü dodaqların bitdiyi nöqtəni dəqiq təyin edə bilmir".
"Harvard Universitetinin görmə qavrayışı üzrə tanınmış mütəxəssisi Marqaret Livinqstonun apardığı tədqiqatlar bu sirrə elmi aydınlıq gətirir. İnsan gözünün iki cür görmə sahəsi var: mərkəzi görmə (birbaşa baxdığımız nöqtə) və periferik görmə (kənarlardan gördüklərimiz). Birbaşa Mona Lizanın dodaqlarına baxdıqda, beyin kölgələrin azlığını və neytral xətti görür və təbəssüm yoxa çıxır. Lakin baxışınızı onun gözlərinə, əllərinə və ya arxa fondakı mənzərəyə yönəltdiyiniz zaman, periferik görmə sahəniz dodaqlardakı kölgələri fərqli qavrayır və təbəssüm dərhal "üzə çıxır". Beynimiz simaları təhlil edərkən sevinc və ya kədər siqnallarını axtarır. Mona Lizanın mimikası elə qurulub ki, beyin onun tam olaraq hansı emosiyanı daşıdığına qərar verə bilmir. Bu da insanda həm sirli, həm də bir qədər narahatedici cazibə yaradır"
"Əsərin əsas modeli hesab edilən Florensiyalı zadəgan xanım Liza Qerardinin həmin dövrdə hamilə olduğu və ya təzəcə uşaq dünyaya gətirdiyi güman edilir. Hamiləlik dövründə qadınlarda baş verən hormonal dəyişikliklər, üzün dolğunlaşması və yorğunluq fonundakı təbəssüm bu cür qəribə ifadə yarada bilərdi. Renessans dövründə diş yüksək səviyyədə olmadığından gənc yaşlarda belə dişlərin itirilməsi adi hal idi. Bəzi tədqiqatçılar modelin dişlərinin olmaması səbəbindən dodaqlarını içəri doğru sıxmaq məcburiyyətində qaldığını və bunun da xarakterik təbəssüm formalaşdırdığını irəli sürüblər".
"Mona Lizanın təbəssümünü sirli edən tək bir səbəb yoxdur. Bu, dahi rəssamın istifadə etdiyi qabaqcıl texnikaların, insan psixologiyasının, optik qanunauyğunluqların və hər bir tamaşaçının öz daxili dünyasının vəhdətindən doğunan unikal bir illüziyadır".
Xədicə İsmayılova