Moped və motosiklet sürücülərinin yol təhlükəsizliyi diqqət mərkəzində
Son illər şəhər yollarında moped və motosikletlərdən istifadə edənlərin sayı artıb. Bununla yanaşı, bəzi sürücülərin kaskadan istifadə etmədən hərəkət etməsi və yol hərəkəti qaydalarına əməl etməməsi halları da müşahidə olunur. Belə davranışlar təkcə sürücünün deyil, digər nəqliyyat vasitələrinin hərəkətinə və piyadaların təhlükəsizliyinə də risk yaradır.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlama verən nəqliyyat eksperti Fərhad Eyyubovyol hərəkətinin təşkilində əsas məsələnin yol hərəkətinin təhlükəsizliyi olduğunu bildirib:
“Təhlükəsizlik anlayışı həm sürücü, piyada və sərnişinlərin, həm də digər yol hərəkəti iştirakçılarının təhlükəsizliyini əhatə edir. Bura, eyni zamanda, ətraf mühitə və əmlaka vurulan maddi zərər də daxildir. Son zamanlar sürücülərin bu məsələlərə diqqəti artırılır və sürücülük dərslərində öncəliklə məhz bu amillər aşılanır”.
Ekspertin sözlərinə görə, moped, skuter və velosipedlər hərəkət edərkən demək olar ki, səs çıxarmır. Bu səbəbdən diqqətsiz və ya fikri yayğın piyadalar onların yaxınlaşdığını hiss etməyə bilərlər. Bu baxımdan skuter və velosiped idarə edənlər piyadalara qarşı xüsusilə, diqqətli olmalıdırlar, lakin təəssüf ki, çox vaxt buna riayət olunmur.
Sürücülərin, ilk növbədə, öz təhlükəsizliklərini təmin etməli olduqlarını bildirən Fərhad Eyyubov dəbilqə və digər qoruyucu vasitələrdən istifadənin vacibliyini vurgulayıb:
“Moped və motosiklet sürüclərinin əksəriyyəti dəbilqə taxmır, qoruyucu vasitələrdən istifadə etmirlər. Lakin bu, yalnız onların şəxsi məsələsi deyil, ümumilikdə cəmiyyətə və vətəndaşlara dəyən zərər kimi qiymətləndirilməlidir. Bu səbəbdən mövzu üzərində ciddi iş aparılmalı, geniş maarifləndirmə tədbirləri görülməlidir”.
Ekspert belə halların az baş verməsi üçün Baş Dövlət Yol Polisi İdarəsi və aidiyyəti qurumların nəzarəti gücləndirilməsini və davamlı maarifləndirmə işlərinin aparılmasını vacib sayır. Onun sözlərinə görə, məhz kompleks nəzarət və təbliğat sayəsində mövcud problemi həll etmək mümkündür.
Şəbnəm Pənahova