00:00:00
Yazar
Zəhra Həsənova
06.11.2026 20:00 21 2 dəq oxuma
Siyasət

Moskva Ermənistanın KTMT-dən uzaqlaşmasını siyasi seçim kimi qiymətləndirir

Moskva Ermənistanın KTMT-dən uzaqlaşmasını siyasi seçim kimi qiymətləndirir

Rəsmi Moskvanın Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) qalmağa məcbur edilmədiyini bəyan etməsi İrəvanla münasibətlərdə mövcud gərginliyi yenidən gündəmə gətirib. Rusiyanın bu mövqeyi Ermənistanın təhlükəsizlik siyasətindəki dəyişikliklərə görə məsuliyyəti üzərindən götürmək cəhdi, eyni zamanda, İrəvana ünvanlanan dolayı siyasi mesaj kimi qiymətləndirilir.

 

Mövzu ilə bağlı politoloq Züriyə Qarayeva “İnformator.az”a açıqlamasında bildirib ki, Moskvanın açıqlaması ilk baxışdan Ermənistanın suveren qərarlarına hörmət kimi görünsə də, əslində, ciddi siyasi mesajlar ehtiva edir.

 

Onun sözlərinə görə, Rusiya Ermənistanın Qərbə yaxınlaşmasının müvəqqəti siyasi manevr deyil, xarici siyasətdə uzunmüddətli istiqamət dəyişikliyinin göstəricisi olduğunu anlayır.

 

Politoloq qeyd edib ki, Kreml bu bəyanatla İrəvana KTMT-dən uzaqlaşmağın yalnız təşkilati üzvlük məsələsi olmadığını, həm də mövcud hərbi-siyasi təminatların və təhlükəsizlik mexanizmlərinin yenidən nəzərdən keçirilməsi demək olduğunu xatırladır.

 

Züriyə Qarayeva bildirib ki, Rusiya Ermənistanı açıq şəkildə təhdid etmək əvəzinə, onun verəcəyi qərarların mümkün nəticələrini ön plana çıxarır. Bu baxımdan, bəyanatı həm diplomatik məsafə saxlamaq cəhdi, həm də İrəvana ünvanlanmış dolayı siyasi xəbərdarlıq kimi dəyərləndirmək olar.

 

Onun fikrincə, Ermənistanın KTMT-də iştirakını dondurması Moskva ilə İrəvan arasında münasibətlərin ənənəvi müttəfiqlik modelindən uzaqlaşdığını göstərir. Paşinyan hökuməti Rusiyanın təhlükəsizlik təminatlarına etimadını itirdiyini nümayiş etdirir və alternativ tərəfdaşlarla, xüsusilə Avropa İttifaqı və ABŞ ilə əməkdaşlığı genişləndirməyə çalışır.

 

Bununla belə, politoloq diqqətə çatdırıb ki, Ermənistanın Rusiyadan siyasi baxımdan uzaqlaşmaq cəhdlərinə baxmayaraq, iqtisadi, enerji və müəyyən təhlükəsizlik sahələrində Moskvadan asılılığı hələ də qalmaqdadır. Onun sözlərinə görə, Rusiyanın Cənubi Qafqazdakı təsir imkanlarının zəifləməsi Ermənistan üzərindəki bütün təsir rıçaqlarını itirməsi anlamına gəlmir.

 

Politoloq hesab edir ki, hazırkı mərhələni iki ölkə arasında tam qopma kimi deyil, strateji etimad böhranı və müttəfiqlik münasibətlərinin tədricən yenidən formatlaşdırılması kimi xarakterizə etmək daha doğrudur.

 

O vurğulayıb ki, Ermənistan qarşısında duran əsas sınaq Rusiyadan uzaqlaşma siyasətini real və etibarlı təhlükəsizlik təminatları ilə əvəz edə bilməkdir.

 

Ada Hacızadə

#xəbər #baki #qiymətləndirir #gündəm #siyasi
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər