00:00:00
Yazar
Elmira Ağayeva
19.06.2026 20:09 29 2 dəq oxuma
Siyasət

Moskvanın ABŞ-İran razılaşmasına dəstəyi hansı maraqlardan qaynaqlanır?

Moskvanın ABŞ-İran razılaşmasına dəstəyi hansı maraqlardan qaynaqlanır?

Rusiya ABŞ və İran arasında hərbi münaqişənin nizamlanması ilə bağlı əldə olunan razılaşmanı alqışlayıb.


Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

 

Mövzu ilə bağlı politoloq Züriyə Qarayeva “İnformator.az”a açıqlamasında bildirib ki, Rusiyanın ABŞ-İran razılaşmasını alqışlamasının əsas səbəbi regionda genişmiqyaslı müharibə riskinin azalmasıdır:


“Moskva yaxşı anlayır ki, ABŞ və İran arasında açıq hərbi toqquşma yalnız Yaxın Şərqi deyil, enerji bazarlarını, Cənubi Qafqazı və Rusiyanın təhlükəsizlik çevrəsini də silkələyə bilərdi. Xüsusilə Hörmüz boğazı ətrafında gərginliyin artması neft qiymətlərini qısa müddətdə yüksəltsə də, uzunmüddətli qeyri-sabitlik Rusiyanın diplomatik manevr imkanlarını daraldardı. Bu baxımdan Kreml özünü gərginliyi azaldan məsuliyyətli aktor kimi göstərməyə çalışır. Eyni zamanda, Moskva Vaşinqtonun İranla birbaşa dialoqa getməsini Qərbin təzyiq siyasətinin təkbaşına nəticə vermədiyinin göstəricisi kimi təqdim edə bilər. Yəni Rusiya bu razılaşmanı həm regional sabitlik, həm də öz diplomatik mövqeyini gücləndirmək baxımından müsbət qarşılayır”.

 

Politoloq qeyd edib ki, Moskvanın bu mövqeyi Yaxın Şərqdəki maraqları ilə bağlıdır:

 

“Rusiya Suriyada hərbi-siyasi mövcudluğunu qorumaq, İranla tərəfdaşlığı saxlamaq, eyni zamanda İsrail, Körfəz ölkələri və Türkiyə ilə münasibətlərini balansda tutmaq istəyir. ABŞ-İran müharibəsi bu balansı poza, Rusiyanı açıq şəkildə Tehranın yanında görünməyə məcbur edə və Moskvanın regiondakı vasitəçi obrazına zərbə vura bilərdi. Ona görə də Kreml üçün nə İranın tam zəifləməsi, nə də Yaxın Şərqin nəzarətsiz müharibəyə sürüklənməsi arzuolunandır. Rusiya daha çox idarə olunan gərginlikdən faydalanır: həm ABŞ-nin diqqətinin bölünməsini istəyir, həm də regional xaosun öz maraqlarını təhdid etməsini istəmir. Bu səbəbdən Moskvanın razılaşmanı alqışlaması humanitar ritorikadan çox geosiyasi hesablamanın nəticəsidir”.

 

Nuray Əliyeva

#Rusiya #ABŞ #İran
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər