Moskvanın İrana çağırışının arxasında hansı səbəblər dayanır?- ŞƏRH
Moskva Yaxın Şərq münaqişəsinin tərəflərini regionda tammiqyaslı müharibəni yenidən başlada və münaqişənin həlli üçün davam edən səyləri poza biləcək addımlardan çəkinməyə çağırır.
Bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov bəhreynli həmkarı Əbdüllətif bin Rəşid əz-Zəyani ilə danışıqlardan sonra verdiyi açıqlamada deyib.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Oqtay Qasımov bildirib ki, hazırda İran və Amerika arasında danışıqlar davam etsə də, gərginlik qalmaqdadır:
“Xüsusilə də son bir həftədə İran, İsrail, o cümlədən Amerika qarşılıqlı olaraq bir-birinin hədəflərinə zərbələr endiriblər. Hətta Donald Tramp dünən İrana genişmiqyaslı hücumlar ediləcəyini anons etsə də, son anda bu fikrindən vaz keçdi və İranla anlaşmanın yaxın zamanda mümkün olduğunu söylədi. Moskvadan verilən açıqlamalara gəldikdə, əlbəttə, Yaxın və Orta Şərqdə vəziyyətin getdikcə gərginləşməsi bütün dünya iqtisadiyyatına mənfi təsir edir. Doğrudur, Rusiya bu münaqişədən və Hörmüz boğazının bağlanmasından ən çox fayda götürən ölkə statusunda olsa da, ümumilikdə Rusiyanın körfəz ölkələri və İranla olan münasibətləri onun da bu prosesdə müəyyən formada mövqe bildirməsini vacib edir. Bu baxımdan Rusiyanın körfəzdəki tərəfdaşları da onun bu məsələlərlə bağlı münasibət bildirməsini istəyirlər. Rusiya da bu baxımdan, həm öz maraqlarını nəzərə alaraq, münasibətlərin və problemin danışıqlar yolu ilə həll olunması istiqamətində mövqe nümayiş etdirir. O ki qaldı tərəflərin hansı addımı atmalı olduğuna, hesab edirəm ki, həm özləri, həm də bütün bəşəriyyət üçün ən doğru yol diplomatik vasitələrin sonadək istifadə edilməsi və problemin danışıqlar yolu ilə həllinə nail olunmasından keçir. Əks halda, gərginliyin artması və savaşın yenidən başlaması bütün dünyanı böhrana sürükləyə bilər”.
Nurgün Qənizadə