Motokuryerlərlə bağlı narazılıq artır
Motokuryerlərdən sürücülük vəsiqəsi və qeydiyyat nişanı tələb olunur. Milli Məclisin qəbul etdiyi qərarda bu sənədlər sürət həddi 50 və daha yuxarı olan nəqliyyat vasitələrinə şamil olunurdu. Sürücülərin təqdim etdikləri sənəddə sürət həddi limitdən aşağı olsa da, polislər həmin nəqliyyat vasitələrini də artıq cərimə meydançasına aparır.
Sadəcə restoranların qarşısı deyil, şəhər yollarında da motokuryerlərin sayı azalıb. Deyirlər ki, buna səbəb bir çox kuryerlərin nəqliyyat vasitələrinin cərimə meydançasına aparılmasıdır. Baxmayaraq ki, təqdim etdikləri sənəddə sürət həddi saatda 50 km-dən aşağıdır.
Kuryerlər deyir ki, polis əməkdaşları motoplazanın rəsmi olaraq təqdim etdiyi sənədi deyil, spidomertdəki göstəricini əsas götürürlər. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı Fuad Sultanovun sözlərinə görə, yol patrul xidməti əməkdaşı saxladığı nəqliyyat vasitəsinin sürət həddini göstərən göstəriciyə uyğun qərar verir. “İnsidenti araşdırmaq üçün həmin şəxsləri idarəyə dəvət edib, müəyyən söhbətlər aparılır, sənədlərinə baxış keçirərək heç bir narazılıq olmadan sərbəst buraxılırlar”. Dövlət Yol Polisi İdarəsinin əməkdaşının dediklərindən belə aydın olur ki, məsələ satış məntəqələrinin təqdim etdiyi sənədlərdə düyünlənir.
Motoplazadan isə deyilir ki, vətəndaşa təqdim edilən sənədlər nəqliyyat vasitəsinə texniki baxış keçirildikdən sonra tam real şəkildə müəyyən olunur. Motoplaza vətəndaşların çoxsaylı müraciətinə əsasən, onlara növbəli şəkildə bəyannamələr təqdim edəcək. “Məsələ ondadır ki, heç də hər kəs nəqliyyat vasitəsini rəsmi şirkətdən almayıb”. Görünən odur ki, bu kimi boşluqlar hələ bir müddət yol polisi ilə kuryerləri üz-üzə gətirəcək.
Lamiyə
