Mövsümi viruslar: Respirator viruslardan qorunmağın yolları
Mövsümi respirator virus infeksiyalarının yayılması əhalinin sağlamlığı üçün aktual məsələlərdən biri olaraq qalır. Xüsusilə soyuq havalarda qrip və digər kəskin respirator virus infeksiyalarına yoluxma halları arta bilər. Mütəxəssislər bu cür infeksiyalardan qorunmaq üçün gigiyena qaydalarına əməl etməyi, qapalı məkanları havalandırmağı və xəstə insanlarla təmasdan çəkinməyi tövsiyə edirlər.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında Adil Qeybulla bildirib ki, respirator viruslar dedikdə, yuxarı tənəffüs yollarında iltihabi proses yaradan və ya yuxarı tənəffüs yolları vasitəsilə orqanizmə daxil olan viruslar nəzərdə tutulur:
“Bunlara qrip, koronavirus, rinovirus, adenovirus və digər viruslar aiddir. Bu virusların ümumi əlamətləri intoksikasiya ilə bağlı olan halsızlıq, zəiflik, bel və baş ağrıları, həmçinin müəyyən dərəcədə qızdırma və hərarətin yüksəlməsidir. Yerli əlamətlərə isə burun axması, asqırma, öskürək və boğaz ağrısı daxildir. Bunlar həmin xəstəliklərin əsas simptomlarıdır”.
Professor qeyd edib ki, COVID-19 zamanı dad və qoxu hissinin itməsi hallarını da müşahidə edirdik:
“Bəzi xəstəliklərdə bununla yanaşı, mədə-bağırsaq pozğunluqları – ürəkbulanma, qusma və ishal da müşahidə olunur. Bəzi hallarda xəstəlik qısa müddətdə aşağı tənəffüs yollarına keçərək, məsələn, COVID-19 zamanı «buzlu şüşə» görüntüsü ilə xarakterizə olunan pnevmoniyaya, digər infeksiyalarda isə müxtəlif növ pnevmoniyalara səbəb ola bilər”.
Adil Qeybulla müsahibəsində bildirib ki, bu xəstəliklərin həm ümumi, həm də fərdi əlamətləri var:
“Lakin respirator xəstəliklər törədən virusların heç birinə məxsus, yalnız həmin virusa xas olan patoqnomonik əlamət yoxdur. Buna görə də virusun dəqiq müəyyənləşdirilməsi laborator müayinələr vasitəsilə həyata keçirilməlidir. Yalnız virus identifikasiya edildikdən sonra xəstəliyi konkret hansı virusun törətdiyini müəyyən edə bilərik”.
Professor vurğulayıb ki, soyuqdəymə adı altında ümumiləşdirilən bütün respirator virus infeksiyaları zamanı bol maye qəbulu, yataq rejiminə riayət edilməsi və orqanizmin ümumi vəziyyətinin qorunması vacibdir:
“İmmunitet sisteminin dəstəklənməsi, fiziki aktivliyin artırılması, meyvə-tərəvəzdən istifadə və sağlam qidalanma bu infeksiyalarla mübarizədə mühüm rol oynayır. Təbii ki, orqanizmin ümumi vəziyyəti də burada önəmlidir”.
Adil Qeybullanın sözlərinə görə, əgər 2–3 gün ərzində yaxşılaşma müşahidə olunmursa və əksinə, vəziyyət pisləşirsə, dərhal həkimə müraciət etmək lazımdır:
“Təəssüf ki, insanlar bu xəstəlikləri ayaqüstə keçirməyə meyillidirlər. Fəsadların yaranması və yoluxma hallarının artması da müəyyən mənada bununla əlaqədardır”,-deyə professor əlavə edib.
Nuray Dadaşzadə