HƏR ÜÇ QADIN DEPUTATDAN BİRİ ONLAYN HÜCUMA MƏRUZ QALIR
Xanım Niftəliyeva- klinik psixoloq, psixoterapevt və ailə məsləhətçisi
Asiya-Sakit okean regionunda qadın parlamentarilər arasında aparılan əsasən hər üç qadın deputatdan biri onlayn hücumlarla üzləşir. BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) bu sorğusunda jurnalistlərin, hüquq müdafiəçilərinin, ictimai fəalların, siyasətçilərin və qanunverici orqanlarda təmsil olunan qadınlarn rəqəmsal zorakılıq baxımından yüksək riskli qruplar sırasında olduğu qeyd edilib. Onların ictimai mövqeyi, peşə fəaliyyəti və sosial şəbəkələrdəki görüntüləri təhqir, təhdid, nüfuzdan salma kampaniyaları, şəxsi məlumatların yayılması və koordinasiyalı onlayn hücumlar üçün çox vaxt zəmin yaradır. Sorğuya əsasən, müxtəlif ölkələrdən iştirak edən qadın jurnalistlərin də 73 faizi peşə fəaliyyəti zamanı onlayn zorakılığa məruz qalıb.
Qadın jurnalistlərə qarşı onlayn zorakılıq beynəlxalq səviyyədə daha sistemli araşdırılan sahələrdən biridir. Elə UNESCO-nun da 2025-ci ildə açıqladığı son araşdırmada qadın jurnalistlərin 75 faizinin iş zamanı onlayn zorakılıqla üzləşdiyi, onlayn hücumları oflayn zorakılıqla əlaqələndirənlərin payının isə 2020-ci ildəki 20 faizdən 2025-ci ildə 42 faizə yüksəldiyi bildirilir. Bu nəticələr rəqəmsal hücumların qadınların peşəkar imicinə, ictimai mövqeyinə və fiziki təhlükəsizliyinə təsir göstərə bildiyini nümayiş etdirir.
Bununla belə, jurnalistlərlə bağlı əldə olunan göstəriciləri bütün qadın əhalisinə şamil etmək olmaz. Bu tədqiqatlar xüsusi peşə qrupunu əhatə edir və onların nəticələri qadınların ictimai həyatda görünən iştirakının yaratdığı əlavə riskləri anlamaq üçün əhəmiyyətlidir.
AZƏRBAYCANDA MÖVCUD VƏZİYYƏT VƏ STATİSTİK MƏLUMATLAR
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Qadın Dəstək Xidməti”nin 2026-cı ilin açıqlamasına görə, ilin yanvar-iyun aylarında xidmətə ümumilikdə 2500-ə yaxın müraciət daxil olub, 548 qadın zorakılıq faktları ilə bağlı dəstək istəyib. Bu müraciətlər arasında kiberzorakılıqla əlaqəli 45 müraciət qeydə alınıb. Bu fakt rəqəmsal zorakılığın Azərbaycanda yardım xidmətlərinin gündəliyində yer aldığını təsdiqləyir.
Mövcud məlumatlar Azərbaycanda rəqəmsal zorakılığın miqyasını tam ölçmək üçün ayrıca milli tədqiqatın vacibliyini göstərir. Belə araşdırmalarda zorakılığın növləri, yaş qrupları, platformalar, təkrarlanma tezliyi, törədənin zərərçəkənlə münasibəti, psixoloji və peşəkar nəticələr, eləcə də hüquqi müdafiə üçün müraciət davranışı ayrıca araşdırılmalıdır.
Qadınların paylaşımlarına yönələn seksual təhqirlər, şəxsi həyat və xarici görünüş üzərindən alçaldılma, saxta profillər, arzuolunmaz mesajlar və şəxsi məlumatların yayılması kimi hallar problemin yerli kontekstdə araşdırılmasını zəruri edir. Bununla belə, müşahidə edilən ayrı-ayrı hallar ölkə üzrə yayılma səviyyəsini müəyyənləşdirmək üçün kifayət deyil.
BMT-nin Gender Bərabərliyi və Qadınların Səlahiyyətləndirilməsi Təşkilatı (UN Women) zorakılığı informasiya-kommunikasiya texnologiyaları və digər rəqəmsal vasitələrlə törədilən, asanlaşdırılan, ağırlaşdırılan və ya miqyası genişləndirilən, fiziki, cinsi, psixoloji, sosial, siyasi və iqtisadi zərərə səbəb olan davranışlar kimi izah edir. Bu yanaşma onlayn və oflayn mühitləri bir-birindən təcrid olunmuş sahələr kimi deyil, qarşılıqlı əlaqədə olan təhlükəsizlik məkanları kimi nəzərdən keçirməyə imkan verir.
SOSİAL MEDİADA QADINLARA QARŞI ZORAKILIĞIN FORMALARI
Rəqəmsal zorakılıq müxtəlif formalarda təzahür edir. Onların bir qismi birbaşa ünsiyyət zamanı, digərləri isə şəxsi məlumatların toplanması, yayılması və ya manipulyasiya edilməsi yolu ilə həyata keçirilir. Ən geniş yayılmış formalara qadınların fikirlərinə və ictimai fəaliyyətinə görə xarici görünüş və bədən quruluşu üzərindən alçaldılma, seksual xarakterli arzuolunmaz mesajlar, təhqirlər, şəxsi məlumatların icazəsiz paylaşılması, kiberizləmə, saxta hesablar və intim görüntülərin razılıq olmadan yayılması adiddir. Bütün bunlar gender əsaslı zorakılıq kontekstində qiymətləndirilməlidir.
Süni İntellekt (Sİ) texnologiyalarının inkişafı bu təhlükələri daha mürəkkəb edib. Süni intellektlə hazırlanmış saxta görüntülər (Deepfake) qadının üzünün və ya görüntüsünün doğru olmayan seksual məzmuna yerləşdirilməsi, onun adından saxta paylaşımların hazırlanması və manipulyativ materialların geniş auditoriyaya yayılması zərərçəkənin nüfuzuna, şəxsi həyatına və təhlükəsizlik hissinə ciddi təsir göstərə bilər. Belə hallarda zərər yalnız rəqəmsal məkanda qalmır, şantaj, təhdid və izləmə real həyatda da təhlükə yarada bilər.
Rəqəmsal zorakılıq yalnız fərdi təhlükəsizlik məsələsi deyil, həm də qadınların təhsil, əmək fəaliyyəti, ictimai iştirak və ifadə azadlığı imkanlarına təsir göstərən sosial problemdir.
BEYNƏLXALQ TƏCRÜBƏ VƏ STATİSTİK GÖSTƏRİCİLƏR
BMT-nin Gender Bərabərliyi və Qadınların Səlahiyyətləndirilməsi Təşkilatı (UN Women) müxtəlif ölkə və regionlarda aparılmış araşdırmalara istinadən təqdim etdiyi məlumatlarda qadınların texnologiya vasitəsilə törədilən zorakılığa məruz qalma səviyyəsinin 16-58 faiz arasında dəyişdiyi göstərilir. Qurumun materiallarında Ərəb dövlətlərində internet istifadəçisi olan qadınların 60 faizinin onlayn zorakılıqla üzləşdiyi, Şərqi Avropa və Mərkəzi Asiyanın 12 ölkəsini əhatə edən tədqiqatda isə qadınların yarıdan çoxunun həyatında ən azı bir dəfə texnologiya vasitəsilə zorakılığa məruz qaldığı qeyd olunur.
RƏQƏMSAL ZORAKILIĞA QARŞI TƏLƏB OLUNAN MÜBARIZƏ METODLARI
* Dövlət qurumları, hüquq-mühafizə orqanları, sosial xidmətlər, təhsil müəssisələri, media və vətəndaş cəmiyyəti arasında əlaqələndirilmiş fəaliyyətin gücləndirilməsi,
* Kiberbullinq, şəxsi məlumatların icazəsiz yayılması, intim görüntülərlə şantaj və süni intellektlə yaradılmış saxta materiallarla bağlı şikayətlərin araşdırılması və zərərçəkənlərin hüquqi müdafiəsinin əlçatan olması,
* Sosial media platformalarında şikayət mexanizmlərinin operativliyi, zərərli məzmunun silinməsi prosesinin şəffaflığının və təkrar hücumların qarşısının alınmasının təmin edilməsi,
* Rəqəmsal təhlükəsizliklə bağlı məktəb və ali təhsil proqramlarında ayrıca maarifləndirmə mövzusu kimi təqdim edilməsi, şəxsi məlumatların qorunması, onlayn etik davranış və rəqəmsal vətəndaşlıq bacarıqlarının inkişaf etdirilməsi,
*Maarifləndirmənin yalnız qızlar və qadınlarla deyil, eyni zamanda oğlanlarla, kişilərlə, valideynlərlə, müəllimlərlə və media nümayəndələri ilə aparılması və prosesə cəlb edilməsi.
RƏQƏMSAL ZORAKILIĞIN SOSİAL-PSİXOLOJİ NƏTİCƏLƏRİ
Onlayn zorakılıq qadınların sosial münasibətlərinə, psixoloji rifahına və peşə fəaliyyətinə təsir göstərə bilər. Davamlı təhqir və təhdidlər qorxu, narahatlıq, özünəinamın azalması, sosial təcrid və ictimai müzakirələrdən uzaqlaşma ilə nəticələnə bilər. Qadınların bir qismi hesablarını məhdudlaşdırır, paylaşımlarını silir, şəxsi məlumatlarını gizlədir və ya onlayn mühitdə fikir bildirməkdən çəkinir.
Bu proses özünüsenzura ilə nəticələndikdə problem fərdi səviyyəni aşır. Qadınların ictimai müzakirələrdə, jurnalistikada, siyasətdə və vətəndaş fəallığında iştirak imkanları zəifləyir. Nəticədə rəqəmsal zorakılıq yalnız şəxsi təhlükəsizlik məsələsi deyil, həm də ifadə azadlığı, informasiya müxtəlifliyi və demokratik iştirak problem kimi xarakterizə edilir.
