00:00:00
Yazar
Ayan Sədi
01.07.2026 22:07 25 2 dəq oxuma
Sosial

Müəllimlərin əməkhaqqı artır – Sertifikatlaşdırma nəticələri həlledici rol oynayır

Müəllimlərin əməkhaqqı artır – Sertifikatlaşdırma nəticələri həlledici rol oynayır

Azərbaycanda müəllimlərin əməkhaqqının artırılması sertifikatlaşdırma prosesinin nəticələrindən birbaşa asılıdır.

 

Elm və təhsil naziri bildirib ki, hazırda ölkə üzrə 14 mindən çox müəllim aylıq 1500-2000 manat əməkhaqqı alır. Nazirin sözlərinə görə, bu göstərici hər il artır və artım müəllimlərin sertifikatlaşdırma imtahanlarında əldə etdikləri nəticələrə əsasən müəyyən edilir.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında təhsil eksperti Aidə Əliyeva bildirib ki, sertifikatlaşdırma müəllimlərin bilik və peşə bacarıqlarının qiymətləndirilməsi ilə yanaşı, onların davamlı peşəkar inkişafını təşviq edən mühüm mexanizmdir:

 

"Bu proses müəllimləri öz ixtisas biliklərini yeniləməyə, müasir tədris metodlarını mənimsəməyə və öz üzərində mütəmadi işləməyə şövq edir. Nəticədə dərslərin keyfiyyətinin yüksəlməsi, şagird nailiyyətlərinin yaxşılaşması və ümumilikdə təhsil sistemində keyfiyyət mədəniyyətinin formalaşması üçün əlverişli şərait yaranır. Bununla belə, sertifikatlaşdırmanın real təsiri yalnız imtahanla məhdudlaşmamalıdır. Müəllimlər üçün nəticələr əsasında fərdi inkişaf proqramlarının hazırlanması, metodiki dəstəyin göstərilməsi və davamlı təlimlərin təşkili də bu prosesin ayrılmaz hissəsi olmalıdır.

Əməkhaqqının peşəkar fəaliyyətin nəticələri ilə əlaqələndirilməsi beynəlxalq praktikada da tətbiq olunan yanaşmalardan biridir və müəllimləri öz üzərində işləməyə həvəsləndirən motivasiya vasitəsi kimi qiymətləndirilə bilər. Yüksək nəticə göstərən müəllimlərin daha yüksək əməkhaqqı alması əməyin qiymətləndirilməsi baxımından müəyyən qədər ədalətli yanaşmadır". 

 

 

Təhsil eksperti, həmçinin, vurğulayıb ki, lakin sertifikatlaşdırma nəticəsi müəllimin fəaliyyətini qiymətləndirən yeganə meyar olmamalıdır:

 

"Müəllimin sinifdəki praktik fəaliyyəti, şagird nailiyyətləri, peşəkar inkişafı, məktəbin yerləşdiyi sosial mühit və digər amillər də nəzərə alınmalıdır. Yalnız test nəticəsinə əsaslanan qiymətləndirmə bəzi hallarda müəllimin real peşəkarlığını tam əks etdirməyə bilər. Buna görə də ən effektiv model sertifikatlaşdırma nəticələrini digər peşə göstəriciləri ilə birlikdə qiymətləndirən kompleks yanaşmadır".

 

Mövzu ilə bağlı açıqlamasında müəllim Səma Mustafayeva bildirib ki, Sertifikatlaşdırma müəllimləri bilik və bacarıqlarını daim yeniləməyə, yeni tədris metodlarını mənimsəməyə həvəsləndirir:

 

"Bu da həm müəllimin peşəkar inkişafına, həm də şagirdlərə təqdim olunan təhsilin keyfiyyətinin yüksəlməsinə müsbət təsir göstərir. Eyni zamanda, müəllimlər öz əməyinin qiymətləndirildiyini hiss etdikləri üçün motivasiyaları da artır. Əməkhaqqının sertifikatlaşdırma nəticələrinə uyğun artırılması ümumilikdə motivasiyaedici və ədalətli yanaşma hesab oluna bilər. Bu, müəllimləri daha yaxşı nəticə əldə etməyə və peşəkar inkişaf üzərində işləməyə təşviq edir. Bununla yanaşı, qiymətləndirmə prosesinin şəffaf və obyektiv aparılması bu mexanizmin effektivliyini daha da artıran əsas amillərdən biridir".

 

Aişə Mustafayeva

#əməkhaqqı #xəbər #oynayır #nəticələri #artır
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər