00:00:00
Yazar
Güllər Gülhüseynova
11.03.2026 21:23 25 3 dəq oxuma
Siyasət

Müctəba Xamenei sakit yaşaya bilməz- Tramp

Müctəba Xamenei sakit yaşaya bilməz- Tramp

“İnanmıram ki, Müctəba Xamenei sakit yaşaya bilər”.

 

Bunu ABŞ Prezidenti Donald Tramp “Foks Nyus”a müsahibəsində deyib.

 

“Əgər İrana zərbə endirmək üçün daha üç gün gözləsəydim, ABŞ-yə hücum ediləcəkdi. Biz onlara ilk hücum edəndə raketlərinin 50%-ni sıradan çıxardıq. Əgər etməsəydik, daha çətin mübarizə olardı. Hələ də İranla potensial danışıqlar mümkündür və şərtlərdən asılıdır", - o bildirib.

 

Mövzu ilə bağlı politoloq Tural İrfan “İnformator.az”a açıqlamasında bildirib ki, ABŞ və İsrail hərbi gücə görə İrandan üstün olsa da, İran hələ ki, onların hərbi bazalarına zərbə endirə bilər:

 

“ABŞ prezidenti Donald Trampın ümumiyyətlə, siyasi açıqlamaları çox ziddiyyətli və ikibaşlıdır. Əsasən aldadıcı manevrlərlə və siyasi manipulyasi metodları ilə yanıldıcı, bəzən də reallığı əks etdirməyən açıqlamalar verir. Reallıq ondan ibarətdir ki, ABŞ və İsrail İranın ali liderini öldürməklə ona şəhid statusu qazandırıb, xalqı rejim ətrafında sıx birləşdirib. Bütün etirazlar kənara qoyulub, rejim əzabkeş qəhrəmana çevrilib. Bu, ya ABŞ və İsrailin düşünülmüş siyasi planlarının tərkibidir, ya da yanlış hesablamanın nəticəsidir. Hazırda İranda heç bir rejim dəyişikliyi baş vermir, əksinə fiziki cəhətdən sıradan çıxarılan dövlət rəsmiləri daha gənc və yeniləri ilə əvəz olunur və müharibə daha da alovlanır. ABŞ və İsrailin əsas məqsədinin körfəz ölkələrini müharibəyə cəlb edib, sonra da onların himayəçisi qismində neft ehtiyatlarını tamamilə ələ keçirmək olduğu açıq görünür. Sərvəti ABŞ, torpağı isə İsrail götürmək istəyir. Tramp keçmiş 12 günlük savaşdan sonra bəyan edib ki, onlar İranın zənginləşdirməkdə olduğu nüvə ehtiyatlarını tamamilə məhv ediblər. Lakin az sonra sözü gedən nüvə ilə bağlı müharibə başlayır. Odur ki, İranın raket ehtiyatları barədə onun ifadə etdiyi rəqəmlərin nə dərəcədə reallığı əks etdirdiyi məlum deyil. Hələ regionda hərbi balans haqqında konkret nəsə demək tezdir. Çünki müharibə və proseslər hər an vəziyyəti dəyişə bilər Təbii ki, ABŞ və İsrailin hərbi gücü İrandan daha üstündür və zərbələri daha dəqiqdir. Lakin İran da öz növbəsində həm ABŞ-nin, həm də İsrailin hərbi düşərgələrinə hələ ki, zərbə endirmək iqtidarındadır”.

 

Ekspert qeyd edib ki, ABŞ körfəz ölkələrini müharibəyə cəlb edərək silah satmaq və İranı ərəb ölkələri ilə qarşı-qarşıya qoymaq istəyir:

 

“Bəzi mülahizələrə görə, İranın dağların altında yeraltı bunkerlərdə daha çox raket ehtiyatı var. Hətta son günlərdə SEPAH rəsmisinin bildirdiyinə görə, onların hələ 20 il müharibə etməyə də silahları var. Təbii ki, bu cür açıqlamalar qarşı tərəfə psixoloji təsir göstərmək məqsədilə edilir. Buna baxmayaraq, hər halda İranın bu vəziyyətdə uzun zaman duruş gətirməsi çətin olacaq. Çin və Rusiyanın real dəstək verəcəyinə ümid edən İran hələ ki, ABŞ ilə atəşkəsə ağır şərtlər qoyur. İranın yeni rəhbərliyi heç bir fərqli qərar verməyəcək. İnqilab liderləri tərəfindən cızılmış ideoloji xətt üzərindəki xarici siyasət üzrə hərəkət etməyə məcburdurlar. Ümumi sistem dəyişməsə, liderin dəyişməsi heç nəyi dəyişə bilməz. Əgər hansısa lider fərqli fikrə düşsə, SEPAH və digər dairələr özü onu uzaqlaşdıra, yaxud zərərsizləşdirə bilərlər. Bu durumu nəzərə almadan ABŞ və İsrailin hərbi müdaxiləsi sual yaradır. O zaman belə nəticə çıxır ki, müharibənin əsas hədəfi İran deyil. Çünki ABŞ liderinin bəzi açıqlamalarına görə, İrandakı sistemin dəyişməsində maraqlı olmadığı da üzə çıxır. İsrailin əsas məqsədlərindən biri Türkiyəni savaşa çəkməkdir. ABŞ isə körfəz ölkələrini müharibəyə cəlb edib özü silah satmaq istəyir. Çünki ABŞ üçün müharibədən qeyri bir fəaliyyət daha yüksək gəlir gətirə bilməz. Əgər İranda hakimiyyəti dəyişə bilməsələr, İranla ərəb ölkələrini savaşdıra bilərlər. Necə ki, Yəməndə ABŞ özü birbaşa deyil, Səudiyyə Ərəbistanı vasitəsi ilə savaş aparırdı. Çünki ABŞ dərk edir ki, savaş uzandıqca Çinin İrana real hərbi dəstək vermək ehtimalı da artır. Bu da  dünya savaşına gətirə bilər. Odur ki, yaxın günlərdə ABŞ və İsrail İranda nailiyyət əldə etməsə, müharibənin istiqamətini dəyişməyə çalışacaqlar”.

 

Lalə Qurbanlı

#xamenei #sakit #müctəba #xəbər #gündəm
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər