Məzunlar diplomlarını ala bilmir
Bu il Azərbaycanda ali məktəbi bitirən 225 tələbə dövlət imtahanından kəsilib və diplom ala bilməyib. Bu barədə Elm və Təhsil Nazirliyindən bildirilib. Qeyd olunub ki, 2022-2023-cü tədris ilində 7762 bakalavrdan 7532 tələbə dövlət imtahanında uğur qazanıb. “Ali təhsil müəssisələrini bitirən 225 tələbə isə uğur qazanmayıb”, – nazirlikdən bildilib.
Məsələ ilə bağlı, təhsil üzrə ekspert Elşən Qafarov İnformator.az-a açıqlama verib.
“Tələbərin diplom ala bilməməsinin səbəbləri müxtəlifdir. Bu kredit borcu da ola bilər, digər səbəblər də. Ölkədə bakalavriatın təşkili qaydalarına əsasən, Nazirlər Kabinetinin qərarı ilə tələbələr üçün ayrı-ayrı kreditlər təşkil olunur”.
Ekspert deyir ki, ali məktəblər boloniya sistemində olduğu üçün tələbələr kreditləri verə bilmədiklərinə görə, bakalavriat səviyyəsini bitirməmiş sayılır və onlara diplom verilmir.
"Onlar yalnız təhsil kreditlərini ödədikdən sonra bakalavriat səviyyəsini bitirmiş sayılırlar. Səbəb bununla və ya digər amillərlə bağlı ola bilər".
Nəzrin Mirzəyeva
