"Nömrəniz kompaniyaya düşüb" yaziları və zəngləri ilə ehtiyatlı olun
Son zamanlar insanların telefonlarına gələn əsassız kompaniya zəngləri artıb. Onlara müxtəlif nömrələrdən zəng edərək pulsuz prosedurlar təklif edir telefonun digər tərəfində olanlar. Nəticədə isə tora düşən şəxslər aldadıldıqlarını biləndə artıq çox gec olur.
Həm cibindəki puldan, həm də gözəlliyindən, daha dəqiq desək, sağlamlığından məhrum olmaq təhlükəsi ilə üz-üzə qalan şəxslərdən biri də Ayşən İbrahimovadır. Deyir ki, təxminən bir ay öncə ona tanımadığı nömrələrdən zənglər gəlməyə başlayıb. Cavab vermədikdə isə bu zənglərin sayı artıb. Nəticədə zənglərdən birini cavablandıran zərəçəkən mobil nömrəsinin kompaniyaya düşdüyünü öyrənir. Operator ona üz nahiyəsi üçün tam pulsuz qulluq proseduru qazandığını deyir. Kompaniyadan yararlanmağa qərar verən Ayşən isə salonda gözləmədiyi vəziyyətlə qarşılaşır:
“Üzümün bir yarısına prosedurlar olundu. Bitdikdən sonra digər yarsına keçdikdə məndən 420 manat ödəniş tələb elədilər.Etiraz etsəm də faydası olmadı. Bir neçə saat keçdikdən sonra üzüm səpməyə başladı. Allerigiya verdi, dərialtı səpkilərim yarandı, qızardı, çox pis şəkildə qaşıntı tutdu”.
Bəs bunun qanunla hər hansı cəzası varmı? Hüquqşünas Vamiq Şükürov deyir ki, bir insanın başqa bir şəxs tərəfindən telefon zəngləri vasitəsi ilə narahat edilməsi, onun danışığa məcbur edilməsi, tez-tez bu formada və digər formalarda narahat olunması hüquqa zidd əməldir: “Narahat olunan şəxs bununla bağlı yaşadığı rayonun polis idarəsinə vəya bölməsinə şikayət edə bilər. Eyni zamanda araşdırma gedişatında narahat edən şəxslər hansısa bir şirkətin nümayəndəsidir, o şirkətə qarşı və elə həmin şəxsin özünə qarşı vətəndaş məhkəmədə iddia qaldıra bilər”.
Vamiq Şükürov onu da əlavə etdi ki, insanlara belə zənglər gəldiyi təqdirdə dərhal polisə müraciət etməsi tövsiyə olunur ki, sonradan sözügedən işbazların qurbanına çevrilməsinlər.
