Növbəti ildən Şuşa və digər ərazilərimizdə də köçkünlərin məskunlaşma prosesi həyata keçiriləcək
“İşğaldan azad edilən bölgələrimizə Böyük qayıdış davam etdirilir. 2023-cü il Zəngilanın Ağalı kəndi, Laçın və Füzuli şəhərlərinə vətəndaşlarımızın qayıtmasını müşahidə etdik”.
Bu sözləri İnformator.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov söyləyib. Millət vəkili deyir ki, növbəti ildən etibarən, Şuşa və digər ərazilərimizdə də köçkünlərin məskunlaşma prosesi həyata keçiriləcək.
“Ağalı ilk “Ağıllı kənd”dir. Burada məskunlaşan ailələrdə artım müşahidə edilir. Zəngilanda digər yaşayış məntəqələri üzrə də məskunlaşmanın aparılacağı gözlənilir”.
Vüqar Bayramovun sözlərinə görə, Ağalı ilk “Ağıllı kənd” kimi Azərbaycanın tarixinə düşüb.
“İşğaldan əvvəlki dövrdə Birinci Ağalıda 154 nəfər, İkinci Ağalıda 245 , Üçüncü Ağalıda isə 675 nəfər yaşayıb. Hazırda Ağalıda əhalinin məskunlaşma üzrə ilkin göstəricisi 1352-1504 nəfər aralığıdır. 2024-cü ildən etibarən də, əhalinin köç prosesi baş tutacaq, köçkünlər öz dədə-baba yurdlarına qayıdacaqlar”.
Həcər Əmiraslanlı
