ƏN QİYMƏTLİ SÖZÜNÜ...
...Qarabağ müharibəsinin, müstəqillik uğrunda mübarizənin çətin, ziddiyyətli günlərindən birində ilk dəfə “Sovet kəndi” qəzetində Sədaqət Kərimovanın yanında onunla görüşdüm. Bu görüş illər sonra əqidə, amal dostluğuna çevrildi və aylarla, hətta illərlə belə görüşməsək də, jurnalistika aləmində sözü, əməli ilə hər an qayğısını hiss etdim. (Bu qayğı bu gün də davam edir). Nə qədər yaxın olsaq da, doğrusunu deyim ki, Flora xanımın yanında söz söyləməyə heç vaxt cəsarət etmədim. Çünki Flora xanımın söz dünyasını oxşaya biləcək bir söz söyləməyə nə qələmim qadirdi, nə sözüm...
“Söz mənim üçün bir xilqətdir, müqəddəs varlıqdır” söyləyən Flora xanım 50 ilə yaxın bir zamandır ki, söz dərgahının hüzurunda başı uca, qələmi iti, sözü keçərli dayanıb. Şəxsiyyətinə və yaradıcılığına valeh olduğu dahi Mirzə Cəlilin “Qələmin müqəddəs vəzifəsi millətin xoşbəxtliyi yolunda xidmət göstərməkdir” kəlamını özünə həyat devizi seçən Flora xanım sözə pənah gətirdiyi ilk gündən vətənpərvərliyi, millətsevərliyi ilə hər an dövlətinə, xalqına sədaqətlə qulluq edib. Çoxlarından fərqli olaraq balıq üçün yox, Xaliq üçün yazıb və yazır! Yalnız və yalnız qəlbi nəyi diktə etdisə onu qələmə alır. Odur ki, mətbuatımızda dünən də, bu gün də, sabah da öz sözü, öz amalı, özünəməxsusluğu ilə sevilən, seçilən onlarla kitabların, yüzlərlə məqalələrin müəllifi olan, “Əməkdar jurnalist” Flora Xəlilzadə imzası hər an nəzərə çarpır.
... Flora xanımın təbiətində olduğu kimi, yaradıcılığında da bir qəribəlik var. Çılğın təbiətli olsa da, vətəndaş mövqeyini qoruyan, sözünün çəkisini, yerini bilən bir söz sahibidir. Məhz sahibidir. Çünki qələmə aldığı hər sözünə sahiblik edir. Sədi Şiraz demiş: “Sözünün təsir edəcəyini bildiyi zaman söyləyir”. Əzizi olsa belə nöqsanını üzə deməkdən çəkinməz, etirazını çox üsyankarcasına bildirər, haqqı- nahaqqa qurban verəni heç bağışlamaz, (bu xasiyyəti onu şəxsiyyətinə və insanlığına çox böyük hörmət etdiyi, sevgi bəslədiyi əziz müəllimi rəhmətlik Qulu Xəlilova nə qədər bənzədir. Onu da deyim ki, təkcə Flora xanım yox, elə bütün tələbələri Qulu müəllimi bu sevgi ilə yad edir) xoşu gəlməyən, qəlbinə məlhəm olmayan sözə dəstək olmaz. Baxmayaraq ki, buna görə nə qədər çətinliklərlə rastlaşır, maddi və mənəvi zərbə alır. Amma Məmməd Aslan demiş: “Ömrünü söz uğrunda beləcə girov qoyub”- Flora xanım!
...Və yenə də xoş günündə, çətin günündə sözə sığınaraq, ona üz tutaraq bütün ağrısını-acısını, umusunu-küsüsünü sözlə ovundurub təsəlli tapır. Flora xanım deyəcəyi söz üçün heç zaman utanmadı, qələminə, sözünə xəyanət etmədi, onu sevən əzizlərinə, oxucularına utancaqlıq gətirmədi. Mərhum şairəmiz Mirvarid Dilbazi demiş: “Mən çətin yaşadım, amma şərəfli yaşadım”.
Odur ki, sözü də, qələmi də onu tanıtdı, sevdirdi, sözünün gətirdiyi rəğbətdən, məhəbbətdən mənən bəhrələndi, məhz sözün sayəsində dünyanı gəzdi-dolaşdı. Qələminin naxışı ilə əzəmətli söz mülkünü yaratdı...
Flora xanımın qəhrəmanları da “sözlə sənət mülkü ucaldan” mənəviyyat sahibləridir. Kimlərdir bunlar? Ta qədimdən bu günə kimi ədəbiyyatımızı, mətbuatımızı, mənəviyyatımızı zənginləşdirən söz sahibləri. Burada Füzuli dühasından, Vaqif sevgisindən, Vidadi kədərindən, Axundov dramaturgiyasından, Zərdabi maarifpərvərliyindən, Mirzə Cəlil müdrikliyindən, Üzeyir bəy publisistikasından, dahi Sabir satirik şer məktəbindən, Köçərli vətənpərvərliyindən, Əli bəy romantikasından, Əhməd bəy üsyankarlığından, Məhəmməd Əmin istiqlalından, Cavid amalından, Müşfiq nisgilindən, Mir Cəlal xeyirxahlığından, ədəbiyyatımızın Cahandar ağasından, Bəxtiyar xəzinəsindən, İlyas işığından, Elçin mənəviyyatından, Zəlimxan, Məmməd Araz şeyriyyətindən və daha neçə-neçə dühalardan süzülüb gələn nura qərq oluruq. Bu nurda Flora xanımın düşünüb-daşınmaq, fikir yürütmək, söz demək, nəhayət qələmə sarılmaq arzusu heyrətamiz dərəcədə səni özünə valeh edir.
Ədəbi mühitdə və həyatda özünəməxsusluğu, əqidə və məslək sahibi olan bu şəxsiyyətlərimizin hər biri haqqında Flora xanım dəfələrlə söz açıb. Onların fəlsəfi ibarələrindən, geniş dünyagörüşündən, fitri istedadından, bitib-tükənməyən vətənpərvərliklərindən, saf mənəviyyatlarından dönə-dönə bəhs edərək gəncliyi onların ruhunda tərbiyə olunmağa sövq edir.
Yazıçı Anar demiş: “Flora Xəlilzadə ömrünü qələmə bağladığı gündən yalnız öz işi, sənəti, mən deyərdim ki, birbaşa qələmi ilə məşğuldur”. Odur ki, Flora xanımın yazılarını imzasız belə tanımaq mümkündür. Səlis, rəvan, aydın dili-üslubu ilə oxucu yaddaşına həkk olan bu məqalələrin sonunda Flora xanımın imzası olmasa belə qələminin özünəməxsusluğu duyulur. Doğru deyirlər ki, söz sahibinin kimliyini bəyan edir. Bu gün Azərbaycan jurnalistikasında, publisistikasında, bir sözlə, ədəbi aləmində, sözünün ucalığında duran Flora Xəlilzadə sözünün cazibəsi əməlli-başlı oxucunu ovsunlayır desəm, məncə, heç yanılmaram.
Qarşımda publisist xanımın 2010-cu ildə çapdan çıxan VII cildlik əsərinin I cildi var. Müxtəlif janrda olan bu məqalələrin mövzuları da müxtəlifdir. Ana dili uğrunda mübarizə, ədəbiyyatımızın repressiya ağrı-acısı, ədəbi tənqidimizin dünəni və bu günü, zamanın fövqündə duran söz sahibləri və daha nələr-nələr...
Əslində Flora xanımın bu əsərini mən mətbuat və ədəbiyyat tariximizlə bağlı zəngin faktlarla əhatə edilən bir tədqiqat əsəri adlandırardım. Çünk iR.Axundov, S.M.Qənizadə, H.Cavid, M.Müşfiq, H.Sultanov, S.Hüseyn, Ümmügülsüm xanım, Ə.Cavad, M.B.Məhəmmədzadə, A.İldırım və daha neçə-neçə zamanın ümmanında itən söz dühalarımız haqqında yazdığı məqalələr birbaşa arxiv materialları əsasında hazırlanıb. Hiss olunur ki, onları ərsəyə gətirincən publisist xanım günlərlə arxivlərdə, kitabxanalarda, muzeylərdə axtarıb-arayıb...
Flora xanımın publisistikasında tənqid də var. Bu tənqid klassiklərimizdən gələn sağlam, qərəzdən uzaq bir tənqiddir. O, naşı, hazırlıqsız, savadsız, elmsiz və ən əsası mənəviyyatsız insanları qələminin gücü, sözünün kəsəri ilə tərbiyələndirmək üçün tənqidə üz tutur.
Flora xanım incə ruhlu, kəskin qələmli bir söz sahibi olmaqla yanaşı, həm də etibarlı, sədaqətli, ömür-gün yoldaşıdır, qayğıkeş anadır, müdrik qaynanadır və ən başlıcası sevimli nənədir. Yazı-pozu işləri onu nə qədər yorsa da, nəvələrinin xoş səsini eşidərkən hər şeyi unudur, onların sevgi dünyasında itib-batır...
Flora xanım nə qədər odlu –alovlu danışsa da, gözlərindən, baxışlarından yurd həsrəti, yurd nisgili süzülür... İllər keçsə belə barışa bilmir bu dərdlə. Daha doğrusu, barışmaq istəmir. Çünki Flora xanım hər an bədbinlikdən uzaqdır. Həyatda üzləşdiyi ən çətin məqamda belə nikbinliyi onu tərk etmir. İçində bir inam hissi onu yaşadır ki, haçansa əzizlərinin ruhu uyuyan torpaqlara dönəcək və ən böyük, ən qiymətli sözünü də onda deyəcək!!!
“Kaspi” qəzeti, iyul 2014
BDU-nun professoru Qərənfil Dünyaminqızı
