Nəsilləri birləşdirən səmimi görüş: tələnə gənclər təşkilatı ahıllar mərkəzində
Bu gün Tələbə Gənclər Təşkilatının sədri, müavinləri və təşkilat üzvləri Ahıllar Mərkəzini ziyarət etdi. Qonaqlar mərkəzə daxil olduqları andan etibarən ahıllar onları böyük səmimiyyət və sevgi ilə qarşılandı. İlk dəqiqələrdən etibarən burada yaranan doğmalıq mühiti görüşə xüsusi rəng qatdı.
Tədbir çərçivəsində ahıllarla görüş keçirildi,, hal-əhval tutuldu. Daha sonra Azərbaycan kinosunun sevilən nümunələrindən olan “Bəyin oğurlanması” filmi birlikdə izlənildi. Film nümayişi zamanı zalı gülüş səsləri bürüyüb, iştirakçılar xoş və səmimi anlar yaşayıblar.
Görüş musiqili proqramla davam edib. Milli mahnılar səsləndirilib, çay süfrəsi arxasında səmimi söhbətlər aparılıb. Tədbirin ən yaddaqalan məqamlarından biri isə Şəmkirdən gələn veteran xanımın iştirakı oldu. O, 1992-ci ildə baş verən Birinci Qarabağ müharibəsi zamanı həyat yoldaşı ilə birlikdə könüllü olaraq müharibədə iştirak etdi. Ahıllar Mərkəzinə təşkil olunacaq ziyarəti eşidən kimi xüsusi olaraq tədbirə qatıldı. Onun qürur dolu baxışları, vətənpərvərlik ruhu və keçdiyi şərəfli həyat yolu iştirakçılar böyük hörmətlə qarşılayıblar.
Ziyarət zamanı ahıllara gündəlik ehtiyac duyulan əşyalardan ibarət hədiyyələr təqdim olundu. Bu diqqət onların üzündə sevinc yaratdı. Ahıllar həyat hekayələrini bölüşdü, keçdikləri çətin yollardan danışıblar və gənclərə dəyərli məsləhətlər verdilər.
Bu cür görüşlər təkcə sosial məsuliyyət layihəsi deyil, eyni zamanda mənəvi dəyər daşıyan təşəbbüsdür. Ahıllara ayrılan vaxt əslində gənclərin özlərinə qazandırdığı bir həyat dərsidir. Nəsillər arasında qurulan bu ünsiyyət körpüsü cəmiyyətin birliyini və dəyərlərə bağlılığını daha da möhkəmləndirir. Bu kimi ziyarətlər həm ahılların sosial fəallığının artırılması, həm də gənclərin milli-mənəvi dəyərlər ruhunda formalaşması baxımından mühim əhəmiyyət daşıyır.

Səadət Əlizadə
