00:00:00
Yazar
Ayan Sədi
26.02.2026 22:39 21 2 dəq oxuma
Mədəniyyət

Azərbaycan Milli Kitabxanasında Xocalı layihələri təqdim olunub

Azərbaycan Milli Kitabxanasında Xocalı layihələri təqdim olunub

Azərbaycan Milli Kitabxanasında Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar hazırlanmış “26 fevral – Xocalı soyqırımı”, “Khojaly Genocide” və “Khojaly Tragedy – Photo Exhibition” adlı elektron layihələr istifadəçilərə təqdim olunub.

 

Kitabxananın mətbuat xidmətindən "İnformator.az"a verilən açıqlamada bildirilib ki, cəmiyyətin informasiya tələbatının ödənilməsi kitabxananın əsas vəzifələrindən biridir. Müasir dövrün tələblərinə uyğun olaraq reallaşdırılan elektron layihələr kitabxanaya gələ bilməyən virtual oxucular üçün geniş imkanlar yaradır:

 

“Bu gün hamı kitabxanaya gələ bilmir və onlar virtual kitabxanadan daha çox istifadə etməli olurlar. Düşünürük ki, cəmiyyətin tələbinə uyğun olaraq elektron layihələrin həyata keçirilməsi böyük əhəmiyyət kəsb edir və zəruridir. Hazırda Azərbaycan Milli Kitabxanasının elektron bazasından istifadə edən virtual oxucuların sayı 9 milyondan artıqdır”.

 

Virtual sərgilərin və resursların onlayn rejimdə, müxtəlif dillərdə təqdim edilməsi Xocalı həqiqətlərinin beynəlxalq müstəvidə yayılması baxımından mühüm üstünlüklər yaradır:

 

“Layihənin xarici dillərdə təqdim olunması dünya xalqlarını məlumatlandırmaq məqsədi daşıyır. Azərbaycanlılara qarşı erməni silahlı qüvvələri tərəfindən həyata keçirilən etnik təmizlənmə siyasətinin tərkib hissəsi olan Xocalı soyqırımı haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq bizim vəzifəmiz və mənəvi borcumuzdur. Əsas məqsədimiz odur ki, dünya xalqları bu barədə faktları bilsinlər və hadisələrə düzgün beynəlxalq qiymət versinlər”.

 

Virtual sərgilərdə soyqırımı siyasəti, işğaldan azad edilmiş ərazilərdə aşkarlanan kütləvi məzarlıqlar və törədilmiş dəhşətli faciələr haqqında dövri mətbuatda çap olunan məqalələr, habelə müxtəlif dillərdə ədəbiyyatlar və fotolar yer alıb. İngilis dilində hazırlanan “Khojaly Genocide” və “Khojaly Tragedy – Photo Exhibition” bölmələri isə əcnəbi tədqiqatçıların mövzu ilə bağlı dolğun məlumat almasına xidmət edir.

 

Qeyd edək ki, fevralın 26-da saat 12:00-da Azərbaycan Milli Kitabxanasında Xocalı hadisələrinə həsr olunmuş ənənəvi sərginin açılışı və geniş elektron bazanın rəsmi təqdimatı keçirilib.

 

Lalə Əhməd

#həsr #milli #baki #olunub #elektron
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər