00:00:00
Yazar
Admin User
13.11.2025 16:41 129 2 dəq oxuma
Sosial

Nüvə silahlarının yayılması və qlobal təhlükəsizlik balansı

Nüvə silahlarının yayılması və qlobal təhlükəsizlik balansı

Son illərdə nüvə silahlarının idarə olunması və yayılma riski beynəlxalq təhlükəsizlik üçün əsas narahatlıq mənbəyinə çevrilib.

 

Mövzu ilə bağlı hərbi ekspert Anar Şuşalı “İnformator.az”a bildirib ki, XX əsrin ortalarından etibarən nüvə silahı beynəlxalq münasibətlər sisteminin ən həlledici amillərindən birinə çevrilib:

 

“1945-ci ildə Hirosima və Naqasakidə baş verən nüvə partlayışları təkcə müharibə tarixini deyil, həm də beynəlxalq təhlükəsizlik anlayışını köklü şəkildə dəyişdirib. O vaxtdan bəri dünya dövlətləri həm nüvə silahlarının yayılmasını məhdudlaşdırmağa, həm də mövcud nüvə arsenalı arasında strateji balansı qorumağa çalışırlar. Lakin son onilliklərdə bu balans getdikcə daha kövrək hala gəlib”.

 

Həmçinin ekspert bildirib ki, Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilə nüvə silahlarının yayılmasına qarşı mübarizənin əsas hüquqi bazasını təşkil edir. Müqavilənin üç əsas prinsipi - yayılmamanın təmin edilməsi, nüvəsizləşdirmə və nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi - beynəlxalq nəzarət sisteminin təməlini qoyur:

 

“Bu çərçivədə Beynəlxalq Atom Enerjisi Agentliyi dövlətlərin nüvə fəaliyyətinə nəzarət edir, yoxlamalar aparır və hesabatlar hazırlayır. Lakin son illərdə İran və Şimali Koreya kimi ölkələrin nüvə proqramları bu mexanizmlərin məhdudluğunu üzə çıxarıb və beynəlxalq sistemin effektivliyini sual altına salıb. Soyuq müharibə dövründə formalaşmış “qarşılıqlı məhvolma zəmanəti” konsepsiyası nüvə silahlarının paradoksal şəkildə sabitlik yaradan rolunu göstərib. ABŞ və SSRİ arasında yaranan nüvə balansı açıq müharibənin qarşısını aldı və ‘nüvə deterenti’ beynəlxalq münasibətlərdə sabitləşdirici amil kimi çıxış etdi. Lakin bu balans son dərəcə həssasdır. Yeni nüvə güclərinin meydana çıxması, etimad böhranı və hibrid münaqişələrin artması nüvə sabitliyini asanlıqla poza bilər”.

 

Ekspertin sözlərinə görə, müasir dövrdə nüvə texnologiyalarının süni intellekt, hipersəs silah sistemləri və pilotsuz vasitələrlə inteqrasiyası yeni risklər yaradır:

 

“Bu proses nüvə silahlarının taktiki səviyyəyə endirilməsi təhlükəsini artırır. Regional risklərə İranın nüvə proqramı, Hindistan-Pakistan balansı və Şimali Koreyanın sınaqları misal ola bilər. Gələcəkdə süni intellekt əsaslı idarəetmə sistemlərinin nüvə arsenalına inteqrasiyası texnoloji səhvlərin və kibertəhlükələrin təsadüfi nüvə insidentlərinə səbəb olma ehtimalını artırır”.

 

Fatimə Hüseynli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər