“Ən vacib kadrlar kameranın görmədiyi yerdə başlayır” - reportyor işinin görünməyən tərəfləri
"Ən maraqlı kadrlar rəsmi hissədə deyil, bəzən bir jestdə, bir baxışda, bir saniyəlik reaksiyada gizlənir”.
Bu fikirləri Teleradio Akademiyasında keçirilən “Reportyor işi: kadrarxası detalları ilə” görüşündə Azərbaycan Prezidentinin səfərləri üzrə AzTV-nin xüsusi müxbiri Vüsal Mətləb səsləndirdi.
O bildirdi ki, prezident tədbirlərində jurnalistin işi yalnız çəkiliş aparmaq deyil, detalları görmək, müşahidə etmək və onları tamaşaçıya maraqlı şəkildə təqdim etməkdir. Onun sözlərinə görə, yaxşı reportyor “dörd gözlü” olmalıdır.
Jurnalist qeyd etdi ki, siyasi jurnalistika birdən-birə öyrənilmir, illərlə formalaşan bilik və davamlı hazırlıq tələb edir. Bu sahədə çalışanlar mütləq siyasi ədəbiyyat oxumalı, gündəlik ciddi xəbər mənbələrini izləməyi vərdişə çevirməli və beynəlxalq prosesləri dərindən anlamağı bacarmalıdırlar.
Onun sözlərinə görə, zamanla yaranan həyəcan təcrübə ilə azalır, lakin məsuliyyət heç vaxt itmir. “Bu peşədə əsas motivasiya işə sevgi və entuziazm olmalıdır” , - deyə o əlavə etdi.
Vüsal Mətləb qeyd etdi ki, hər bir reportaj ciddi hazırlıq tələb edir. Jurnalist əvvəlcədən tədbirin siyasi fonunu, əvvəlki görüşləri və münasibətlərin tarixini araşdırmalıdır.
"Siyasi jurnalistikaya başlamaq üçün ilk növbədə nəzəri biliklərə yiyələnmək, siyasi ədəbiyyatları mütaliənin mühüm parçasına çevirmək lazımdır. Ciddi xəbər saytlarını, cari siyasi prosesləri izləmək də vərdişə çevrilməlidir”, - deyə o qeyd etdi.
O, dövlət başçılarının görüşlərində bədən dilinin xüsusi əhəmiyyət daşıdığını, liderlərin jest və davranışlarının siyasi mesaj verdiyini bildirdi.
Görüş zamanı jurnalist etik kodeks məsələlərinə də toxundu. Uşaqların görüntülərinin yayılması, təsdiqlənməmiş məlumatların paylaşılması və klikbeyt başlıqların jurnalistikaya zərər verdiyi vurğulandı.
Sonda Vüsal Mətləb jurnalistikada əsas meyarın peşəyə sevgi, yüksək məsuliyyət hissi və güclü müşahidə qabiliyyəti olduğunu bir daha diqqətə çatdırdı.
Fəridə Sadıqzadə