00:00:00
Yazar
Vüqar Alışov
19.03.2026 17:18 46 2 dəq oxuma
Media

“Ən yaxşı yenilik unudulmuş köhnəlikdir”- Televiziyamız yenidən qızıl dövrünə qayıdır?

“Ən yaxşı yenilik unudulmuş köhnəlikdir”- Televiziyamız yenidən qızıl dövrünə qayıdır?

Bir müddətdir ki, Azərbaycan televiziya məkanında müəyyən dəyişikliklər müşahidə olunur. Kanal proqramlarının strukturunda və məzmun siyasətində baş verən dəyişikliklər həm tamaşaçı davranışını, həm də telekanalların strategiyasını yenidən  formalaşdırır. Bu prosesdə bəzi verilişlərin yayımı  dayandırıldı və bu da yeni formatlara ehtiyacı zəruri etdi. Analitiklər bu dönəmi media sahəsində durğunluqdan çıxış və yenidənqurma mərhələsi kimi qiymətləndirirlər.

 

Məsələ ilə bağlı Əməkdar jurnalist, Televiziya tənqidçisi, professor Qulu Məhərrəmli “İnformator.az”a açıqlamasında bildirib ki,  verilişlərin bağlanması və ya hansısa aparıcının efirdən uzaqlaşdırılması hələlik heç bir islahat, yenilik deyil:

 

“Dəyişiklik və yaradıcı uğur o zaman olur ki, televiziya hansısa yeni layihə ilə çıxış edir, auditoriyanı maraqlandıran verilişlər təqdim edir, tamaşaçı auditoriyasını genişləndirir, özünün PR-ını yüksək səviyyədə təqdim edə bilir və izləyicilər də  həmin kanaldan razılıqlarını bildirirlər”.

 

Professor Məhərrəmli əlavə edib ki, biz indi audiovizual əsrdə yaşayırıq bir tərəfdən sosial şəbəkələr, digər tərəfdən alternativ telekanallar, yəni bunların hamısı televiziyada yaradıcılığı kifayət qədər həssaslaşdırır:

 

“Telejurnalistlər, ssenaristlər, televiziya rəhbərləri qarşısında çox ciddi vəzifələr qoyulur, çünki bu rəqabətdən keçmək, burada qalib olmaq, üstün olmaq böyük bacarıq, bilik və məharət tələb edir. Ona görə də, bizim televiziyalar təkcə şou proqram aparıcılarını bağlamaqla kifayətlənməməlidir. Maraqlı digər verilişlər də mövcuddur, həm dövlət büdcəsindən  maliyyələşən, həm də özəl kanallarda. Söhbət keyfiyyətli verilişlərin sayını artırmaqdan, auditoriyanı əyləndirə bilən, ona zövq verə bilən və faydalı layihələr təqdim etməkdən gedir. Məncə, televiziyaların potensialı buna çatır və gələcəkdə maraqlı layihələrlə tamaşaçı qarşısına çıxacaqlar".

 

Müsahibimiz həmçinin qeyd edib ki, bağlanan verilişlərin nə vaxtsa televiziyaya qayıtması da  mümkündür, yəni başqa ad və ya başqa formatla:

 

“Dünyada belə nümunələr var, çünki məşhur bir misal var: ən yaxşı yenilik unudulmuş köhnəlikdir. Bəzən onların cilalanıb ekrana gətirilməsi ilə bağlı nümunələr mövcuddur, amma inanmıram ki, bu da böyük uğur gətirə bilər. Televiziyanın yaddaşı baxımından bu addımların atılması mümkündür, amma əsas vəzifə yaradıcılıq işlərini dərinləşdirmək və tamaşaçılara yeni layihələr təqdim etməkdir". 

 

Mehriban Yariyeva

#Televiziya #Media #Jurnalistika #Şou #Yenilik
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər