00:00:00
Yazar
Admin User
15.09.2023 17:30 393 2 dəq oxuma
Sosial

Nə yoğurdum, nə yapdım, hazırca kökə tapdım…

Nə yoğurdum, nə yapdım, hazırca kökə tapdım…

    İlk dəfə məktəbə getdiyim o günəşli günü xatırlayıram. Hər tərəfdə sevinc dolu üzlər, çoxlu gül dəstələri, valideynlərin təlaşı və həyatı yeni dərk etməyə çalışan körpələr.. 15 Sentyabr, saat 08:00… Budur, ilk zəng çalınır. Beləcə, illər bir-birini əvəzləyir, artıq körpə deyil, uşaq deyil, məktəbli həyatı, məktəbli problemləri qarşılayır məsum simaları. 15 sentyabr da yalnız məktəbə getmək məcburiyyəti kimi qalır yaddaşlarda.

  “Mən müəllim olacam”, “mən də həkim”, “mən polis olub, hamını qoruyacam” arzusuna çatmaq üçün çəkilən əziyyət məktəbin əsl üzünü ortaya qoyur. Sadaladığımız peşələrə sahib olmaq üçün məktəbdə keçirilən dərslərin kifayət etmədiyi aşılanmağa başlayır. Valideynlər artıq aşağı siniflərdən beyinlərə repetitor dalğasını yeritməyə başlayırlar. Güvəndiyimiz müəllimlər belə şagirdlərə qazanc mənbəyi kimi baxaraq müxtəlif yollarla onları yanlarına çəkirlər. Beləcə məktəb məcburiyyəti repetitor asılılığı ilə çəkişməyə başlayır. İki yol arasında qalan məktəbli valideyni qınayır, valideyn də məcbur olub bütün maddi-mənəvi yükü üstlənir. Yəni, həm məktəbi yola verir, həm də repetitorları. Üstəgəl də övladının yol, yemək qayğısı. Belə ki, məktəb məcburiyyətini heç bir yolla aradan qaldıra bilməyən məktəblilər günün yarısını məktəbdə mobil telefonla gün keçirirlər, o biri yarısında da bu repetitorun yanından o repetitor yanına qaçırlar. Proses nə az, nə çox, düz 11 il çəkir. En qədər summatriv yoxlamalar, 2 buraxılış imtahanı bütün bu qaçaqaçların sonunu yaxınlaşdırır. Son zəng də çalınır hələ… 1-ci sinifdə İlk zəngə sevinənlər Son zəngdə qanad alıb uçurlar. Amma dərs bitmir a… İyulun ortalarına qədər daha intensiv şəkildə repetitor yanına gedilir. 11 ilin əziyyətinin son günü – qəbul imtahanına qədər. Əsl son zəng də elə bu gün çalınır. Əsl gülməli, daha doğrusu ağlamalı məqam isə abituriyentlərin yığdıqları bal elan olunandan sonradır. Məktəblərin 100 faiz nəticə göstərmələri ilə bağlı statistika açıqlananda… Necə deyərlər, nə yoğurdum, nə yapdım, hazırca kökə tapdım…

FİDAN ƏKBƏRLİ

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər