NAKAM ROMANTİK
...Bilmirəm talehinmi, tarixinmi hökmüdür, ya romantik arzularına qovuşa bilməməklərinin nəticəsidir ki, romantiklərimiz eyni faciəli bir tale yaşadılar. Kimi dəhşətli 37-nin qurbanı oldu, kimi elindən-obasından didərgin düşərək ömrünü yad ellərdə başa vurdu. Nə yetərincə yazıb-yarada, nə də bu dünyanın gözəlliklərindən həzz ala bilməyən cəmi 22 bahar yaşayan Səid Səlmasi, nə isti bir ocağı, bir xoş söz deyəni, xoş nəvaziş göstərəni olmayan Məhəmməd Hadi, nə də amansız xəstəliyin qurbanı olan, 30 yaşın da dünyadan köçən Abdulla Sur öz şərəfli amallarını sonacan başa çatdıra bilmədilər...
“İqbal” qəzetində maraqlı məzmununa və üslubuna görə diqqətimi çəkən “Nakamlıq” adlı məqaləni oxuduqca hiss etdim ki, müəllif onu ürək ağrısı, dərin təəssüf hissi ilə qələmə alıb. H.Cavid ən yaxın qələm yoldaşı, dostu, gənc pedaqoq Abdulla Surun vəfatı münasibəti ilə yazdığı bu məqalədə M.Ə.Sabirin və vətənpərvər Ruhullanında ölümündən bəhs edərək kədərini belə bildirirdi: “Əvət, şu bir sənə zərfində Qafqas, ulu Qafqas, sevgili evladlarından üç qiymətli vücud qayb etdi.
Birincisi möhtərəm şair mərhum Sabir həzrətləri idi...Qafqas öylə nadir vücudə bir də pək çətinliklə malik ola bilər.
İkincisi vətənpərvər üləmamızdan hacı molla Ruhulla həzrətləri idi ki, ziyayi-təhəmmülgüdazı islam ruhi ilə bəslənmiş, hər bir vətəndaşını məhzum və dilxum etdi.
Üçüncüsü isə şu iki mərhumun hiç birilə qabili-qiyas olmaz. Çünki onlar kamilən olmasa belə yenə az-çoq yaşayıb və istədikləri qadar millət və vətənlərinə ifayi-xidmət edə bilmişlərdi. Bu isə (A.Sur), hənuz yeni-yeni qol-qanat açıb, təşəb-büsatda bulunub vətən yavruları için, onların tərəqqiyyatı için çalışıb-çabalamaqda ikən, ölüm, o acı həqiqət, o müdhiş qüvvət fürsət vermədi”.
Yeri gəlmişkən, bir faktı da qeyd edim ki, Hüseyn Cavid Abdulla Surla (Tofiq) ilk dəfə İstanbulda tanış olub. H.Cavid İstanbulda Darülfündə oxuyan zaman Abdulla Sur da İstanbulda Darülfünun ədəbiyyat və psixologiya fakültəsində təhsil alırmış və bu tanışlıq vətənə döndükdən sonra dostluğa çevrilərək davam etdirilib.
Əsası 1453-cü ildə Sultan Məhəmməd Fateh tərəfindən qoyulmuş bu qədim elm ocağında Abdulla Sur görkəmli türk alimləri, pedaqoqları ilə yanaşı,tanınmış siyasi xadimlərlə də görüşmüş, onlardan dəyərli məsləhətlər almış və idealist fəlsəfənin sirlərinə yiyələnmişdi. Bunlar A.Surun sonrakı ədəbi yaradıcılığının, fəlsəfi görüşlərinin, xüsusən türkçülük, millətçilik ideyalarının formalaşmasında və təbliğində çox mühüm rol oynamışdı. Odur ki, bu yüksək təhsil onu bir sıra fəlsəfi təlimlərdən xəbərdar edərək öz ideyalarını sözlə, ədəbi-bədii yolla, sənət vasitəsilə çatdırmaq istəyinə qovuşdurmuşdur.
Kim idi Abdulla Sur ki, Hüseyn Cavid kimi böyük bir filosofu, mütəfəkkiri bu qədər təsirləndirmişdi. Hər şeydən əvvəl H.Cavidin amal, məslək yoldaşı-romantik ədəbi məktəbin nümayəndəsi. İkinci dövrünün istedadlı jurnalisti, kəsərli sözə sahib ədəbi tənqidçisi, xeyirxah və savadlı pedaqoqu.
... Abdulla Ağaməhəmməd oğlu Məhəmmədzadə (Abdulla Tofiq Sur) 1882-ci ildə Gəncədə dünyaya göz açıb. Əksər yaşıdları kimi əvvəl dini təhsil alan Abdulla sonra təhsilini Gəncə Xeyriyyə məktəbində davam etdirib. Burada fars, ərəb dillərini mükəmməl öyrənib. Lakin daha gözəl təhsilə malik olmaq üçün 1906-cı ildə üz tutub Türkiyəyə.
Çox erkən yaşından, hələ Türkiyəyə getməzdən əvvəl 1903-cü ildən yazıb-yaratmağa başlayan Abdulla Sur demək olar bu qısa ömrünü bütövlüklə ədəbi mühitə, bir sözlə maarifə, elmə həsr edib. Odur ki, geniş və çoxcəhətli bilik sahibi olub. Tədqiqatçı alim Əziz Mirəhmədovun yazdığına görə “Bədii ədəbiyyatdan əlavə, tarix və dil, fəlsəfə və iqtisadiyyat, maarif və mətbuat məsələləri ilə dərindən maraqlanırdı. “Elmi-iqtisadi” adlı qeyri-mətbu əsərindən məlum olur ki, Spenser, David Rikardo, Sismondi kimi klassik iqtisadçıların nəzəriyyələrini yaxşı öyrənibmiş”.
Elə ona görə də onu yaxından tanıyan, biliyinə və vətənpərvərliyinə heyran olan Məhəmmədağa Şahtaxtinski belə gəncləri olan millətin gec-tez istiqlalına qovuşacağına əminliyini bildirərək “Şərqi-Rus” qəzetində “Madam ki, türk anaları belə oğullar doğurlar, belə millətin istiqbalından əmin olmamaq mənasız və əsassız bir bədbinlik və yəsdən başqa bir şey olmaz”- söyləməklə nə qədər haqlı imiş. Çünki, istiqlalımızın qələbəsində böyük əməyi olan H.Cavid, Ə.Cavad kimi onlarla istedadlı söz sahiblərini yetişdirməklə Abdulla Sur istiqlalın qələbəsinə yol açdı.
İlk jurnalistlik fəaliyyətinə 1903-cü ildə “Şərqi-rus” qəzetində başlayan Abdulla Sur düz on il Azərbaycan mətbuatında jurnalistlik, publisistik və ədəbi tənqidçilik fəaliyyətini davam etdirdi. “A.Sur”, “Bir adam”, “Abdulla Məhəm-mədzadə”, “Qafqasiyalı”, “Gəncəli” imzaları ilə mətbu aləmində tez bir zamanda məşhurlaşan müəllif ilk yazılarını “Şərqi-Rus”da çap etdirərək xalqını bu düşdüyü cəhalətdən qurtulmaq üçün elmə, maarifə səsləyirdi. Milli intibaha çağırış ruhunda olan bu yazılar sonradan “Həyat”, “İrşad”, “Füyuzat”, “Tərəqqi”, “Həqiqət” kimi mətbu orqanlarının səhifələrində davam etdirildi. Bununla yanaşı, artıq Abdulla Sur dövrün digər aktual problemlərinə, qadınların təhsil almasına, ailə-məişət məsələlərinə və s. mövzulara məqalələrində yer ayırırdı.
İsmayıl bəy Qaspiralının “Tərcüman” qəzetində və onun qızı Şəfiqə xanım Qaspiralının “Aləmi-nisvan” jurnalında çap olunan Abdulla Surun adı bu zaman hələ çox gənc olmasına baxmayaraq dövrünün görkəmli ziyalıları ilə birlikdə çəkilir və onun yaradıcılığına diqqət göstərilirdi.
A.Sur Azərbaycan ədəbiyyatı və mətbuatı tarixində həm də bir ədəbi-tənqidçi kimi də öz izini qoymuşdu. Əsasən romantik ədəbi məktəbin nümayəndəsi olan A.Sur “Füyuzat”çı orqanlarda aktual mövzulu elmi-tənqidi yazılarında klassik irsin bədii incəliklərinə, ideya-fəlsəfi tutumuna xüsusi yer ayırırdı. Elə bu məqsədlə dahi M.Füzuli poeziyasının sənətkarlıq məsələlərinə, ictimai-siyasi dünyagörüşünə, lirik qəhrəman haqqında düşüncələrinə, dil və üslub əlvanlığına böyük həssaslıqla yanaşmışdır.
“Kimsədən məhəbbət və rəğbət görmədiyi halda” öz istəyi uğrunda mübarizə apararaq çalışan Füzulinin ədəbi dil uğrundakı mübarizəsini A.Sur öz qələm yoldaşlarına örnək göstərərək, klassiklərə münasibətini, onlara qayğı ilə yanaşaraq öyrənməyi, bəhrələnməyi tövsiyə edirdi. Unutmayaq ki, A.Surun klassiklərə münasibətində diqqəti çəkən və onu müasirlərindən fərqləndirən əsas xüsusiyyət ədəbi-tarixi keçmişə, mədəni tərəqqinin mürəkkəb mərhələlərinə sistemli analitik baxışıdır.
“Füzulinin janr palitrasına da baş vurur, onun poetik çalarlarını aydınlaşdırır, şairin bədii nəsrinə dair mülahizələrini tarixi-tipoloji qaydada açıqlayırdı”-söyləyən mətbuatşünas alim filologiya elmləri doktoru, prof. Ş.Vəliyev bu haqda “Füyuzat” ədəbi məktəbi” adlı əsərində geniş və aydın şəkildə bəhs etdiyi üçün bir daha təkrara yol vermədən onu qeyd etmək istərdik ki, A.Sur Füzulinin lirikasına çox böyük əhəmiyyət verərək, “sənətkaranə təsvirdən başqa bir şey yapmadığını” söyləyərək ona qayğı ilə yanaşmışdır.
Ədibin “Füzuliyə bir nəzər”, “Nəfiyə bir nəzər” və “Türk ədəbiyyatına bir nəzər” adlı əsərləri bu gün də öz aktuallığı və maraq dairəsinə görə diqqəti cəlb edir.
Amma onu da qeyd edək ki, A.Surun ədəbiyyata, klassiklərə müraciəti “Füyuzat”dan əvvəl “Həyat”da olub. “Həyat”da gürcü ədəbiyyatının görkəmli nümayəndələrindən Ş.Rustavelli, N.Barataşvili, Q.Eristavi, D.Conqadze haqqında çap etdirdiyi məqalələr onun bilik dairəsinin genişliyini və mütaliə dairəsinin zənginliyini sübut edirdi. A.Sur “Füyuzat” jurnalında cəmi dörd dəfə çıxış edib. İlk yazısı jurnalın 25 may 1907-ci il tarixli 18-ci sayında “Bir türk şairəsi” sərlövhəli yazısıdır. “Sinan paşaya bir nəzər” (28-cu sayında) və “Füzuliyə bir nəzər” (30 və 31-ci saylarında) sərlövhəli iri həcmli məqalələri də maraqlı və oxunaqlıdır.
Sovet dövründə digər romantiklər kimi A.Sur yaradıcılığı da haqsız tənqidə məruz qalmışdır. Tədqiqatçılar onu əsasən dini baxışlarına görə, “liberalizm mövqeyində dayanan, “yaradıcılığında dindar ideoloqların təbliğinə yer verən”, “yanlış bir mövqeydə duran”, “islam mədəniyyətinin yolçusu olan” bir qələm əhli kimi tənqid atəşinə tuturdular. Lakin zaman sübut etdi ki, A.Sur demiş: “Həqiqi mədəniyyət-islamiyyət deməkdir”, “Əsil mədəniyyət nə isə, islamiyyət də odur”.
16 yaşından, ömrünün sonuna kimi pedaqoji fəaliyyətlə məşğul olan A.Surun təkcə yaradıcılığı deyil, elə şəxsi həyatı da təmiz və yüksək bir mədəniyyət nümunəsi idi.
“Füyuzat” jurnalı, N-4 2014
BDU-nun professoru Qərənfil Dünyaminqızı
