00:00:00
Yazar
Admin User
13.01.2026 16:14 180 4 dəq oxuma
Sosial

Narsist və manipulyativ insanlar: gizli təsir mexanizmləri

Narsist və manipulyativ insanlar: gizli təsir mexanizmləri

 

Narsist və manipulyativ davranışlar çox zaman açıq aqressiya ilə deyil, incə psixoloji təsir üsulları ilə özünü göstərir. Bu tip insanlar münasibətlərdə nəzarəti ələ almaq, qarşı tərəfin emosiyalarını və qərarlarını yönləndirmək üçün müxtəlif manipulyasiya texnikalarından istifadə edirlər. Problemin ən təhlükəli tərəfi isə bu davranışların çox vaxt gec fərq edilməsi və “normal” münasibət kimi qəbul olunmasıdır.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında psixoloq Sahibə Qədirova bildirib ki, “Narsizm” sözü gündəlik dildə çox vaxt mənfi mənada işlədilir:

 

“Adətən bu sözlə özünü həddindən artıq ön plana çıxaran, eqoist və başqalarını düşünməyən insanlar nəzərdə tutulur. Ancaq psixologiyada narsizm bu qədər sadə bir anlayış deyil. Bu termin etimoloji olaraq yunan mifologiyasındakı Narkissos obrazından gəlir. Klinik psixologiyada isə narsizm sadəcə “özünə heyranlıq” kimi başa düşülmür. Daha çox insanın öz dəyərini necə hiss etməsi, özünə münasibəti və başqaları ilə münasibətlərdə özünü necə aparması ilə bağlı xüsusiyyətlər toplusu kimi izah olunur. Gündəlik dildə “narsist” ifadəsi tez-tez aşağılayıcı məna daşıyır və bu zaman sağlam, normal narsistik xüsusiyyətlərlə patoloji narsizm bir-birinə qarışdırılır. Halbuki psixoloji baxımdan bunlar fərqli anlayışlardır və aralarında mühüm fərqlər var. Normal (sağlam) narsistik xüsusiyyətlər insanın öz dəyərini hiss etməsi, uğur qazanmaq istəməsi və bacarıqlarının fərqində olması ilə bağlıdır. Bu cür xüsusiyyətlərə malik insanlar tənqid və uğursuzluq qarşısında məyus ola bilərlər, amma adətən bu hissləri idarə edə bilirlər. Onlar reallığı nəzərə alır, başqalarının fikirlərini dinləyə bilir və münasibətlərini dağıdacaq davranışlar göstərmirlər. Patoloji narsizm isə daha ciddi çətinliklərlə müşayiət olunur və psixologiyada şəxsiyyət səviyyəsində bir problem kimi dəyərləndirilir. Bu halda insanın özünə verdiyi dəyər çox kövrək olur. O, tez-tez başqalarının təsdiqinə ehtiyac duyur, tənqidə qarşı ya həddindən artıq müdafiəvi, ya da aqressiv reaksiya verə bilər. Belə insanlarda bəzən özünü üstün göstərmək, bəzən isə daxildə güclü dəyərsizlik hissi yaşamaq müşahidə olunur. Münasibətlərdə qarşı tərəfi idealizə etmək və ya dəyərsizləşdirmək kimi kəskin davranışlar ortaya çıxa bilər. Sağlam özünəinamla narsizm arasındakı əsas fərq özünə dəyər hissinin nə qədər sabit və haradan qaynaqlandığı ilə bağlıdır. Patoloji narsizmdə insanın özünü yaxşı hiss etməsi əsasən xarici təsdiqdən asılı olur. Tərif, diqqət və başqalarının reaksiyaları azaldıqda, özünə dəyər hissi də asanlıqla sarsılır.
Sağlam özünəinam isə daha daxildən formalaşır. Belə insan güclü və zəif tərəflərini qəbul edir, tənqidi şəxsi dəyərinə təhdid kimi yox, məlumat kimi görə bilir. Bu, onun həm şəxsi inkişafına, həm də daha sağlam münasibətlər qurmasına imkan yaradır”.

 

Sahibə xanım manipulyasiyanın müəyyən bir davranış strategiyası olduğunu və yalnız bir şəxsiyyət tipinə aid olmadığını da vurğulayıb:

 

“Bu cür davranışlar müxtəlif şəxsiyyət xüsusiyyətlərinə malik insanlarda müşahidə oluna bilər. Bununla yanaşı, narsistik xüsusiyyətləri olan şəxslər manipulyativ texnikalardan daha sistemli şəkildə istifadə edə bilirlər. Bu, adətən özünə dəyər hissini qorumaq, nəzarəti itirməmək və münasibətlərdə üstün mövqedə qalmaq ehtiyacı ilə bağlı olur. Manipulyativ davranışlarda ən çox rast gəlinən texnikalardan biri gaslightingdir. Bu zaman qarşı tərəfin yaşadıqları, hiss etdikləri və düşündükləri şübhə altına alınır, reallığı yanlış qavradığına inanmasına səbəb olunur. Nəticədə insan özünə daha az güvənməyə başlayır.
Digər yayğın üsul müsbət möhkəmləndirmədir. Tərif, hədiyyə, üzr istəmə və ya mükafatlandırma yolu ilə qarşı tərəfin müəyyən davranışları göstərməsi təşviq edilir. Bu üsul ilk baxışdan müsbət görünə bilər, lakin məqsəd qarşı tərəfi idarə etmək olduqda manipulyativ xarakter daşıyır. Bəzi hallarda isə mənfi möhkəmləndirmə və aqressiya istifadə olunur. Təzyiq göstərmək, qorxutmaq, emosional gərginlik yaratmaqla qarşı tərəf geri çəkilməyə və istənilən davranışı etməyə məcbur edilir. Diqqəti yayındırma da tez-tez istifadə edilən texnikadır. Əsas problem əvəzinə ikinci dərəcəli mövzular qabardılır, məsuliyyət yayındırılır və real məsələ arxa plana atılır.
Manipulyasiyanın başqa bir forması aşağılama və dəyərsizləşdirmədir. Xüsusilə sosial mühitdə qarşı tərəfin özünəinamını sarsıtmaqla onun mövqeyi zəiflədilir. Bundan əlavə, emosional şantaj da geniş yayılmışdır. Qorxu, günahkarlıq və ya həddindən artıq məsuliyyət hissi yaradılaraq qarşı tərəfin davranışlarına nəzarət edilir. Bu cür manipulyativ texnikalar uzun müddət davam etdikdə qarşı tərəfin özünəinamını zəiflədə və münasibətlərdə balanssız, qeyri-bərabər güc münasibəti yarada bilər. Empatiya qarşı tərəfin emosional vəziyyətini tanımaq, anlamaq və uyğun emosional cavab vermək qabiliyyətidir. Affektiv empatiya qarşı tərəfin emosional vəziyyətinə emosional səviyyədə reaksiya vermək və bu emosiyanı müəyyən dərəcədə daxildə hiss etmək qabiliyyətini ifadə edir. Bu zaman qarşı tərəfin emosiyaları ilə daxili uyğunlaşma müşahidə olunur ki, bu da emosional rezonans adlandırılır. Narsistik Şəxsiyyət Pozuntusu olan fərdlərdə affektiv empatiya sahəsində çətinliklər daha qabarıq müşahidə olunur, kognitiv empatiyanın isə nisbətən qorunmuş qala bildiyi qeyd edilir. Kognitiv empatiya digər şəxsin nə düşündüyünü və nə hiss etdiyini anlamaq, onun psixoloji perspektivini dərk etmək qabiliyyəti ilə əlaqələndirilir. Empatiya ilə bağlı bu çətinliklər tək bir səbəblə izah edilmir. Tədqiqatlar göstərir ki, narsistik xüsusiyyətlərin formalaşmasında: erkən bağlanma təcrübələri, valideyn-uşaq münasibətlərində empatiya baxımından uyğunsuzluqlar, qeyri-sabit valideyn münasibətləri, genetik meyllər birgə rol oynayır. Bu səbəbdən narsizmin inkişafı çoxfaktorlu, inkişafyönlü və dinamik bir proses kimi qiymətləndirilir”.


Banu Məmmədova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər