00:00:00
Yazar
Aysel Mirzəyeva
04.05.2026 21:31 29 4 dəq oxuma
Sosial

Süni gözəllik standartları: Gənclər özünü niyə bəyənmir?

Süni gözəllik standartları: Gənclər özünü niyə bəyənmir?

Sosial şəbəkələrdə ideal görünüşlərin davamlı şəkildə təqdim olunması gənclərin öz bədəninə və xarici görünüşünə münasibətini ciddi şəkildə dəyişir. Filtrlər, estetik müdaxilələr və “mükəmməl həyat” görüntüləri reallıqla uyğun gəlməsə də, bir çox gənc üçün standart halına çevrilir. Nəticədə isə özünə inamsızlıq, narazılıq və psixoloji gərginlik artır. Bu tendensiya artıq yalnız fərdi məsələ deyil, cəmiyyət üçün də narahatedici sosial problem kimi qiymətləndirilir.

 

Mövzu ilə bağlı kosmetoloq  Sahilə Əbdürrəhmanova "İnformator.az”a açıqlamasında bildirib ki, estetik müdaxilələr dəbə çevrilib və ehtiyac olmadan yayılır:

 

“Hər şeyin bir dövranı var, hər bir şeyin bir dəbi olduğu kimi, hazırda estetik həkimlər və kosmetoloqlara müraciət etmək də bir növ dəb halını alıb. Artıq ehtiyacı olan da, olmayan da bu prosedurlara üz tutur. Mən öz sahəmdə heç vaxt 18-20 yaşlı qızlara, nə qədər məbləğ təklif olunsa belə, estetik müdaxilə etmirəm və buna qarşıyam. Məsələn, tibbi zərurət olmadan gənc qızın yalnız görünüş məqsədilə cərrahi əməliyyata müraciət etməsi ciddi risklər yaradır. Bu zaman sinirlərin zədələnməsi, müxtəlif fəsadlar və gələcəkdə ana olduqda südvermə ilə bağlı problemlər yarana bilər. Ona görə belə halların əleyhinəyəm. Bu gün geniş yayılan estetik dəyişikliklər: süni bədən formaları, həddindən artıq incəldilmiş qabırğalar, standart burun formaları və “ideal” üz cizgiləri, əslində dəbin təsiridir. Ehtiyac olmadığı halda bu cür müdaxilələri düzgün hesab etmirəm”.

 

Həmçinin ekspert əlavə edib ki, erkən yaşda edilən estetik prosedurlar ciddi sağlamlıq riskləri yaradır:

 

"Yalnız tibbi zərurət olduqda müraciət edilməlidir. Erkən yaşda edilən estetik müdaxilələrin ciddi riskləri var. 18 yaşlı bir gəncin bədəni hələ tam formalaşmadığı üçün bu dövrdə edilən dolğular və ya əməliyyatlar gələcəkdə deformasiya və struktur dəyişikliklərə səbəb ola bilər. Bəzən bu problemləri sonradan aradan qaldırmaq belə mümkün olmur. Əlbəttə, sağlamlıq problemi olan insanlar: məsələn, nəfəs darlığı və ya ciddi deformasiya hallarında cərraha müraciət etməlidirlər. Lakin yalnız estetik görünüş üçün radikal əməliyyatlara üz tutmaq düzgün deyil. Bu məsələ xüsusilə qız övladı böyüdən ailələri narahat etməlidir. Çünki gənclər gördüklərindən təsirlənir və bu “standartlara” uyğunlaşmağa çalışırlar”.

 

Mövzu ilə bağlı psixoloq Aytən Ələkbərova da fikirlərini saytımızla bölüşüb:

 

“Bir çox insanlarda artıq digər insanların görünüşü ilə bağlı ‘mən də belə olmalıyam’ düşüncəsi həqiqətən də bəzilərində obsessiv-kompulsiv pozuntunun yaranmasına gətirib çıxarır. Çünki insan özünü psixosomatik olaraq ‘mən gözəl görünmürəm, mənim görünüşüm yaxşı deyil’ və yaxud ‘onun o cür gözəl evi var, mənim yoxdur’ deyərək sanki özünü bir dərdə salır. Bu dərdin içərisində də bəzən görürsünüz ki, müəyyən sindromlar özünü göstərməyə başlayır. Məsələn, biz çox geniş yayılmış bunların içərisində laloxeziyadır ki, bəzən görürsən ki, istədiyini əldə etməyən bir insan nalayiq sözlər, xalq arasında qeyri-rəsmi mənbələrdə işlənən kobud ifadələr, nəzarətsiz şəkildə deməyə başlayır. Çünki insan özündə olanları qəbul etməyib. Yəni sadəcə olaraq görünüşündə mənim bəyənmədiyim bir şeylər ilk olaraq elə laloxeziya ilə başlayır ki, öz-özünü söyməklə, öz-özünü təhqir etməklə davam edir. Və yaxud ona gücü çatmayanda çıxır onun haqqında nalayiq sözlər deyir ki, bir az sakitləşsin. Çünki özü onun kimi ola bilmədikdə bu cür addımlar atmağa başlayır”.

 

Ekspert onu da qeyd edib ki, özünü qəbul etmək psixoloji sabitlik yaradır:

 

“Yəni bunun içərisində əgər bir insanda özündən asılı olmayaraq bir növ söyüş demələr, sözlərini idarə edə bilməmə halları varsa və bunlar sonunda tiklərə, yəni ani hərəkətlərə belə çıxarırsa, ‘mənim görünüşümdə bunlar yoxdur, bunların öhdəsindən gələ bilmirəm’ düşüncəsi ilə insan artıq psixoloji olaraq gərginliyini bu formada yaşamağa başlayır. Özünü bəyənməmə hissinin qarşısını almaq üçün düşüncə tərzini dəyişmək vacibdir. Hər kəsdə olan məndə olmalı deyil. Məsələn, Aytən xanım burnunu əməliyyat etdirməyib, çünki özü kimi olmağı istəyir. Ona baxanlar isə onun burnuna yox, fikrinə, düşüncələrinin arxasında durmağına hörmət edirlər. Bu da onun özgüvənini artırır. Burada əsas məsələ insanın özünü olduğu kimi qəbul etməsidir. Təbiidir ki, müəyyən qüsurlar olarsa, insan istəyər ki, onları aradan qaldırsın. Amma ümumi şəkildə ‘hamımız ideal görünüşdə olmalıyıq’ düşüncəsi insanın şüuraltında pozulmaya və obsessiv düşüncələrin yaranmasına gətirib çıxarır. Ona görə də nə olursa olsun, özümüzü özümüz kimi qəbul etməyi bacarmalıyıq”.

 

Arzu Poladova

#süni #bəyənmir? #azərbaycan #özünü
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər