Natəmiz hovuz, diqqətsizlik və artan xəstəliklər
Yay mövsümündə hovuzlardan istifadə edənlərin sayı artır. Lakin gigiyena qaydalarına əməl olunmadıqda müxtəlif dəri, göz və infeksiya xəstəliklərinə yoluxma riski də yüksəlir.
"Yay mövsümündə hovuzlara insanlar kimi sərinlənmək üçün, kimi üzgüçülüyü öyrənmək üçün, kimisə məşq eləmək üçün gedir. Yəni hovuzlardan müxtəlif təbəqəli insanlar istifadə edirlər. Ancaq bunu da bilmək lazımdır ki, hovuzdan keçən çoxlu sayda xəstəliklər var".
Bu sözləri həkim, ekspert Rasim Bağırov "İnformator.az"a açıqlamasında deyib. O qeyd edib ki, bu xəstəliklərdən hətta tənəffüs yolları ilə keçən legioner deyilən xəstəlik var:
"Durğun su hövzələrində legionellalar inkişaf edir, nəfəs aldıqda isə tənəffüs yoluna gedir. Bu yolla xəstəlik yarana bilir. Daha sonra bağırsaq xəstəlikləri, infeksiyaları da ən çox rast gəlinən xəstəliklərdən biridir. Bağırsaq infeksiyalarına bəzən heç xlor da ona təsir eləmir. Bir də dəri xəstəlikləri inkişaf edir, ziyil olur, dəridə müxtəlif göbələklər və xəstəliklər əmələ gələ bilir. Yəni bu xəstəliklər adətən hovuzdan keçə bilir. Hovuza getməmişdən qabaq, birinci növbədə baxmalısan ki, uşağın özü xəstədir, yoxsa deyil. Uşağın özündə yüngül soyuqdəymə varsa, təbii ki, su prosedurundan sonra xəstəliyi güclənə bilər. İkinci isə hovuzun səviyyəsini dəqiq bilməlisiniz ki, kifayət qədər normal qaydalarla xlorlanıbmı?"
Müsahibimizin sözlərinə görə, üçüncü qızıl qayda hovuza daxil olan bütün şəxslərin əvvəlcə duş qəbul etməsidir:
"Duş qəbul etmədən birbaşa suya girmək həm şəxsin özü, həm də digər istifadəçilər üçün sağlamlıq riski yarada bilər. Eyni zamanda, hovuzdan çıxdıqdan sonra da duş qəbul etmək tövsiyə olunur.Duşa daxil olarkən ayaqlarda ziyil və göbələk kimi infeksiyaların yaranmasının qarşısını almaq üçün mütləq xüsusi ayaqqabıdan istifadə edilməlidir. Bu qaydalara əməl olunmaması bağırsaq infeksiyaları da daxil olmaqla müxtəlif yoluxucu xəstəliklərin yayılmasına səbəb ola bilər. Ağır hallarda isə bəzi infeksiyalar ciddi fəsadlar törədə bilər.Bundan əlavə, hovuza daxil olarkən gözləri və qulaqları qorumaq üçün xüsusi üzgüçülük eynəyindən və qulaq qoruyucularından istifadə etmək məsləhətdir. Bu sadə gigiyena qaydalarına riayət etməklə hovuzdan istifadə zamanı yarana biləcək müxtəlif xəstəliklərin qarşısını almaq mümkündür.”
Zəhra Möhübbətova