00:00:00
Yazar
Elmira Ağayeva
12.08.2026 19:47 26 3 dəq oxuma
Gündəm

Naxçıvana Ermənistan ərazisindən elektrik xətlərinin çəkilməsi: layihənin regional əhəmiyyəti

Naxçıvana Ermənistan ərazisindən elektrik xətlərinin çəkilməsi: layihənin regional əhəmiyyəti

 

Prezident İlham Əliyev Azərbaycanın əsas hissəsindən Naxçıvana Ermənistan ərazisindən elektrik xətlərinin çəkilməsi layihəsinin hazır olduğunu bildirib. Dövlət başçısı Zəngəzur dəhlizinə yalnız nəqliyyat layihəsi kimi deyil, daha geniş bağlantılar çərçivəsində yanaşıldığını qeyd edib.

 

Mövzu ilə bağlı  Sumqayıt Dövlət Universitetinin “Energetika və nəqliyyat texnologiyaları” kafedrasının müdiri, texnika elmləri namizədi, dosent Ramiz Kəlbiyev “İnformator.az”a açıqlamasında bildirib ki, layihənin enerjidən daha geniş geoiqtisadi əhəmiyyəti ortaya çıxır:


“Azərbaycanın əsas elektrik şəbəkəsinin Naxçıvanla Ermənistan ərazisindən birbaşa birləşdirilməsi ilk növbədə Naxçıvanın enerji sisteminin Azərbaycanın vahid enerji sisteminə inteqrasiyasını gücləndirəcək. Hazırda Naxçıvanın enerji sisteminin ölkənin əsas hissəsi ilə fiziki əlaqəsinin yaradılması strateji layihə kimi həyata keçirilir. Layihənin əsas üstünlüklərindən biri enerji təchizatının etibarlılığının və dayanıqlığının yüksəldilməsidir. Naxçıvanın ayrıca enerji sistemindən vahid Azərbaycan şəbəkəsinə qoşulması elektrik enerjisinin müxtəlif istiqamətlərdən ötürülməsinə, qəza və pik yüklənmə hallarında ehtiyat imkanlarının artırılmasına şərait yarada bilər. Digər mühüm məsələ bərpa olunan enerjinin inteqrasiyasıdır. Naxçıvanın yaşıl enerji zonası kimi inkişaf etdirilməsi, burada günəş elektrik stansiyalarının yaradılması və gələcəkdə elektrik enerjisinin ixrac imkanlarının nəzərdən keçirilməsi bu bağlantının əhəmiyyətini daha da artırır. Layihəyə yalnız Naxçıvanın elektriklə təminatı kimi baxmaq düzgün olmaz. O, perspektivdə Azərbaycan-Naxçıvan-Türkiyə və daha geniş Azərbaycan-Türkiyə-Avropa enerji bağlantısının bir hissəsinə çevrilə bilər. Azərbaycanın enerji sisteminin Türkiyə və Avropa istiqamətində genişləndirilməsi üzrə planlarda Naxçıvan və Ermənistan ərazisindən keçən ötürmə xətləri ayrıca strateji istiqamət kimi göstərilir. Layihənin enerjidən daha geniş geoiqtisadi əhəmiyyəti ortaya çıxır. Əgər elektrik xəttinin Ermənistan ərazisindən keçməsi reallaşarsa, bu, Azərbaycan və Ermənistan arasında fiziki enerji infrastrukturunun yaranması demək olacaq. Belə bağlantı iki ölkənin enerji sistemlərini müəyyən səviyyədə bir-birinə bağlayaraq əməkdaşlıq üçün yeni iqtisadi platforma yarada bilər. Məsələn, gələcəkdə texniki və kommersiya şərtləri razılaşdırılmaqla: elektrik enerjisinin qarşılıqlı ötürülməsi, fövqəladə hallarda enerji dəstəyi, elektrik enerjisinin tranziti, bərpa olunan enerjinin regional şəbəkəyə inteqrasiyası, enerji ticarəti və balanslaşdırma mexanizmləri kimi istiqamətlər inkişaf etdirilə bilər.
Bu, Ermənistan üçün də əhəmiyyətlidir. Ermənistan yalnız tranzit ərazi rolunu deyil, gələcəkdə regional enerji şəbəkəsinin iştirakçısı rolunu əldə edə bilər. Azərbaycan üçün isə Ermənistan üzərindən Naxçıvana bağlantı ilə yanaşı, Türkiyəyə və daha geniş enerji bazarlarına çıxış imkanları genişlənir. Ən mühüm məqam isə odur ki, nəqliyyat, enerji, rabitə və digər infrastrukturun eyni dəhliz ətrafında inkişafı Zəngəzur istiqamətini çoxfunksiyalı regional bağlantıya çevirə bilər. Azərbaycanın rəsmi enerji qurumları da Naxçıvan vasitəsilə Türkiyəyə enerji ötürülməsi layihələrini regional enerji təhlükəsizliyinin və enerji ixrac imkanlarının gücləndirilməsi ilə əlaqələndirirlər. Beləliklə layihənin üç səviyyədə əhəmiyyəti var:
Azərbaycan üçün: Naxçıvanın enerji təhlükəsizliyi, vahid enerji sisteminə inteqrasiya, Türkiyə və Avropaya enerji çıxışının genişlənməsi;
Ermənistan üçün: tranzit imkanları, enerji infrastrukturunun inkişafı, Azərbaycan və digər regional ölkələrlə iqtisadi əməkdaşlıq;
Naxçıvan üçün: daha etibarlı elektrik təchizatı, enerji sisteminin genişləndirilməsi, bərpa olunan enerjinin inkişafı və gələcək enerji ixracı imkanları”.


Samirə Allahverdizadə

#Azərbaycan #Naxçıvan #Ermənistan #elektrikxətləri
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər