Naxçıvanın yeni dövrü: logistika qovşağı, sənaye və regional inkişaf
Mühüm geosiyasi mövqeyə, zəngin təbii və iqtisadi potensiala malik Naxçıvan yeni dirçəliş dövrünə qədəm qoyub. Regionun formalaşmaqda olan yeni nəqliyyat və iqtisadi arxitekturasının mühüm qovşaqlarından birinə çevrilən Naxçıvan strateji əhəmiyyət kəsb edir. Üç dövlətlə - Türkiyə, İran və Ermənistanla sərhədlərə malik olması bölgənin geosiyasi rolunu artırır.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında iqtisadçı Asif İbrahimov bildirib ki, Naxçıvanın Türkiyə, İran və Ermənistanla sərhəddə yerləşməsi bu ərazini yalnız coğrafi baxımdan deyil, regional iqtisadiyyat və logistika baxımından da strateji mövqeyə çevirir:
"Naxçıvanın qarşısında duran əsas məsələ bu coğrafi üstünlüyü real iqtisadi dəyərə çevirməkdir. Bunun üçün region tranzit yük axınlarının keçdiyi ərazi olmaqla kifayətlənməməli, logistika, anbar, gömrük, emal və distribusiya xidmətlərinin cəmləşdiyi regional mərkəzə çevrilməlidir. Naxçıvanın ən böyük üstünlüklərindən biri Türkiyə bazarına birbaşa çıxış imkanının olmasıdır. Türkiyə üzərindən Avropa bazarlarına, İran vasitəsilə isə Yaxın Şərq və Cənubi Asiya istiqamətlərinə çıxışın genişləndirilməsi Naxçıvana çoxşaxəli logistika imkanları yaradır. Ermənistanla nəqliyyat əlaqələrinin normallaşması isə yeni marşrutların formalaşmasına imkan verə bilər. Beləliklə, Naxçıvan yalnız bir istiqamətdən asılı olmayan, alternativ marşrutların kəsişdiyi regional logistika qovşağına çevrilə bilər. Bu baxımdan Naxçıvanı yalnız tranzit ərazi kimi deyil, əlavə dəyər yaradan logistika mərkəzi kimi inkişaf etdirmək lazımdır. Burada logistika terminalları, gömrük-logistika kompleksləri, soyuducu anbarlar, yük konsolidasiyası mərkəzləri, dəmir yolu və avtomobil nəqliyyatının inteqrasiyası, elektron logistika platformaları və regional distribusiya mərkəzləri yaradılmalıdır. Naxçıvanın gələcək iqtisadi modelində yükün sadəcə ərazidən keçməsi deyil, burada saxlanması, çeşidlənməsi, qablaşdırılması, emal edilməsi və yenidən ixracı əsas hədəf olmalıdır.
Əslində, nəqliyyat bağlantılarının genişləndirilməsi istiqamətində beynəlxalq maraq da artır. Bu ilin yanvarında Avropa İttifaqı və Azərbaycan Naxçıvan dəmir yolu layihəsinin inkişafı üzrə Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) ilə texniki-iqtisadi əsaslandırma işlərinin başlanmasını açıqlayıb. Layihə daha geniş Trans-Xəzər nəqliyyat dəhlizi kontekstində qiymətləndirilir. Bu isə Naxçıvanın gələcəkdə yalnız Azərbaycan-Türkiyə xəttində deyil, Avropa-Qafqaz-Mərkəzi Asiya logistika zəncirində də daha böyük rol oynaya biləcəyi anlamına gəlir.
Lakin logistika təkbaşına regional inkişafı təmin etmir. Naxçıvan paralel olaraq sənaye və istehsal mərkəzinə çevrilməlidir. Naxçıvan Sənaye Parkının 2024-cü ilin dekabrında yaradılması bu istiqamətdə institusional baza formalaşdırır. Burada əsas məqsəd xammalın gətirildiyi, hazır məhsulun isə istehsal edilərək ixrac olunduğu, ixracyönümlü müəssisələrin, aqroemal, qida sənayesi, tikinti materialları, yüngül sənaye və logistika ilə əlaqəli istehsal sahələrinin yerləşdiyi vahid ekosistem yaratmaq olmalıdır.
Xarici investor üçün isə təkcə Naxçıvanın strateji mövqeyi kifayət deyil. İnvestor coğrafiyaya deyil, gəlirlilik və risk nisbətinə investisiya qoyur. Buna görə Naxçıvanda investisiya layihələri üçün uzunmüddətli vergi və gömrük təşviqləri, torpaq və infrastrukturun hazır vəziyyətdə təqdim edilməsi, elektrik, qaz, su və internet təminatı, valyuta və mənfəətin repatriasiyası üzrə aydın qaydalar, investisiya zəmanətləri və “bir pəncərə” prinsipi əsasında sürətli inzibati prosedurlar təmin edilməlidir.
Məncə, Naxçıvanda xüsusi investisiya və logistika rejiminin yaradılması da müzakirə olunmalıdır. Məsələn, strateji logistika və ixrac layihələri üçün dövlət zəmanətli infrastruktur, güzəştli maliyyələşmə, investisiya subsidiyaları və risk bölüşdürmə mexanizmləri tətbiq edilə bilər. Eyni zamanda dövlət bütün biznes risklərini öz üzərinə götürməməlidir. Dövlət infrastruktur və hüquqi mühiti yaratmalı, özəl sektor isə kapitalı, texnologiyanı, idarəetməni və bazara çıxışı təmin etməlidir.
Naxçıvanın iqtisadi inkişafında regional inteqrasiya da əsas istiqamətlərdən biri olmalıdır. 2026-cı ilin iyununda qeyri-neft-qaz məhsullarının ixracı və nəqliyyat xərclərinin dəstəklənməsi ilə bağlı yeni tədbirlərin qəbul edilməsində Naxçıvanda istehsal olunan malların Azərbaycanın digər ərazilərinə çıxışının məhdudluğu ayrıca qeyd olunub. Bu, problemin yalnız yeni müəssisələrin yaradılmasından ibarət olmadığını göstərir. Əsas məsələ Naxçıvanda istehsal olunan məhsulların rəqabətqabiliyyətli logistika xərcləri ilə Bakı, Türkiyə, İran və digər bazarlara çatdırılmasıdır.
Nəticədə Naxçıvanın yeni iqtisadi modeli üç əsas sütun üzərində qurulmalıdır: logistika qovşağı, ixracyönümlü sənaye və xarici investisiya. Əgər nəqliyyat infrastrukturu genişlənir, amma yük yaranmırsa, logistika dəhlizi tam potensialını reallaşdıra bilməz. Əgər sənaye müəssisələri yaradılır, amma bazarlara çıxış bahalıdırsa, investisiya rəqabət qabiliyyətini itirir.
Ona görə də Naxçıvan üçün məqsəd sadəcə yeni yolların və müəssisələrin tikilməsi deyil, nəqliyyat-istehsal-maliyyə-ixrac zəncirinin vahid iqtisadi sistemə çevrilməsidir. Məhz bu halda Naxçıvan coğrafi baxımdan Azərbaycanın əsas ərazisindən ayrı yerləşən muxtar ərazi olmaqdan daha böyük bir funksiyaya -Türkiyə, İran, Cənubi Qafqaz və Avropa arasında əlaqələndirici regional iqtisadi platformaya çevrilə bilər".
Səadət Əlizadə