Nazir: "Azərbaycan beynəlxalq tərəfdaşlarla iqlim gündəliyi üzrə işi davam etdirəcək"
Azərbaycan beynəlxalq iqlim gündəliyi üzrə öhdəliklərini gücləndirir və bu istiqamətdə beynəlxalq tərəfdaşlarla əməkdaşlığı genişləndirməyi hədəfləyir. Maliyyə naziri Sahil Babayevin açıqlamalarına görə, xüsusilə Asiya İnkişaf Bankı ilə birgə fəaliyyət iqlim maliyyələşdirilməsi, enerji keçidi və dayanıqlı inkişaf sahələrində konkret nəticələrin əldə olunmasına yönəlib.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında iqtisadçı Rəşad Həsənov bildirib ki, iqtisadiyyatın transformasiyası eyni zamanda karbon emissiyalarının azaldılması istiqamətində aparılan tədbirlərlə müşayiət olunan çoxşaxəli bir prosesdir:
“Təbii ki, texnologiyalar inkişaf etdikcə bu sahədə yaranan xərclər müəyyən qədər optimallaşır. Lakin buna baxmayaraq, hər bir ölkədə həyata keçirilən bu siyasətlər əlavə və ciddi maliyyə yükü formalaşdırır. Bu yük həm dövlətin, həm biznes subyektlərinin, həm də digər maraqlı tərəflərin, bəzi hallarda isə vətəndaşların üzərinə düşür. Belə ki, bir sıra hallarda vətəndaşlara münasibətdə yeni tələblər irəli sürülür. Məsələn, mənzillərin qızdırılması və ya yeni texnologiyaların tətbiqi ilə bağlı enerji sərfiyyatının dəyişməsi kimi məsələlər bu qəbildəndir. Digər tərəfdən isə dövlətlər həyata keçirdikləri siyasətlərin maliyyə yükünü müxtəlif yığımlar, rüsumlar və ya vergilər vasitəsilə əhali üzərinə yönləndirirlər. Ümumilikdə, dünyanın əksər ölkələrində bu siyasətlər əlavə maliyyə yükü yaradır.
Azərbaycanda da bu istiqamətdə müəyyən öhdəliklər mövcuddur. Xüsusilə karbon emissiyalarının azaldılması ilə bağlı 2035–2050-ci illəri əhatə edən hədəflər və digər siyasətlər əlavə xərc yükü formalaşdırır. Bu xərclərin həcmi isə tətbiq olunan siyasətlərin dərinliyindən, əhatə dairəsindən və icra sürətindən asılıdır. Bu baxımdan beynəlxalq əməkdaşlıq, xüsusilə beynəlxalq maliyyə institutları və inkişaf bankları ilə tərəfdaşlıq mühüm əhəmiyyət kəsb edir. Dünya təcrübəsində bu yanaşma geniş tətbiq olunur. Məsələn, Asiya İnkişaf Bankı kimi qurumların həm kredit, həm texniki dəstək mexanizmləri, eləcə də yaşıl və dayanıqlı maliyyə alətləri vasitəsilə resursların cəlb edilməsi prosesin daha səmərəli həyata keçirilməsinə imkan yaradır.
Eyni zamanda, bu xərclərin yalnız bir nəslin üzərinə düşməsi düzgün yanaşma hesab olunmur. Daha məqsədəuyğun yanaşma bu yükün müxtəlif nəsillər arasında daha ədalətli şəkildə bölüşdürülməsidir. Bu baxımdan beynəlxalq maliyyə institutlarının prosesə cəlb olunması maliyyə yükünün balanslı paylaşılmasına şərait yaradır. Yaşıl iqtisadiyyata keçid məsələsi də burada xüsusi yer tutur. Azərbaycan bir tərəfdən enerji istehsal edən ölkədir və bu keçid müəyyən çağırışlar yaradır. Xüsusilə mədən və karbohidrogen sənayesinin ətraf mühitə təsirlərinin azaldılması üçün iri həcmli və maliyyə tutumlu layihələrin həyata keçirilməsi zərurəti meydana çıxır. Nəticə etibarilə, bu proses bir tərəfdən böyük maliyyə resurslarına tələbat yaradır, digər tərəfdən isə orta və uzunmüddətli perspektivdə ənənəvi enerji məhsullarına tələbatın azalması, qiymətlərin enməsi və bunun nəticəsində gəlirlərin azalması kimi çətinliklər formalaşdırır. Bu isə iqtisadi siyasətin daha çevik və balanslı şəkildə qurulmasını zəruri edir”.
Ədilə Hüseynzadə