Nazir ölkədaxili sürət qatarları və tramvay xətlərinin çəkilməsini xəyala bənzədib
Neftin ucuzlaşması böyük layihələrin həyata keçirilməsini ləngidir. Nəqliyyat naziri Ziya Məmmədov ölkə daxilində sürətli qatarların və tramvayların çəkilməsini xəyala bənzədib.
Nəqliyyat Nazirliyi Bakı-Sumqayıt arasında sürətli elektrik qatarının təşkili ilə bağlı digər dövlət qurumları ilə fikir mübadiləsi aparır. Ziya Məmmədovun sözlərinə görə, belə bir arzu var. “Bunu reallaşdırmaq üçün böyük maliyyə vəsaiti tələb olunur. Dünyada neftin qiyməti aşağı düşüb, müəyyən proseslər gedir. Bu da böyük layihələrin icrasına öz təsirini göstərir, onların həyata keçirilməsini ləngidir,”-deyə nəqliyyat naziri bildirib.
Ziya Məmmədov son 10 ildə Azərbaycanda 300, Bakıda 70 körpü tikildiyini və 2014-cü ildə nəqliyyat sektoruna 2,5 mlrd. dollar sərmayə yatırıldığını deyir. Bu da bütün iqtisadiyyata yatırılan sərmayələrin 21%-nə bərabərdir. Ölkənin avtomobil yollarına yatırılan sərmayə 2014-cü ildə 1,9 mlrd. dollar təşkil edib. Nəqliyyat sektorunda son 10 ildə daşımaların həcmi 5,7%, sərnişindaşıma 3,7%, tranzit daşınmalar 3,4% artıb.
Nəqliyyat Nazirliyi Bakıda keçiriləcək ilk Avropa Oyunlarına ciddi hazırlaşır. Avtobus və taksi parklarının genişləndirilməsi davam etdirilir. Paytaxta 300 yeni “London” taksisi gətirilib, fevralın sonu-martın əvvəlində bu say 500-ə çatdırılacaq.
