Nazir təsdiqləyib: Bu sürücülərdən 30 manat tutulacaq...
Daxili İşlər Nazirliyinin (DİN) balansındakı mühafizə olunan duracaqlara nəqliyyat vasitəsinin gətirilməsi və orada saxlanılması üçün haqqın məbləği müəyyənləşib.
"İnformator.az" "Oxu.az" a istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov qərar imzalayıb.
Sənədə əsasən, nəqliyyat vasitəsinin təxliyə avtomobilləri ilə duracaqlara gətirilməsi üçün 30 manat haqq tutulacaq.
Bundan başqa, avtomobillərin duracaqlarda saxlanılması üçün onların kütləsindən asılı olaraq gündəlik ödəniş müəyyən edilib.
Belə ki, kütləsi 3.5 tona qədər olan nəqliyyat vasitəsinin duracaqda saxlanılması üçün gündə 2 manat, kütləsi 3.5 tondan 10 tona qədər olan nəqliyyat vasitəsi üçün gündə 3 manat, kütləsi 10 tondan yuxarı olan nəqliyyat vasitəsi üçün isə gündə 5 manat haqq ödəniləcək.
Qeyd edilib ki, qoşqulu nəqliyyat vasitəsinin duracaqda saxlanılmasına görə həmin nəqliyyat vasitəsi üçün müəyyən edilmiş haqqın 50 faizi miqdarında əlavə ödəniş hesablanacaq.
Həmçinin mühafizə olunan duracağa gətirilmiş nəqliyyat vasitəsinin saxlanılması üçün haqq onun duracağa gətirildiyi gündən sonrakı gün saat 00:00-dan etibarən hesablanmağa başlayacaq.