Nazirdən sərt mesaj: Təhsildə nəticə əsas meyardır
Elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, müasir təhsil fənn mərkəzli deyil, şagird mərkəzli olmalıdır. Onun sözlərinə görə, məzmunun dəyişməsi müəllim maaşları ilə birbaşa bağlıdır və sistemin yenilənməsi çətindir. Nazir vurğulayıb ki, müəllimə maaşın verilməsinin əsas səbəbi şagirdin daha yaxşı öyrənməsidir.
Master of Science” Təhsil Mərkəzinin direktoru, təhsil eksperti Rizvan Fikrət oğlu bildirib ki, süni intellekt şagirdin zəif və güclü tərəflərini müəyyən edir, müəllimə isə konkret şagird üçün hansı üsulun daha səmərəli olduğunu göstərir:
“Qiymətləndirməni daha obyektiv edir. Yəni süni intellekt müəllimi əvəz etmir, lakin onun rolunu köklü şəkildə dəyişə bilir. Bu da o deməkdir ki, müəllim artıq sadəcə mövzunu izah edən yox, nəticə yaradan peşəkar kimi qəbul edilir. Bu, həm məsuliyyəti artırır, həm də müəllimin əlində daha güclü alətlər yaradır.Nəticəyə əsaslanan yanaşma uzunmüddətli perspektivdə müəllim peşəsinin nüfuzunu necə dəyişə bilər? Burada iki istiqamət var:Müsbət ssenari: Əgər düzgün tətbiq olunarsa, peşəkar inkişaf edən müəllimlərin həm nüfuzu, həm də gəliri artacaq. Müəllim yalnız dəstək verən yox, ölçülə bilən dəyər yaradan mütəxəssis kimi qəbul ediləcək. Cəmiyyətdə müəllimə münasibət daha ciddi və hörmətli olacaq. Mənfi ssenari: əgər sistem səhv tətbiq olunarsa, müəllim imtahan nəticələrinin girovuna çevriləcək. Real öyrənmə yox olacaq, yalnız formal nəticələr önə çıxacaq. Riskli sosial mühitdə çalışan müəllimlər cəzalandırılmış kimi hiss edəcəklər. Belə olarsa, sistem nəinki müəllimi, bütövlükdə təhsili zəiflədə bilər. Müəllim maaşlarının nəticəyə bağlanması isə ən kritik məsələdir. Əgər nəticə yalnız imtahan balı kimi qəbul olunursa, bu, çox uğursuz model olacaq. Ədalətli qiymətləndirmə çoxkomponentli olmalıdır. Şagirdin inkişaf dinamikası -yəni başlanğıc və son nəticə arasındakı fərq əsas götürülməlidir. Hamıdan eyni nəticə yox, hər şagirddən irəliləyiş tələb olunmalıdır. Bundan başqa, müəllimin metodiki fəaliyyəti də nəzərə alınmalıdır: fərdiləşdirilmiş yanaşma, texnologiya və süni intellektdən istifadə, inklüziv və adaptiv dərs modelləri və s. Eyni zamanda keyfiyyət göstəriciləri, sinifdə iştirakı, motivasiya, valideyn və şagird rəyləri də qiymətləndirməyə daxil edilməlidir. Məktəbdaxili və xarici müşahidələr aparılmalı, sosial və regional amillər nəzərə alınmalıdır. Riskli mühitdə çalışan müəllimlər üçün fərqli qiymətləndirmə əmsalı tətbiq edilməlidir. Əgər bərabərsizlik nəzərə alınmadan nəticəyə əsaslanan maaş modeli qurularsa, bu, ədalətsiz olar. Ümumiyyətlə, nazirin də dediyi kimi, mən də düşünürəm ki, nəticə vacibdir. Amma nəticə təkcə bir rəqəm olmamalıdır. Bu, yalnız müəllimin məsuliyyəti kimi qəbul edilməməlidir. Süni intellekt və düzgün meyarlarla aparılan ədalətli qiymətləndirmə nəticəyə əsaslanan modeli müəllimi cəzalandıran deyil, gücləndirən və dəyərini artıran bir mexanizmə çevirməlidir. Əks halda sistem təkcə müəllimi deyil, təhsilin özünü də zəiflədə bilər”.
Mələk Hüseynova
