Nədənsə bu dünya solan yarpaqların öldüyünə inanır... Aydan Qasımova yazır
Yağış damlalarının yerə düşüşü sürətləndikcə bir qoxu yayılır ətrafa. Öncələr sadəcə bir qoxu olduğunu bilirdimsə, artıq adını da bilirəm, petrikor. Yağışı çox sevsəm belə, bir çox insanın əksinə bu qoxunu çox sevdiyimdən əmin deyiləm. Demək istədiyim, bu qoxu mənə təbiətin bir növ canlandığı hissini verdiyi üçün sevirəm.
Sonra yarpaqlara baxıram. Yağış damlaları hər birini fərqli şəkillərdə ziyarət edib. Kimisinin sadəcə yarpağına qonub, kimisini də qidalandırıb.
Ağaclara baxıram, cürbəcür ağaclara. Bəlkə də, bir-birindən fərqli ləzzət və təamlara. Hər birinin özünəməxsus xüsusiyyətləri var. Bu fərqliliyin önəm və gözəlliyi xəyalımda canlandıqca özümü hüzurlu hiss edirəm alim olmağı bacarmadığım üçün.
Keçmişə dönürəm. Bir otaq, bir insan, və önündə dərs masası. Heç bir şey etmədən bəyaz divarlara baxır, nədir axı bu divarların günahı ki, onlara bu dərəcə qəzəblə baxır. Bildiyim qədərilə, bəyaz divarların onu qəzəbləndirdiyini düşünür, ya da sadəcə buna inanmaq istəyir, sevdiklərindən uzaqlaşmamaq üçün.
İndi sizə bir sual vermək istəyirəm: O kiməsə qəzəblidir, yoxsa qəzəblənmək istəyir?
Əslində, heç biri. O, özünə bir məşğuliyyət axtarır. Çünki gözləntiləri yetərincə qarşılamayıb və çarə olaraq telefonu əlindən alınıb.
O yalnız qaldığına inanmaq istəməyən bir insandır. Çünki ən çətin anlarından birində sevdiklərinin ondan iyrəndiklərini hiss etməməyə çalışır.
Qapının ardınca belə baxmır, əvvəllər daim yoxladığı o qapı. Çünki bu dəfə "Utanmırsan özündən?" baxışları ilə qarşılaşacağını yaxşı bilir.
Bu gün o ağlayır, sızlayır, yalnız hiss edir. Doğrusu, hətta bəzən az belə olsa intihar haqqında düşünür, yox olmaq istəyir. Çünki ona bu öyrədilib. "Niyə var oldun axı sən? Nə idi mənim günahım?"
Adamın deyəsi gələn çox şey var. Anladıq daha yaxşısını edə bilərdi, amma bu edilənlər bir insan olaraq yetişməsi üçün daha zərərli deyilmi?
Nədənsə bu dünya solan yarpaqların öldüyünə inanır, başqa yarpaqları, ağacları, çiçəkləri qidalandıracağına yox.
Yəni demək istədiyim, bir uğursuzluqla ölünmür. Min uğursuzluqla ölünə də bilər, ölünməyə də.
İndi o ağacların önündəki stolda oturub bir şeylər haqqında yazır, pozur, yaradır. Çünki o artıq özünü tapıb, insanlar onu yox.
Aydan Qasımova
