NEFT BATAQLIĞINDA TİKİNTİ
Bir məkan düşünün, dörd bir yanı neft bataqlığı, bu bataqlığın ortasında isə yaşayış evləri. Əslində düşüncəsi belə dəhşətli görünür, amma reallıqdan danışırıq. Ən qəribəsi isə odur ki, haqqında danışdığımız ərazidə torpaq alış-verişi hələ də davam edir. Bəs, cavabdeh qurumlar hara baxır? Suala ARB Xəbərin müxbiri Gündüz Vaqifoğlu cavab tapmağa çalışıb.
Sabunçu rayonu, Maştağa qəsəbəsi, Çiləgər-Xanlar massivi. Yüzlərlə evin yerləşdiyi yaşayış məntəqəsinin dörd bir yanı neft bataqlığıdır. Ən qəribəsi isə odur ki, mövcud təhlükəyə baxmayaraq mazutla yararsız hala düşən bu torpaqlara maraq olduqca yüksəkdir. Başqa sözlə desək, satan da var, alan da. Əraziyə baxanda görmək olur ki, burada torpağın müxtəlif hissələri fərqli insanlara satılıb, müəyyən qədər iş də gedib, tikinti də aparılıb. Bunu mişar daşlarına baxanda da görmək olur. Yəni hər bir ölçü bir fərdi yaşayış evinin ərazisidir. Faktiki olaraq içərisində yaşayış olan bəzi evlərin qapıları isə olduqca təhlükəli nöqtəyə açılır. Böyük bir neft bataqlığı və bu bataqlığın həmin evlərin həyətlərinə axmaması üçün insanlar torpaqdan səd də çəkib, amma buna baxmayaraq, evlərin qarşısında müəyyən hissələrdə neftin sızdığı açıq-aydın görünür.
Bu çətinliyin gec də olsa, fərqinə varanlar az deyil, onların bir qismi artıq çıxış yolu tapıb, amma buna da çıxış yolu demək olarsa. Bataqlığın bir neçə metrliyində torpaq alan bəzi insanlar müəyyən qədər tikinti işləri aparıb və başa düşüb ki, burada ev inşa etmək mümkün deyil. Təbii ki, verdiyi pulu da geri ala bilməyəcəklərinə görə, yarımtikililəri satmaq qərarına gəliblər.
"Təhlükəli ərazidə sizə torpağı kim satır", - sualına sakinlər "bələdiyyə satıb, beş min manat vermişik. Sotunu beş yüzdən almışıq" deyirlər. Hətta etibarnamələrin olduğunu da iddia edirlər. Bələdiyyədən isə torpaq satmaq kimi bir səlahiyyətlərinin olmadığını bildirilir. Ən qəribə cavabı isə şifahi formada Sabunçu rayon icra hakimiyyəti verir. Qurumdan bildirildi ki, ərazi onlara aid olsa da, hazırda idarəçilik Abşeron rayon İcra Hakimiyyətindədir. Sonuncunun cavabı isə belə oldu: Çiləgər-Xanlar massivi həqiqətən Sabunçu Rayon İcra Hakimiyyətinin inzibati ərazisinə aiddir. Abşeron rayon İcra Hakimiyyəti isə həmin ünvanda heç bir vətəndaşa tikinti aparılmasına icazə vermir. Bir sözlə, alan bəllidir, satan isə naməlum olaraq qalır.
GÜNDÜZ VAQİFOĞLU
