“Neftçi” “Karvan-Yevlax”ı məğlub edərək avrokubok zonasına yüksəldi
Neftçi PFK Misli Premyer Liqasının XXX turunda səfərdə Karvan-Yevlax FK üzərində 3:0 hesablı qələbə qazanıb.
Bakı klubunun heyətində qolları Imad Faraj, Emin Mahmudov (penalti) və Freddy Vargas vurub.
Bu nəticə ilə “Neftçi” xallarını 50-yə çatdıraraq 4-cü pilləyə yüksəlib və avrokubok zonasına qayıdıb. “Karvan-Yevlax” isə 14 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.
Mövzu ilə bağlı idman şərhçisi Ağa Dadaşzadə “İnformator.az”a açıqlamasında bildirib ki, “Neftçi”nin qələbəsi müsbət nəticədir:
“Lakin nəzərə almaq lazımdır ki, rəqib o qədər də güclü deyildi və Bakı klubuna ciddi müqavimət göstərə bilmədi. Buna baxmayaraq, “Neftçi”nin avrokubok zonasına qayıtması sevindirici haldır. Növbəti mövsümdə Azərbaycan klublarını avrokuboklarda çətin mərhələlər və güclü rəqiblər gözləyir.
Əgər “Neftçi” mövcud heyətini qoruyub saxlayar və müəyyən gücləndirmələr edərsə, bir neçə mərhələ keçmək şansı var. Əsas mərhələyə yüksəlmək çətin olsa da, müəyyən uğurlar əldə etmək mümkündür. Turnir cədvəlində gərgin mübarizə davam edir və vəziyyət dəyişə bilər, lakin düşünürəm ki, “Neftçi” mövsümü ilk dördlükdə başa vuracaq. Ən pis halda isə 5-ci yerdə qərarlaşa bilər”.
Mələk Hüseynova