"Neftçi"nin potensial rəqibi "Braqa"
UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin püşkatmasının nəticələrinə əsasən, "Neftçi" II təsnifat mərhələsində Belarusun "Dinamo" (Minsk) komandasını mübarizədən kənarlaşdıracağı təqdirdə, Serbiyanın "Jelezniçar" və Portuqaliyanın "Braqa" komandaları arasındakı cütün qalibi ilə qarşılaşacaq. III təsnifat mərhələsinin oyunları 6 və 13 avqust tarixlərində keçiriləcək.
Mövzu ilə bağlı idman eksperti Kənan Məstəliyev “İnformator.az”a açıqlamasında bildirib ki, "Neftçi" zəif komanda deyil, uğurlu nəticəyə ümid etmək olar:
" ‘Neftçi’nin potensial rəqibinin "Braqa" olacağı hələ dəqiqləşməyib. Təbii ki, bu cütdən Portuqaliya təmsilçisinin növbəti mərhələyə yüksəlmək şansı daha yüksəkdir. "Braqa" böyük uğurları və tarixi olan klubdur. Buna görə də onların mərhələni adlayacağını düşünmək olar.
Əslində "Neftçi" "Braqa"dan əvvəl "Dinamo Minsk"lə oyuna köklənməlidir, çünki bu da asan rəqib deyil. Belarus futbolu hazırda Avropada o qədər də güclü sayılmasa da, "Dinamo" tarixi klubdur və onlarla oynamaq çətindir. Hətta demək olar ki, bu cütün favoriti "Neftçi" sayılmır.
Lakin "Dinamo" keçilməz rəqib də deyil. "Neftçi"nin ötən mövsümdə, xüsusilə qış fasiləsindən sonra nümayiş etdirdiyi futbol və qazandığı nəticələr komandanın Yuri Vernidubun rəhbərliyi altında uğurlu çıxışını davam etdirəcəyinə ümid yaradır. Bu mütəxəssis hücuma meylli, yüksək presinqli və baxımlı futbol oynadır. Yoxlama görüşlərindən də göründü ki, komanda hazırlıq mərhələsini yaxşı keçib və Avrokuboklarda uğur qazana bilər. Düşünürəm ki, "Dinamo Minsk"lə qarşılaşmalarda "Neftçi"nin üstün gələcəyini proqnozlaşdırmaq olar. Bu mərhələ keçildikdən sonra artıq "Braqa" haqqında düşünmək olar. "Braqa"ya gəlincə, onların güclü və böyük klub olması ilə yanaşı, nəzərəalınmalı bəzi məqamlar var. Birincisi, Yuri Vernidub "Şerif"də işləyərkən bu komandaya 2:0 hesabı ilə qalib gəlib, yəni "Braqa"nı məğlub etmək təcrübəsinə malikdir. Məşqçimiz bu baxımdan heç bir narahatlıq hiss etməyəcək. İkincisi, əgər "Braqa" Konfrans Liqasının ikinci təsnifat mərhələsindən mübarizəyə başlayırsa, deməli, hazırda gözlənilən dərəcədə güclü deyil. Əks halda, ən azı Avropa Liqasında və ya Çempionlar Liqasının təsnifat mərhələsində çıxış edərdi. Əlbəttə, rəqib zəifləsə də, tarixi, adı və heyətindəki güclü oyunçuları öz sözünü deyir. Lakin komanda təsnifat mərhələsində oynayırsa, onunla mübarizə aparmaq mümkündür. Təbii ki, favorit qarşı tərəf olacaq və üstünlük onların tərəfindədir. Amma bu futboldur və "Neftçi" də zəif komanda deyil. Uğurlu nəticəyə ümid etmək olar. Bütün hallarda, əvvəlcə hər iki komanda öz rəqibini məğlub etməlidir. Mərhələ keçildikdən və komandaların mövcud formasını izlədikdən sonra bu barədə daha birmənalı və dəqiq danışmaq mümkündür".
Samirə Allahverdizadə