“Neftçi” Premyer Liqada ardıcıl qələbə qazanıb
Neftçi PFK Misli Premyer Liqasının XXXI turunda doğma meydanda Şamaxı FKnı 3:0 hesabı ilə məğlub edib. “Palms Sports Arena”da keçirilən qarşılaşmada qolları Emin Mahmudov (1-ci dəqiqə), İmad Faraj (47-ci dəqiqə) və Breno Almeyda (83-cü dəqiqə) vurublar.
Bu qələbədən sonra “ağ-qaralar” xallarının sayını 53-ə çatdıraraq turnir cədvəlində 4-cü pillədə qərarlaşıb. Şamaxı FK isə 35 xalla 8-ci sıradadır.
Mövzu ilə bağlı idman eksperti Kənan Məstəliyev “İnformator.az”a açıqlamasında bildirib ki, “Neftçi”nin son turlarda hücum xəttində nümayiş etdirdiyi aktiv oyun təsadüfi deyil:
“Baş məşqçi Yuri Venidovun gəlişindən sonra komanda daha çox hücum futboluna üstünlük verir. O, hər zaman vurğulayır ki, ‘Neftçi’ pressinq edən, hücumameyilli futbol oynamalıdır. Bu yanaşma artıq meydanda özünü göstərir. Komandanın hücum futboluna üstünlük verməsi gözlənilməz deyil. Bu, ‘Neftçi’nin tarixi oyun üslubuna uyğundur və klub üçün təbii yanaşma hesab olunur.
Maraqlı məqam isə komandanın bunu nominal mərkəz hücumçusu olmadan etməsidir. Dörd müdafiəçi və altı yarımmüdafiəçi ilə çıxış edən kollektivdə hücum yükü əsasən yarımmüdafiə xəttinin üzərinə düşür”.
Kənan Məstəliyevin sözlərinə görə, qol məhsuldarlığının artmasında yarımmüdafiəçilərin fəallığı mühüm rol oynayır:
“Varqas, İmad Faraj və hətta Emin Səfərov kimi yarımmüdafiəçilər hücuma qoşularaq qol epizodlarını dəyərləndirirlər. Komanda say üstünlüyünü keyfiyyətə çevirməyə çalışır. Qarşıdakı turlarda da bu oyun üslubunun davam edəcəyi gözlənilir. Komanda növbəti matçlarda da eyni prinsipdən geri çəkilməyəcək.
Lakin kubok finalı da böyük əhəmiyyət daşıyır. Əgər Zirə FK finalda Sabah FKa qalib gələrsə, ‘Neftçi’nin avrokuboklara vəsiqə şansı minimuma enəcək. Əks halda isə komanda avrokubok mübarizəsini davam etdirə bilər. Hazırkı vəziyyətdə ‘Neftçi’nin şansları daha yüksək qiymətləndirilir. Klub avrokuboklara vəsiqə qazanarsa, gücləndirilmiş heyətlə gələn mövsüm daha uğurlu nəticələr əldə edə bilər”.
Mələk Hüseynova