Neftçi - Qarabağ
“Azərbaycan derbisindəki məşqçilərin, xüsusilə Adrian Mutunun fikirlərinə münasibət bildirsək, demək olar ki, "Neftçi" komandasının Rumıniyali baş məşqçisi rəqibin gücünü və məğlubedilməzliyini etiraf edib”.
Bu sözləri İnformator.az-a açıqlamasında futbol şərhçisi Ramiz Mirzəzadə deyib. Şərhçinin sözlərinə görə, "Qarabağ" komandasının Avropa liqasının qrup mərhələsində çıxışı ümumiyyətlə təkcə bu mövsüm yox, geridə qalan mövsümlərdə avrokubokların qrup mərhələsindəki mübarizəsini dilə gətirib.
“Hazırda "Neftçi"-nin belə bir rəqiblə mübarizə aparmaqda çətinlik çəkməsini etiraf edib. Bu fikirlərlə nəinki "Neftçi" Azərbaycan premyer liqasının digər komandalarını bir səbətə, Qarabağı isə ayrı bir səbətə qoyur. Eyni zamanda Qurban Qurbanovun "Qarabağ"dakı məşqçilik karyerasının əvvəlinə də tarixi səyahət edib və bildirib ki, Qurban Qurbanov "Qarabağ"-a məşqçi təyin olunarkən ona vaxt verilib və böyük bir layihənin gerçəkləşməsi üçün imkanlar yaradılıb. "Neftçi"də də bu cür layihə var və məhz onu bura gətirən amil budur. Bir sözlə, Adrian Mutu "Neftçi" azarkeşlərindən və rəhbərliyindən sanki vaxt istəyib, zamanla "Qarabağ"la mübarizə aparacaq, "Qarabağ"la başa-baş çempionluq yarışında olacaq bir kollektiv yaratmağı düşündüyünü ifadə edib. Amma təbii ki, bu məsələnin reallaşıb reallaşmayacağı, Adrian Mutunun "Neftçi"dəki bundan sonrakı taleyi, hansı dövrə qədər baş məşqçi olacağı sual altındadır. Bunu qarşıdakı nəticələr, xüsusilə bu mövsümün yekununda "Neftçi"-nin tablodakı mövqeyi müəyyənləşdirəcək. Odur ki, hələ mövsümün əvvəlidir, qarşıda xeyli vaxt var. "Neftçi"-nin çempionluq mübarizəsində "Qarabağ"-ın rəqibi olması çətin görünsə də,mövsümün yekununa əsasən, avrokuboklara vəsiqə qazanmaq, komandanın oyununu düzəltmək, futbolçuların bir- birinə uyğunlaşması prosesi Adrian Mutunun qarşısında duran əsas vəzifələrdir”.
Həcər Əmiraslanlı
