“Neftçi” Yuri Vernidubu baş məşqçi təyin edib
“Neftçi” PFK baş məşqçi postuna ukraynalı Yuri Vernidubu gətirib və onunla 1,5 illik müqavilə imzalayıb. Təcrübəli mütəxəssis daha əvvəl “Zarya”, “Krivbass”, “Şerif” və “Şaxtyor” (Soliqorsk) kimi komandaları çalışdırıb, Moldova çempionluğu və Ukrayna çempionatında bürünc medallar qazanıb. Vernidub həmçinin “Şerif”i Çempionlar Liqasının, “Zarya”nı isə Avropa Liqasının qrup mərhələsinə yüksəldib. Onun məşqçilər korpusunda Valeri Mixaylenko, Dmitro Kara-Mustafa, Vitali Vernidub və İqor Fokin yer alacaq.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında idman jurnalisti Ceyhun Rzayev bildirib ki, Neftçi son illərdə bir neçə dəfə baş məşqçi dəyişikliyi etsə də, komanda nə Avropa kuboklarında, nə də ölkə səviyyəsində ciddi uğur qazana bilib:
“Klubun məşqçilərlə yalnız qısamüddətli müqavilələr imzalaması da bu güvənsizliyi göstərir. Çünki son təyinatların əksəriyyəti uğursuz olub və klub uzunmüddətli müqavilə bağladıqda, nəticə əldə olunmasa, həmin müqavilənin ləğvi üçün yüksək təzminat ödəməli olur. Bu risk səbəbindən “Neftçi” rəhbərliyi tələsmir və ehtiyatlı davranır.
Vernidub əvvəlki klublarında 4-2-3-1 sistemində oynayıb. “Neftçi”nin hazırkı futbolçu seçimi də bu sistemə uyğun gəlir. Bu baxımdan Vernidub üçün rahatlıq yaradan amil odur ki, komandada ondan əvvəl də Samir Abasov məhz 4-2-3-1 sistemindən istifadə edib.
Əlbəttə ki, Vernidubun Avropa təcrübəsi var, amma Vernidubun Avropa təcrübəsini istifadə etmək üçün “Neftçi” ilk öncə Avropaya vəsiqə qazanmalıdır, yəni heç olmasa Konfrans Liqasına. Əsas Vernidubun bu dəqiqə qarşıda duran məqsədi odur ki, “Neftçi”ni avrokuboklara apara bilsin.
Nazim Xeyrxəbərli
