Neftin bahalaşması: Azərbaycan əlavə gəlirlər əldə edə bilər
Neft qiymətlərinin yüksəlməsi Azərbaycanın iqtisadiyyatına ümumilikdə müsbət təsir göstərir. Ölkənin xalis neft ixracatçısı olması səbəbindən dünya bazarında neftin bahalaşması dövlət gəlirlərinin artmasına imkan yaradır.
Xüsusilə neftin orta illik qiymətinin hər 10 dollar yüksəlməsi Azərbaycanın gəlirlərinə əhəmiyyətli təsir göstərir. Bununla yanaşı, neft qiymətlərindəki artımın müəyyən mənfi təsirləri də ola bilər.
Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli “İnformator.az”a açıqlamasında bildirib ki, neftin orta illik qiymətinin hər 10 dollar yüksək olması Azərbaycana ümumilikdə 1 milyard manat fayda verir:
“Bunun 1,8 milyard manatı Neft Fondunun gəlirlərinin artması, 300 milyon manatı isə dövlət büdcəsinin vergi gəlirlərinin artması hesabına formalaşır. Burada əsas diqqət yetirilməli məqam illik orta qiymətin 10 dollar artmasıdır. Söhbət günlük, saatlıq və ya həftəlik qiymət dəyişikliklərindən getmir. Maliyyə Nazirliyinin hesablamalarına görə, neftin illik orta qiymətinin 10 dollar yüksək olması dövlət və xalq üçün əlavə gəlir yaradır”.
İqtisadçı qeyd edib ki, neft qiymətlərindəki artımın bir hissəsi dövlət büdcəsinin gəlirlərində birbaşa özünü göstərir:
“Bu artımın bir hissəsi büdcə gəlirlərində özünü dərhal göstərir. Təxminən 300 milyon manat birbaşa neft sektorundan toplanan vergilərin artması hesabına dövlət büdcəsinin gəlirlərini artırır. Neft gəlirlərinin toplandığı Dövlət Neft Fondu isə bundan daha çox faydalanır. Təxminən 1,8 milyard manat əlavə gəlirin yaranması növbəti illərdə büdcəyə transferlərin artırılmasına imkan verə bilər”.
Xalid Kərimli neft qiymətlərinin yüksəlməsinin yalnız müsbət deyil, müəyyən mənfi tərəflərinin də olduğunu vurğulayıb:
“Lakin neft qiymətlərinin artmasının yalnız pozitiv deyil, müəyyən neqativ tərəfləri də mövcuddur. Belə ki, neftin bahalaşması idxal olunan məhsulların həm alış qiymətinin, həm də logistika xərclərinin artmasına gətirib çıxara bilər. Bu da müəyyən zaman keçdikdən sonra ölkəyə idxal inflyasiyası formasında daxil olur”.
İqtisadçı əlavə edib ki, bu proses nəticə etibarilə inflyasiyanın artmasına və əhalinin sosial rifahına mənfi təsir göstərə bilər:
“Yəni neft qiymətlərinin yüksəlməsi ölkə iqtisadiyyatına ikitərəfli təsir göstərir. Azərbaycan xalis neft ixracatçısı olduğu üçün isə ümumilikdə neft qiymətlərinin yüksəlməsi dövlət gəlirlərinin daha çox artmasına şərait yaradır”.
Süsən Mərdalıqızı