00:00:00
Yazar
Ayan Sədi
28.05.2026 22:08 16 3 dəq oxuma
Dünya

Netanyahu: İsrail Livandakı əməliyyatları genişləndirir

 

Netanyahu: İsrail Livandakı əməliyyatları genişləndirir

 

İsrailin Baş naziri Benjamin Netanyahu Livanın cənubunda hərbi əməliyyatların genişləndirildiyini açıqlayıb. O, təhlükəsizlik məsələləri üzrə kabinetin iclasında bildirib ki, İsrail ordusu bölgədə strateji əraziləri nəzarətə götürür.

 

Netanyahunun sözlərinə görə, əməliyyatların əsas məqsədi İsrailin şimalında yerləşən yaşayış məntəqələrinin təhlükəsizliyini təmin etmək və sərhəd bölgəsində təhlükəsizlik zonasını gücləndirməkdir.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Aydın Quliyev bildirib ki, İsrailin bu addımı Yaxın Şərqdə onsuz da kövrək olan təhlükəsizlik mühitini daha da gərginləşdirir:

 

“Çox təəssüf doğuran məqam ondan ibarətdir ki, İsrail ABŞ–İran münasibətlərində müəyyən yumşalma və atəşkəs mesajlarının səsləndiyi bir dövrdə Livanda əməliyyatları genişləndirir. Bu addım bölgədə gərginliyin azalmasına deyil, əksinə daha genişmiqyaslı qarşıdurma riskinin artmasına xidmət edir. Atəşkəsdən danışılan bir vaxtda hərbi əməliyyatların genişləndirilməsi göstərir ki, İsrail uzunmüddətli və dayanıqlı sülhün formalaşmasında maraqlı görünmür”.

 

Ekspert qeyd edib ki, İsrailin təhlükəsizlik arqumentləri bölgədəki real vəziyyəti tam izah etmir:

 

“Rəsmi Tel-Əviv bu əməliyyatları sərhəd təhlükəsizliyi ilə əsaslandırmağa çalışır. Amma hadisələrin gedişi göstərir ki, burada yalnız təhlükəsizlik məsələsi yoxdur. İsrailin Livanın cənubunda strateji ərazilərə nəzarəti genişləndirmək niyyəti də açıq şəkildə görünür. Xüsusilə bölgədəki su resursları və mühüm kommunikasiya xətləri nəzərə alınanda, bunun daha geniş geosiyasi məqsədlərlə əlaqəli olduğu ehtimalı artır”.

 

Siyasi şərhçinin sözlərinə görə, İsrail mövcud beynəlxalq vəziyyətdən maksimum istifadə etməyə çalışır. Hazırda beynəlxalq diqqətin böyük hissəsi İran–ABŞ münasibətlərinə və digər regional münaqişələrə yönəlib. İsrail də bu şəraitdən istifadə edərək Livandakı mövqelərini gücləndirməyə çalışır. Tarixi proseslərə baxanda da görünür ki, İsrail təhlükəsizlik adı altında nəzarət etdiyi əraziləri genişləndirmək siyasətindən geri çəkilməyib. Bu isə bölgədə yeni qarşıdurmalar üçün zəmin yaradır

 

Aydın Quliyev vurğulayıb ki, yaranmış vəziyyət Yaxın Şərqdə sülh perspektivlərini daha da zəiflədir:

 

“Bu gün artıq bölgədə sülh perspektivlərindən daha çox yeni müharibə risklərindən danışılır. İsrailin Livandakı əməliyyatları yalnız iki ölkə arasındakı münasibətlərə təsir etmir, bütövlükdə regionun təhlükəsizlik balansını dəyişir. Belə addımlar Yaxın Şərqdə daha qanlı və uzunmüddətli qarşıdurmaların yaranması ehtimalını artırır”.

 

Ekspert BMT-nin proseslərə təsir imkanlarının zəif olduğunu da qeyd edib:

 

"Uzun illərdir qəbul olunan beynəlxalq qərarlara baxmayaraq, bölgədəki münaqişələrin həlli istiqamətində ciddi nəticələr əldə olunmayıb. Bu səbəbdən hazırkı şəraitdə BMT-dən və beynəlxalq təşkilatlardan ciddi təsir gözləmək çətindir. Mövcud geosiyasi reallıq göstərir ki, bölgədə təhlükəsizlik məsələlərinin həlli üçün daha təsirli beynəlxalq mexanizmlərə ehtiyac var". 

 

Yekun olaraq qeyd edək ki, İsrailin Livandakı əməliyyatları genişləndirməsi Yaxın Şərqdə onsuz da gərgin olan vəziyyəti daha da mürəkkəbləşdirir. Ekspertlərin fikrincə, bu proses regionda yeni hərbi və siyasi qarşıdurmaların yaranması riskini artırmaqla yanaşı, yaxın perspektivdə sülh təşəbbüslərinin nəticə verməsini də çətinləşdirə bilər.

 

Aişə Mustafayeva

#əməliyyatları #baki #gündəm #netanyahu:
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər