Netanyahu Putindən Tehrana: İsrailin hücum niyyəti yoxdur-mesajını ötürməyi xahiş edib
İsrailin Baş naziri Benyamin Netanyahu Rusiya Prezidenti Vladimir Putindən Tehrana İsrailin İrana hücum etməyi planlaşdırmadığı barədə mesaj çatdırmağı xahiş edib. Məqsəd İranın mümkün qabaqlayıcı zərbəsinin qarşısını almaqdır. Eyni zamanda Netanyahu Knessetdə bildirib ki, İsrailə hücum olacağı təqdirdə bunun İran üçün “ağır nəticələri” olacaq.
Mövzu ilə bağlı politoloq Ülviyyə Zülfüqar “İnformator.az”a açıqlamasında bildirib ki, İsrailin Baş nazirinin Rusiya Prezidenti vasitəsilə Tehrana ünvanladığı mesaj İsrail-Rusiya münasibətlərinin Ukrayna müharibəsi fonunda hələ də tam qopmadığını göstərir:
“Son illər Moskva ilə Təl-Əviv arasında əlaqələr daha ehtiyatlı və ölçülüb-biçilmiş xarakter daşıyır. Buna baxmayaraq, tərəflər regionda risklərin idarə olunması baxımından birbaşa dialoq kanallarını açıq saxlamağa çalışırlar. Ukrayna müharibəsi fonunda İsrail-Rusiya əlaqələrinin dərin və strateji xarakter alması real görünmür, lakin bu münasibətlərin tam donması da gözlənilmir. İsrail üçün Qərblə strateji tərəfdaşlıq əsas prioritet olaraq qalır və Moskva ilə əlaqələr daha çox taktiki çərçivədə saxlanılır. Rusiya isə İsraillə münasibətləri Yaxın Şərqdə mövcudluğunu qoruyan və regional balansı tənzimləyən vasitə kimi dəyərləndirir. Nəticədə tərəflər arasında münasibətlər ittifaqdan çox, məhdud və praqmatik əməkdaşlıq formatında inkişaf edir. Putinin İsrail-İran gərginliyindən Qərblə danışıqlarda əlavə üstünlük kimi istifadə etməsi ehtimalı kifayət qədər yüksəkdir. Rusiya bu prosesdə Qərbə açıq mesaj verir: Rusiyasız Yaxın Şərqdə sabitlik mümkün deyil. Bu yanaşma həm Ukrayna müharibəsi ilə bağlı beynəlxalq təzyiqlərin yumşaldılması, həm də Rusiyanın qlobal aktor statusunun qorunması baxımından əhəmiyyət kəsb edir. İsrail-İran xəttində eskalasiyanın qarşısının alınması Kreml üçün əlavə diplomatik rıfaq yaradır. Netanyahunun Putindən Tehrana İsrailin hücum niyyətinin olmadığını çatdırmağı xahiş etməsi daha çox preventiv diplomatiya addımı kimi qiymətləndirilə bilər. Bununla paralel olaraq Knessetdə səsləndirilən sərt xəbərdarlıqlar isə İsrailin çəkindirici mövqedən geri çəkilmədiyini göstərir. Rusiya vasitəçiliyi mövcud problemləri həll etmək gücündə deyil. Bu baxımdan hazırkı mesaj daha çox vaxt qazanmağa və riskləri idarə etməyə yönəlib, uzunmüddətli sabitlik isə regionda daha geniş və əhatəli siyasi razılaşmalar tələb edir”.
Mələk Hüseynova
