Nikahdankənar münasibət, arzuolunmaz hamiləlik, valideynlərin psixoloji vəziyyəti...
Yeni doğulan körpələrini atan valideynlərin sayı günbəgün artır. Kimisi canından bir parçanı zibil üçün nəzərdə tutulan qutulara, kimisi də küçələrə atır. Valideyn qayğısından məhrum olması azmış kimi bu körpələrin yaşamaq şansı da əlindən alınaraq ölümə tərk edilir.
Nikahdankənar münasibət, arzuolunmaz hamiləlik, valideynlərin psixoloji vəziyyəti...Bütün bunlar uşaqlardan imtina hallarını getdikcə artırır. Səbəblər hər nə qədər müxtəlif olsa da, nəticələr eynidir.
AQUPDK-nın Uşaq problemləri şöbəsinin müdir müavini Günel Nağdəliyev deyir ki, burada bir neçə hal mövcud ola bilər: “Psixoloji gərginlikdən, ailədaxili münaqişələrdən, məişət zorakılığından irəli gələ bilər. Nikahdankənar hamiləliklər bəzən müəyyən zorakılığa məruz qalma nəticəsində baş verir. Bu kimi halların araşdırılması nəticəsində biz səbəblərin müxtəlif olduğunu aşkarlayırıq”.
Vamiq Şükürov belə hallarda ekspertlərin rəylərinin əsas olduğunu deyir. Çünki bu addımı hansı psixoloji vəziyyətdə atmasından asılı olaraq qanunla verilən cəza da dəyişə bilir.
Vəkil Vamiq Şükürov hesab edir ki, İnzibati xətalar məcəlləsinin 189-cu maddəsinə görə valideynlər uşağı baxımsız qoyarlarsa bu zaman onlar barəsində 60 manatdan 100 manata qədər miqdarda cərimə tətbiq olunur: “Valideyn uşağı hansısa bir yerə qoyur və tərk eləyir. Əgər bunun nəticəsində uşağın həyatı təhlükə altına düşərsə və uşağa müəyyən bir zərər dəyərsə, bu, bu təbii ki, təhlükədə qoyma cinayəti sayılır. Və cinayət məcəlləsinin 143-cü maddəsinə əsasən, deməli, həmin şəxslərə, yəni valideynlərə qarşı cinayət işi başlanıla bilər. Və onlar barəsində 6 aya qədər müddətdə azadlıqdan məhrum etmə cəzası verilə bilər”.
Günel Nağdəliyeva əlavə edir ki, müəyyən uşaq, dövlət uşaq müəssisələri fəaliyyət göstərir: “Artıq övladına baxmaq imkanına sahib olmayan valideynlər onları dövlətin himayəsinə verirlər. Və bu kimi halların təbii ki, təkrarlanmaması məqsədilə qurumlar tərəfindən bu kimi vəziyyətdə olan qadınlarla profilaktik işlər aparılmalı, psixoloji vəziyyət yoxlanılmalı, valideynlik hüquqları və vəzifələri ilə bağlı məlumatlandırılmalı, onlara bu istiqamətdə pozuntular törətdiyi halda məsuliyyət izah edilməlidir”.
Rusiyada övladından imtina edən şəxslər üçün doğum evi və dövlət binalarının yanında “Baby-Box” (beybi boks) adlı özəl qutular yerləşdirilir. Körpə qutularının ən çox istifadə olunduğu ölkə Almaniyadır. Çexiyada isə Sosial İşlər Nazirliyi 2006-cı ildə körpə qutularını qanuniləşdirib.
Rəqsanə
