00:00:00
Yazar
Admin User
20.10.2025 12:45 802 3 dəq oxuma
Maraqlı

Nitq mədəniyyəti sözün dəyərini anlamaq sənətidir

Nitq mədəniyyəti sözün dəyərini anlamaq sənətidir

Nitq insanın ən böyük ünsiyyət vasitəsidir. Lakin bu gün çox danışmaqla düzgün danışmaq eyni məna daşımır. Cəmiyyətdə kobud ifadələr, mənasız mübahisələr, qarşılıqlı anlaşılmazlıqlar artdıqca, “nitq mədəniyyəti” anlayışı get-gedə arxa plana keçir. Halbuki düzgün nitq təkcə gözəl danışmaq deyil - düşünmək, dinləmək və qarşı tərəfə hörmət göstərmək bacarığıdır.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında Bakı Dövlət Universitetinin yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Xatirə Hüseynova bildirib ki, nitq mədəniyyəti hər bir insanın həyatında vacib yer tutur:

 

“İnsan öz fikirlərini, duyğularını və düşüncələrini nitq vasitəsilə ifadə edir. Cəmiyyətdə kommunikasiya olmadan yaşamaq mümkün deyil və bu ünsiyyətin əsasında məhz nitq dayanır. Nitq mədəniyyəti dedikdə, insanın öz fikrini aydın, səlis, ədəbi qaydalara uyğun və qarşı tərəfə hörmətlə çatdırmaq bacarığı nəzərdə tutulur. Bu anlayış təkcə düzgün danışmaq deyil, həm də etik davranış, emosional özünüidarə, dinləmə mədəniyyəti və ünsiyyətdə qarşılıqlı hörməti əhatə edir. Düşünürəm ki, nitq mədəniyyəti insanın daxili aləmini, savadını və ümumi mədəni səviyyəsini əks etdirən əsas göstəricilərdən biridir. Çünki insan özünü düzgün ifadə etməyi bacaranda həm şəxsi münasibətlərdə, həm də peşəkar mühitdə daha uğurlu olur. Ona görə hesab edirəm ki, hər bir insan nitq mədəniyyətini formalaşdırmağa və daim inkişaf etdirməyə çalışmalıdır-çünki bu, həm özünə, həm də ətrafına hörmətinin əlamətidir”.

 

Müsahibimiz həmçinin bildirib ki, müasir cəmiyyətdə nitq mədəniyyətinin zəifləməsinin əsas səbəbləri bir neçə amillə bağlıdır:

 

“Əvvəla, təhsil prosesində şagirdlərin nitqi üzərində sistemli şəkildə işlənməsinə kifayət qədər diqqət ayrılmır. Halbuki nitq elə bir bacarıqdır ki, onun inkişafı uşaq bağçasından və ibtidai siniflərdən başlanmalıdır. Şagirdlərə təkcə elmi biliklər deyil, həm də həmin bilikləri səlis və düzgün şəkildə ifadə etmə bacarığı aşılanmalıdır. Burada müəllimlərin nitqi də böyük rol oynayır-təəssüf ki, bəzən müəllimlərin özlərinin nitqinin ədəbi dildən uzaq olduğunu görürük. Müəllim özü gözəl, səlis və aydın ədəbi dildə danışmalıdır ki, şagird üçün nümunə olsun.

 

İkinci mühüm amil ailədir. Uşağın danışıq tərzi, söz ehtiyatı və ünsiyyət bacarığı ilk növbədə ailədə formalaşır. Valideynlər uşaqları ilə ünsiyyət qurarkən elə danışmalıdırlar ki, onlarda düzgün nitq vərdişləri formalaşsın. Uşaqlara fikirlərini sərbəst şəkildə ifadə etməyə imkan vermək lazımdır. Bundan başqa, mütaliə vərdişlərinin zəifləməsi də nitq mədəniyyətinə ciddi təsir göstərir. Gənclər az ədəbiyyat oxuyanda onların söz ehtiyatı məhdudlaşır, dünya görüşləri kasadlaşır, nəticədə fikirlərini ifadə etməkdə çətinlik çəkirlər.

 

Və nəhayət, sosial medianın həddindən artıq istifadəsi nəticəsində insanlar arasında real ünsiyyət azalır, virtual ünsiyyət isə ön plana keçir. Bu da təbii danışıq mədəniyyətinin zəifləməsinə, sözlərin qısaldılmasına və səlis nitqin arxa plana keçməsinə səbəb olur. Yəni, ümumilikdə desək, nitq mədəniyyətinin zəifləməsinin qarşısını almaq üçün həm məktəb, həm ailə, həm də cəmiyyət birgə şəkildə bu prosesə diqqət yetirməli, mütaliəni və canlı ünsiyyəti təşviq etməlidir”.

 

Banuçiçək Məmmədova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər