Nitq tərzimiz şəxsiyyətimizi necə müəyyənləşdirir?
İnsan özünü dünyaya ilk növbədə nitqi ilə təqdim edir. Danışıq tərzi - istifadə etdiyimiz sözlər, intonasiya, pauzalar, hətta dialekt fərqləri - bizim kim olduğumuz haqqında düşündüyümüzdən daha çox məlumat verir. Psixologiya, dilçilik və sosial kommunikasiya araşdırmaları göstərir ki, nitq tərzi insanın xarakterini, emosional vəziyyətini, mədəni səviyyəsini və hətta özünəinam dərəcəsini formalaşdıran əsas vasitələrdən biridir.
Bu mövzu haqqında Filologiya üzrə fəlsəfə doktoru, dosent AMEA Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi Təranə Şükürlü “İnformator.az”a bildirib ki,nitq mədəniyyəti nitqin kommunikativ keyfiyyətlərinin məcmusu və sistem haqqında nəzəriyyədir:
“Nitq mədəniyyəti natiqliyə, gözəl danışığa mədəni nitqin yüksək mərhələsi kimi baxır. Nitq mədəniyyətinin mövzusu ədəbi dilin normalar sistemidir. Norma ədəbi dilin bütün səviyyəsini əhatə edir. Ədəbi dilin fəaliyyəti normalara əsaslanır, normalarsız ədəbi dil yoxdur.Dialekt və şivələr şəxsiyyətin coğrafi mənsubiyyətini əks etdirir. Dialektlər ədəbi dili zənginləşdirən mənbələrdən biridir. Hər hansı bir alınma sözə qarşılıq tapmaq üçün dialektlərdən söz tapmaq da məqsədəuyğundur. Dialekt və şivələrdən məişət üslubunda danışıq zamanı istifadə etmək məqbuldur. Amma ədəbi dillə məşğul olan ziyalıların nitqi nümənəvi nitqdir. Sosial mühitlərdə danışıq tərzi daha tez diqqəti cəlb edir. Rəqəmsal mühitdə danışan şəxs öz nitq portretini yaradır. Bu zaman onun danışığında və yazısında həm üslub, həm də etik norma daha tez diqqəti cəlb edir. İnsanlar danışıq tərzilə öz səviyyələrini təqdim etmiş olurlar. Dəyişmə isə fərdi xarakter daşıyır. İşgüzar ünsiyyətdə nitq mədəniyyəti gözəl danışmaqla auditoriyaya təsir göstərmək, həmsöhbəti inandıra bilmək bacarığıdır. Nitq təkcə bir fərdin danışıq səviyyəsinin deyil, həm də mədəniyyətinin göstəricisidir”.

Psixoloq Nizami Orucov isə belə qeyd edib ki,nitq tərzi insanın xarakterini ən yaxşı göstərən amillərdən biridir:
“Bir insanın danışarkən qurduğu cümlələrdə nə qədər pauza verdiyi, ümumiyyətlə nitq ritmi onun daxili dünyasının əksidir. Məsələn, çox sürətli danışan insanlar bəzən həyəcanlı, impulsiv və ya tələskən xarakterə malik olurlar. Əksinə, sakit və ölçülü danışanlar daha çox təmkinli, analiz edən, emosiyalarını idarə edən şəxslərdir. Həmçinin aqressiv intonasiya və ya sərt ifadələr insanın müdafiə mövqeyində olduğunu göstərə bilər. Nitq tərzi, bir növ davranışdır və davranış kimi xarakterin izlərini özündə daşıyır. Sözlər emosional vəziyyətimiz haqqında bizə məlumat verə bilər. Əgər bir insan tez-tez “bilmirəm”, “bacarmaram” kimi ifadələrdən istifadə edirsə, bu, özünəinamsızlıq və ya stress fonunun olduğunu göstərir. Əksinə, “edə bilərəm”, “hazıram”, “cəhd edim” kimi sözlər daha çox aktiv və motivasiyalı emosional vəziyyətin göstəricisidir. Psixologiyada “dil və emosiya əlaqəsi” deyilən bir prinsip var: insan hansı sözlərlə danışırsa, beynində də həmin emosional çalarlar aktivləşir. Buna görə də söz seçimi həm mövcud emosiyanı göstərir, həm də onu formalaşdırır. Yeniyetmələrdə nitq tərzinin formalaşmasına ən çox təsir edən üç əsas mənbə var: ailə, sosial mühit və rəqəmsal məzmun. Evdə valideynlərin danışıq tərzi yeniyetmənin dil modelini birbaşa müəyyənləşdirir. Məktəb və dost çevrəsi isə ikinci güclü təsir faktorudur, çünki bu yaşda sosial qəbul olunmaq və qrupa aid olmaq çox önəmlidir. Üçüncü faktor isə sosial şəbəkələrdir: TikTok, Instagram və digər platformalarda rast gəlinən ifadələr, jarqonlar, intonasiyalar yeniyetmələrin nitqinə kütləvi şəkildə təsir edir. Bu, həm dilin zənginləşməsi, həm də bəzən məzmunun səthiləşməsi ilə nəticələnə bilər. Ona görə nitq tərzi formalaşarkən keyfiyyətli model və düzgün rol modelləri çox önəmlidir”.
Cavahir Əsgərbəyli
