NƏRİMAN NƏRİMANOV SEVGİSİ
Məhz onun sayəsində xeyli sayda Azərbaycan ziyalısı faciələrdən qurtula bilib.
Hörmətli oxucu! Mənim bu məqaləni yazmaqda məqsədim heç də Nəriman Nərimanovun “Şura hökuməti”nin qurulmasında olan fəaliyyətini danmaq deyil. Bu bir faktdır ki, Nəriman Nərimanov bir bolşevik kimi əvvəllər onlarla həmfikir olub. Lakin Nəriman Nərimanovun bolşeviklik fəaliyyətini Məşədi Əzizbəyov, Əliheydər Qarayev, Dadaş Bünyatzadə, Həmid Sultanov, Ayna Sultanova və Hökumə Sultanovanın fəaliyyəti ilə eyniləşdirmək qətiyyən düzgün deyil. Çünki adlarını sadaladığım bu bolşeviklər təpədən-dırnağa “böyük qardaş”larının ən sədaqətli qulu olaraq Azərbaycanda bolşevik hökumətinin bərqərar edilməsi üçün öz xalqına qarşı çox amansız olublar. Yüzlərlə vətənpərvər, millətsevər oğullarımızın məhv edilməsində birbaşa iştirak və yardım ediblər.
N.Nərimanov isə bu vətənpərvər oğulların heç olmasa bir neçəsinin özünü və ya ailəsini bu faciədən qurtara bilib. Məsələn, Azərbaycan mədəniyyətinin, maarifinin, mətbuatının inkişafında misilsiz xidmətləri olan Hacı Zeynalabdin Tağıyevin həbs və sürgün edilməməsinə nail olub, bolşeviklərin xaincəsinə qətlə yetirdikləri baş nazir Nəsib bəy Yusifbəylinin ölümündən sonra başsız qalan ailəsini gizli yolla Türkiyəyə keçirib. XI Qızıl Ordunun siyasi idarəsinin xüsusi şöbə rəisi Semyon Pankratov “Üzeyir Hacıbəyov Müsavat dövründə çoxlu məqalələr yazaraq Rusiyadakı bolşevik hökumətini ələ salıb. O yazır ki, Lenin hökuməti ilə keçmiş Nikolay hökuməti arasında heç bir fərq yoxdur. İkisi də bir bezin qırağıdır. Mən qəlbən rusun düşməniyəm. Türkçülüyə rəğbətim isə əbədidir. Yoldaş Nərimanov, o, hətta Azərbaycanın sadiq bolşeviki Əliheydər Qarayev yoldaşı da lağa qoyur” -dedikdə Nərimanov əlini yazı masasına çırparaq “Bəsdir, bu millətin oğullarını bir-birinədüşmən etdiniz”,-deyə Semyon Pankratovu otağından qovaraq Üzeyir bəyi də bu fəlakətdən xilas edir. Bu məzmunda faktların sayını artırmaq da olar. Çünki onları təsdiq edəcək arxivlərdə və o zaman çap olunan dövrü mətbuatda yüzlərlə belə faktlar var.
XI Qızıl Ordunun Azərbaycanı hər gün qarət edib Moskvaya daşıması və günahsız insanları güllələməsi Nərimanovu çox qəzəbləndirir. Odur ki, təcili olaraq İnqilab Komitəsinin Rəyasət Heyətinin iclasını çağırır və iclasa XI Qızıl Ordunun siyasi idarəsinin xüsusi şöbə rəisi olan Semyon Pankratovu da dəvət edir. İclasda Nərimanov qəti şəkildə bildirir ki: “İnqilab Komitəsinin sanksiyası olmadan heç kim güllələnməsin”. İclasdan sonra isə Nərimanov çox əsəbi halda Semyon Pankratova deyir: “Semyon Andreyeviç, siz Bakıda oturub qiymətli oğulları həbs etməkdən və qarətlə məşğul olmaqdansa qəzalara gedin, camaatın dərd-sərinə əncam çəkin”.
N.Nərimanovun fövqəladə çağırdığı bu iclası və Semyon Pankratovu tənqid etməsi mərkəzi və yerli bolşevik “yoldaş”larının qəzəbinə səbəb olur. Xüsusən də Bakı Xalq Kommisarları Sovetinin sədri Stepan Şaumyanın, Bakı Komitəsinin katibi Sərkis Danilyanın və o zaman Azərbaycanda bolşeviklərin ən nüfuzlu nümayəndəsi olan Məşədi Əzizbəyovla, Əliheydər Qarayevin. Onlar Nərimanovun “əl-ayağa dolaşması” xəbərini mərkəzə çatdıraraq təcili tədbirlər görülməsini tələb edirlər. Məsələn, A.Mikoyan yazırdı ki: “Biz Nərimanovu İnqilab Komitəsinin sədri seçərik və onu elə mühasirəyə alarıq ki, o, çox da öz nüfuzundan istifadə edə bilməsin, o, bizim təsirimiz altında olsun”.
... 1914-cü ilin martında Abdulla Şaiq Nərimanova yazırdı:
“Nişan qoymusan, eşitdim , xeyirli olsun!
Dan yıldızı kimi bəxtin durulsun ...”
Amma təəssüflər bəxti durulmadı, Nərimanovun. Əksinə, bu fəaliyyətinin nəticəsi olaraq tezliklə müəmmalı ölümü ilə Mərkəzin ilk qurbanı oldu... Bir millət kimi inkişafımız üçün bizə “... milli dil, milliədəbiyyat, milli məktəb, milli mətbuat lazımdır”,-deyə bəyan edən bir “bolşeviki” təbii ki, mərkəz sevməzdi. Ona görə də 1922-ci ildə onu vətəndən uzaqlaşdırmaq məqsədilə Moskvaya apardılar.Vəzifəsini “böyüdən” silahdaşları ömrünü kiçiltdilər...
“Biz millətlərin gönüllü ittifaqını istəyirik, -elə bir ittifaqını ki, bir millətin başqası üzərində heç bir zorakılığına yol verməsin, tam etimad, qardaşlıq birliyini aydın dərk etmək könüllü razılıq əsasında qurulmuş olsun”. Vladimir İliç Leninin bu sözlərinə Nərimanov bütün səmimiyyətilə inanaraq yazırdı: “Bizim idealımız bütün millətçiliyi yer üzündən götürmək və insanları qardaş etməkdir. Qafqazda elə bir həyat quraq ki, millət və milliyyət söhbəti orada olmasın”.
Qəlbən çox saf və təmiz bir şəxsiyyət olan Nərimanov inanırdı bu “qardaşlığa”, bu “sevgiyə”. Lakin sonradan müşahidələri və hadisələrin axarı ona sübut etdi ki, yanılıb. “Mən heç bir vaxt diplomat olmamışam”,-söyləyən Nərimanov bolşevizmin başdan-ayağa hiyləgərlik diplomatiyası olduğuna artıq şübhə etmirdi. Odur ki, yanıldığını başa düşərək ömrünün sonunda: “Azərbaycan ziyalısı tarixin müdrik və sarsılmaz qanunlarına uyğun hərəkət etməlidir”,-söyləməklə onları tarixi hadisələrdən sanki ibrət götürməyə səsləyirdi.
1920-ci ilin 28 aprel işğalından, 1990-cı ilin 20 yanvar faciəsinə kimi baş verən hadisələr bir daha “böyük qardaş”larımızın bizə qarşı olan “səmimiyyətini, sevgisini” bütün çılpaqlığı ilə faş etdi. Və heç zaman bu millətlərin könüllü ittifaqında bizə doğmalıq olacağına inam qoymadı ...
“Vətənin qədrini o kimsə bilər ki, vətən onun ruhani rabitəsi olsun, vətən ilə bir yerdə ağlasın, bir yerdə gülsün... hər kim xüsusi özü üçün yox, ancaq vətən, məmləkət üçün işləyirsə, onun haqqı var seçsin və seçilsin”,-deyən Nərimanovun haqlı olduğunu zaman sübut etdi ki, uzun illərsonra Əliheydərlərdən, Məşədilərdən fərqli olaraq Nərimanov seçilir və sevilir.
Sovet dövrü tədqiqatlarından belə bəlli olur ki, Nərimanovun M.Ə.Rəsulzadə ilə çox pis münasibətləri olub. Halbuki, Nərimanov 1915-17-ci illər də ən çox M.Ə.Rəsulzadənin “Açıq söz” qəzetində çap olunub. 1915-ci ildə “Bir kəndin sərgüzəşti”, 1917-ci ildə isə “Pir” hekayələrini məhz ilk dəfə bu qəzetdə çap etdirib. 1907-ci ilin ortalarında yaranan “Nicat” Xeyriyyə Cəmiyyətinə 1907-ci ilin noyabrından M.Ə.Rəsulzadə rəhbərlik edib. Cəmiyyətin nəzdində fəaliyyət göstərən ədəbiyyat şöbəsinə isə Nərimanov rəhbərlik edib. O, “Tənqid gecələri” ədəbi dərnəyini də burada yaratmış və bu işlərdə cəmiyyətin rəhbərliyinin ona qayğı ilə yanaşmasını məmnunluqla xatirələrində qeyd edirdi.
Digər sovet tədqiqatlarında Nərimanovun H.Z.Tağıyevlə də münaqişəsi olduğu qeyd edilir. Sovet dövründə yazılan bu əsərlər təbii ki, o dövrün ideologiyasına xas olaraq qələmə alınıb.
Görkəmli yazıçılarımız Manaf Süleymanlının və Qılman İlkinin tədqiqatlarında bu hadisə doğru şərh edilib. 1906-cı ilin avqustun 15-də Bakıda Zaqafqaziya Müsəlman müəllimlərinin I qurultayı keçirilir. Həsən bəy Zərdabi və Nəriman Nərimanov qurultayın sədri seçilirlər. Qurultay nümayəndələrinin arzusu ilə bütün siyasi məsələlərə Nərimanovun sədrliyi ilə baxılmalı idi. Qurultayda həmçinin Azərbaycanda milli məktəblərin genişləndirilməsi, ana dilinin tam hüquqlu dil kimi təmin edilməsi, Qoridə olan MüəllimlərSeminariyasının “müsəlman şöbəsi”nin Azərbaycanın şəhərlərindən birinə köçürülməsi məsələləri çox ciddi qoyulur və qərar qəbul edilir. Qərar Həsən bəy Zərdabi tərəfindən hazırlanır. Burada “Qurultay xahiş edir” sözləri ilə razılaşmayan Nərimanov “Qurultay tələb edir” yazılmasını bildirir. Qurultayda iştirak edən H.Z.Tağıyev isə hökumətdən tələb yox, xahiş etmək olar fikrinin qalmasını tövsiyə edir. Bu zaman H.Z.Tağıyevlə Nərimanov arasında anlaşılmazlıq yaranır. Bundan istifadə edən “soydaşlarımızın” bəziləri məsələni daha da qəlizləşdirmək üçün gah Hacıya, gah da Nərimanova fətva verirlər...
Bildiyimiz kimi, Nərimanov Hacının maddi dəstəyi ilə Rusiyada ali təhsil alan ziyalılarımızdan biri idi. Amma nə yaxşı ki, Nərimanov sonralar bu xeyirxahlığa özünə xas olan xeyirxahlıqla cavab verir. Belə ki, 1920-ci ilin aprel işğalından sonra H.Z.Tağıyevin bütün sərvəti, malı-mülkü əlindən alınaraq XI Qızıl Ordunun müşaiyəti ilə Moskvaya və Ermənistana aparılır. (Bu haqda tədqiqatçı alim Qulam Məmmədli deyirdi ki, bu hadisəni gözləri ilə görən bir bolşevik əsgəri illər sonra bu haqda ona danışıb və arxivdə də Tağıyevin evindən müsadirə edilən çox qiymətli əşyaların Azərbaycandan çıxarılması ilə bağlı sənədlər var. Qəribədir. Bolşeviklər deyirdilər ki, guya varlıların var-dövləti əllərindən alınaraq kasıblara verilir. Bəs onda Hacının bu var-dövlətini nə üçün öz millətinin kasıblarına verməyib, Moskvaya aparırdılar?) Bu vaxt Nərimanov çox çətinliklə H.Z.Tağıyevin Mərdəkandakı bağ evinin bir hissəsində Hacının ailəsi ilə məskunlaşmasına şərait yaradır.
Onu da qeyd etmək yerinə düşərdi ki, H.Z.Tağıyev başqa milyonçulardan fərqli olaraq, vətəni tərk edib heç yerə qaçmayıb. “Burada mənim atamın qəbri vardır. Mənim qəbrim də burada olmalıdır”,-deyən Hacı nə qədər təkid eləsə də, qızı Sara və ömür-gün yoldaşı Sona xanım ömrünün sonuna kimi onu tək buraxmırlar.
1990-cı illərin əvvəlləri idi. Tədqiqatçı alim Qulam Məmmədli ilə bu barədə söhbət edərkən o dedi ki, bolşeviklər Nərimanovun nüfuzundan çəkinərək Hacının bağ evinə köçməsinə açıq-aydın mane ola bilməsələr də, gizlin olaraq onu incidirlərmiş. Bütün varidatı əlindən alınan və evdən kənara çıxmasına icazə verilməyən Hacı burada maddi çətinlik çəkirmiş. Bunu eşidən Nərimanov iki-üç gündən bir gecə, bütün şəhər yatandan sonra, saat 3-4 radələrində faytonla Hacının bağ evinə gələrək onlara gizli yolla ərzaq, geyim, pul gətirirmiş. Hətta Hacı 1924-cü ildə dünyasını dəyişərkən Nərimanov çox çətinliklə dövlətə ən yaxın olan iki mətbu orqanında (“Kommunist” və “Bakınski raboçi” qəzetlərində) nekrolok çap etdirməyə də nail olur.
...Tarixi mənbələrdən bəllidir ki, o zaman Odessada təhsil alan bir neçə gənc yay məzuniyyəti zamanı Krıma, “Tərcüman” qəzetinin redaktoru İsmayıl bəy Qaspiralının yanına yığışarlarmış. İsmayıl bəyin gənclərə isti münasibəti, qayğısı nəticəsində hətta onlar qəzetlə əməkdaşlıq edir və İsmayıl bəyin evində qalırlarmış. Belə yay məzuniyyətlərinin birində İsmayıl bəyin evində qonaq olan iki gənc (Nəriman Nərimanov və Nəsib bəy Yusifbəyli) onun qızı Şəfiqə xanıma eşq elan edirlər. Şəfiqə xanım qəlbinə Nəsib bəyi yaxın bilir və onunla ailə qurur.
İllər keçir. Azərbaycan Xalq Cümhuriyyəti XI Qızıl Ordunun əsgərləri tərəfindən işğal edilir və Nəsib bəy Yusifbəyli yerli bolşeviklər tərəfindən amansızcasına öldürülür. Şəfiqə xanım yerli hökumətin nümayəndələri tərəfindən övladları ilə birlikdə yaşadığı mənzildən çıxarılaraq küçəyə atılır. Bunu eşidən Nərimanov ailənin gələcək taleyindən narahat olduğu üçün o zaman Bakıda işləyən türk diplomatının köməyi ilə Şəfiqə xanıma və övladlarına saxta pasport düzəldərək onları türk hərbiçiləri ilə birlikdə əvvəl Batuma, sonra Trabzona, oradan isə İstanbula yola salır.
1990-cı illərin son ayları idi. Ədəbiyyatşünas alim Əzizə Cəfərzadədən elə bu mövzu ilə bağlı müsahibə götürürdüm. Söhbət zamanı Əzizə xanım Şəfiqə xanım Yusifbəylinin Türkiyədəki həyatından bəhs edərkən dedi ki: “Mən Türkiyədə Şəfiqə xanımın nəvəsi Zöhrə Göygöllə görüşdüm. Nənəsi haqqında çox maraqlı söhbətlər edirdi. Söhbət zamanı Zöhrə xanım dedi ki, nənəm Nərimanovu hər zaman xoş sözlərlə yad edərdi. Deyirdi ki, əgər bizi buraya göndərməsəydi Allah bilir taleyimiz necə olardı. Sözsüz ki, bolşeviklər məni həbs edib, övladlarımı da yetimxanalara verərdilər. Hətta biz Türkiyəyə gələndən bir neçə il sonra da Nərimanov bizə gizli olaraq bağlama göndərərdi. Birdən-birə bu bağlamaların arası kəsildi. Sonralar bildim ki, Nərimanov Moskvada müəmmalı bir şəkildə öldürülüb”.
Hörmətli oxucu! Elə bircə bu fakt kifayətdir ki, Nərimanovun əxlaqı nə dərəcədə təmiz və uca olub. Yadıma rəhmətlik atamın sözləri düşür. Atam dönə-dönə deyərdi ki; “Çalışın heç zaman əxlaqınıza xələl gətirməyin. İnsan əxlaqını, abır-həyasını itirdisə qutardı. Kim olur-olsun ...”.
N.Nərimanovun “Əqidə” adlı bir məqaləsi var (“Bəsirət” qəzeti, 5 iyul 1914). “Əqidə -inanılan şey, etiqad, imkan deməkdir. Yəni insan bir şeyə inanır, ona ibadət edir, onu hər şeydən müqəddəs bilib ruhunu, ağlını, tam vücudunu onun yolunda sərf etməyə çalışır”,-söyləyən müəllif bütün varlığı ilə bolşeviklərə inanmış və bu inamla da illərlə onun uğrunda mübarizə aparmışdı. Lakin sonradan bolşeviklərin məkirli siyasətini dərk edən Nərimanovun bu əqidəsi, inamı büsbütün məhv olur...
1917-ci ilin soyuq qış günlərinin birində Nərimanov Nargin adasına gedir. Bu gedişə S.Şaumyan başda olmaqla, bir neçə bolşevik ciddi müqavimət göstərsə də, Nərimanov adaya gedir və buradakı tükürpədici mənzərəni gözyaşları ilə belə təsvir edirdi: “Kaş mən bu cəzirəyə getməyəydim. Kaş bir dəri, bir sümük bədənləri, sifətsiz gözləri, ah-zar edən insanları görməyəydim. Kaş “əfəndim, su!”, “əfəndim, yemək!”, “əfəndim paltar” sözlərini eşitməyəydim. Kaş çılpaq, dodaqları soyuqdan titrəyən, üzləri bozarmış, atasız-anasız balalarla söyləşməyəydim. Kaş xəstəxanada başları kərpic üstə can verən igidlərə rast gəlməyəydim!”.
Adadan qayıdan Nərimanov əsirlərin ağır vəziyyəti haqqında şəhər dumasında geniş məruzə edir və əsirlərə kömək məqsədilə komissiya təşkil edilməsini tələb edir. Təşkil edilən komissiya Nərimanovun rəhbərliyi ilə bir sıra təkliflər hazırlayaraq Tiflisə-Qafqaz ordu komandanlığına göndərir. Nərimanovun bu hərəkəti də bolşevik yoldaşlarının qəzəbinə səbəb olur. Xüsusən də daşnakların. Çünki bucəhənnəm adasını rus qoşunları ilə daşnak hərbi quldur dəstələri yaratmış və onların türk xalqına qarşı növbəti soyqırımları idi. Tədqiqatçı alimlərin yazdığına görə, Nargin adasındakı ağır vəziyyət türklər Bakıya gələnəcən davam edib.
Görkəmli alim Fuad Qasımzadə yazırdı ki: “Hər bir şeydə, hər bir hadisədə keçmişin qalıqları, indinin əsasları, gələcəyin isə rüşeymləri olur. Tarix və çağdaşlıq qırılmaz tellərlə bağlıdır. Biri digərsiz ola bilməz. Odur ki, tariximizi, keçmişimizi bilməliyik”.
O keçmişi bilmək üçün mütləq dünənə nəzəryetirməli, xalq, millət yolunda kim nə etdiyiniöyrənməliyik.
"Kaspi" qəzeti, 10 fevral 2015
BDU-nun professoru Qərənfil Dünyaminqızı
